Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə13/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

3. Xaricdə ali təhsil sistemi
Xaricdə ali təhsil, əsasən, universitetlərdə həyata keçirilir: tələbələrin böyük 
qismi aparıcı ali təhsil müəssisəsi kimi universitetlərdə təhsil alır. Bundan əlavə 
konkret ixtisaslar üzrə ali təhsili institutlarda, bəzi ölkələrdə (məsələn, ABŞ-da, 
İngiltərədə) ali kolleclərdə də (təhsil müddəti 4-5 il olur) almaq mümkündür. 
Kolleclər universitetlər nəzdində və ya müstəqil fəaliyyət göstərir. Məsələn, 
Oksford Universitetinin nəzdində 30-dan çox kollec fəaliyyət göstərir. Ali təhsil 
almağın nisbətən geniş yayılmış forması qiyabi təhsildir. İngiltərədə tələbələrin 
50%-i bu formada təhsil alır. Bu hal təhsil haqqının yüksək olması ilə bağlıdır. 
Tələbələr təhsil haqqını ödəmək üçün işləmək məcburiyyətində qalırlar. Xarici 
ölkələrin böyük qismində dövlət ali məktəbləri ilə yanaşı, qeyri-dövlət 16 (özəl) 
təhsil müəssisələri də geniş yayılmışdır. Belə ali məktəblər ayrı-ayrı şəxslər, təhsil 
korporasiyaları, monopolist ittifaqlar və s. tərəfindən açılır. Məsələn, ABŞ-da ali 
məktəblərin yarıdan çoxu özəl məktəblər olub iri korporasiya və monopoliyaların 
fondu hesabına maliyyələşir. Yaponiyada bütün ali məktəblərin 72%-i bu cür 


fəaliyyət göstərir və ölkədəki tələbələrin 70%-dən çoxunu əhatə edir. Bəzi 
ölkələrdə isə ali təhsil müəssisələri, əsasən, dövlətə məxsusdur (İngiltərə). Bir çox 
ölkələrdə fərdi qaydada təhsil geniş yayılmışdır. Tələbələr özləri üçün fərdi tədris 
planı seçir və tyutor-müəllimin rəhbərliyi altında işləyirlər. Ali məktəbə qəbulu, bir 
qayda olaraq, ali təhsil müəssisələri özləri müsabiqə əsasında aparır. Qəbulda orta 
məktəbdə alınan ballar həlledici əhəmiyyət kəsb edir. Xaricdə ali məktəblər üçün 
ümumi cəhət tələbələrin mənimsəmələri üzərində sistemli nəzarət aparılmasından 
və təlim göstəricilərinin ciddi şəkildə hesaba alınmasından ibarətdir. Yoxlama, 
nəzarət həm universitetdaxili, həm də müvafiq qurumlar tərəfindən həyata keçirilir. 
Bəzi ölkələrdə (məsələn, Almaniyada) universitet məzunları iki il ixtisas üzrə 
işlədikdən sonra dövlət imtahanı verirlər. Bu dövrdə onlar praktik təcrübə qazanır, 
ali məktəb də həmin müddətdə onlara nəzəri və metodik köməklik göstərir. 
Universitetlərdə təhsilin keyfiyyətinə yuxarı qurumlar tərəfindən də nəzarət edilir. 
Bəzi ölkələrdə bu işi Təhsil Departamentləri, bəzilərində isə xüsusi qurumlar 
həyata keçirir. Məsələn, İngiltərədə ali məktəblərdə yoxlamanı Ali Təhsilin 
Keyfiyyəti Şurası təşkil edir. Ali Təhsilin Keyfiyyəti Şurası hər 5-6 ildən bir ali 
məktəbin son kursunun tələbələrinin mütəxəssis kimi hazırlıq səviyyəsini yoxlayır 
(akkreditasiya). Hər hansı ixtisas üzrə keyfiyyət səviyyəsi aşağı olarsa, bu halda 
həmin ixtisasa maliyyə vəsaiti (başqa sözlə, tələbə qəbulu) dayandırılır. Son illər 
xarici ölkələrdə, xüsusən Avropa ölkələrində təhsil, o cümlədən ali təhsil sahəsində 
inteqrasiya prosesi güclənməkdədir. Avropa Şurasına daxil olan ölkələrin böyük 
əksəriyyəti (90%-dən çoxu) Boloniya prosesinə qoşulmuşdur. Boloniya prosesinin 
şərtlərinə uyğun olaraq ali təhsildə islahatlar aparılır. İslahatla bağlı Avropa 
Şurasının Təhsil və Ali Təhsil-Tədqiqat Komitələrinin proqramları hazırlanmışdır. 
Boloniya prosesinə qoşulan ölkələr bu proqramların həyata keçirilməsində fəal 
iştirak edir. Həmin proqramların reallaşdırılması Avropa ali təhsil zonası 
yaratmağa, universitet məzunlarının Avropa ölkələrində işə düzəlmə imkanlarını 
genişləndirməyə, diplomların və elmi dərəcələrin qarşılıqlı tanınmasına xidmət 
edəcəkdir.


4. Ali təhsil sahəsində inteqrasiya. Boloniya prosesi. 
Dünyada gedən qloballaşma təhsil sahəsində də özünü göstərir. Azərbaycan 
təhsili, o cümlədən ali təhsil, dünyada gedən proseslərə daha sürətlə inteqrasiya 
olunur. Bu, çox müxtəlif sahələrdə – təhsilin məzmunundan, texnologiyalarından 
tutmuş idarəetmə sisteminədək özünü büruzə verir. Respublikamızın ali təhsil 
sistemi Boloniya prosesinə qoşulmuşdur. Boloniya prosesi Avropa təhsil zonası 
yaratmağa, Avropa Birliyinə daxil olan ölkələrdə vahid ali təhsil sistemi, 
intellektual-mədəni əlaqələr sistemi formalaşdırmağa yönəlmişdir. 1999-cu ilin 
iyun ayında 30 Avropa ölkəsinin təhsil nazirləri İtaliyanın Boloniya şəhərində 
ümumavropa təhsil sisteminin gələcək inkişaf tendensiyalarını rəsmi surətdə 
təsdiqlədi. Boloniya Deklarasiyasının əsas müddəaları nədən ibarətdir? Onları qısa 
şəkildə nəzərdən keçirək.
1. İki-üçpilləli ali təhsil sisteminin tətbiqi. Boloniya prosesi ümumavropa ali təhsil 
məkanı üçün ümumləşdirilmiş ixtisaslar strukturunun işlənib hazırlanmasını 
nəzərdə tutur. Buna uyğun olaraq Azərbaycanın ali təhsil pilləsində üçmərhələli 
struktur həyata keçirilir: bakalavriat, magistratura, doktorantura. Elmi dərəcələrin 
verilməsində də Avropa modeli əsas götürülür: bakalavr, magistr, fəlsəfə doktoru
elmlər doktoru.
2. Kredit sisteminin tətbiqi. Boloniya prosesi kredit sisteminə əsaslanır (kredit 
latınca “creditum” – borc deməkdir). Tələbə ixtisas üzrə tədris planında müəyyən 
edilmiş fənlərdən nəzərdə tutulmuş saatları yerinə yetirməklə kredit ballarını 
toplamalı, imtahanları verməlidir. O, tədris planındakı fənləri hər semestr üçün özü 
seçir və illik fərdi tədris planı tərtib edir. Hər semestrdə 30 kreditə qədər fənn 
seçməklə 25.VI-dan 10.VII-dək fərdi tədris planı tutulur (kreditlərin sayı 38-i 
aşmamaqla) və dekanlığa təqdim olunur. 1 kredit 22,5 saatdır; onun 15 saatı 
auditoriya məşğələlərinə, 7,5 saatı auditoriyadankənar müstəqil işə ayrılır. Həftədə 


auditoriya dərsləri 30 saat (gündə 6 saat), auditoriyadankənar iş 15 saat (gündə 3 
saat) hesabı ilə planlaşdırılır. Tələbə kredit saatlarını yerinə yetirdikdən sonra 
keçdiyi fənlərdən imtahan verir. Tələbə hər fənn üzrə imtahana qədər və imtahanda 
azı 51 bal toplamalıdır; bu baldan aşağı olduqda o, krediti toplamamış hesab 
olunur. Müəyyən fəndən akademik borcu qalan tələbələr üçün yay semestri təşkil 
oluna bilər (6 həftəlik). Bu müddətdə müəllim mühazirə və məşğələlər yolu ilə 
tələbələrə proqram materiallarını təkrar keçir. Növbəti semestrin əvvəlində həmin 
fənn üzrə təkrar imtahan götürülür. Bu dəfə də kəsilən tələbələr həmin fənni 
növbəti ildə yenidən keçməli olurlar (dərs gününün bir növbəsində, məsələn, I 
növbədə öz məşğələlərində, digər növbədə – II növbədə isə aşağı kursda 
akademborcu qalan fənnin məşğələlərində iştirak edirlər). Növbəti tədris ili üçün 
fərdi plan tərtib edərkən tələbə buraya, ilk növbədə, əvvəlki ildən (illərdən) 
akademborcu qalan fənləri daxil edir. Tələbə təhsil müddətində ixtisasdan asılı 
olaraq 200 – 250 kredit toplamalıdır. O, bu kreditləri 7 ilə toplaya bilməsə, bəzi 
fənlərdən – ümumpeşə və ixtisas fənlərindən topladığı kreditləri itirir və onları 
yenidən toplamalıdır (mühazirə və məşğələlərdə yenidən iştirak etməli, imtahanları 
yenidən verməlidir). Tələbələr fənni və müəllimi seçmək hüququna malikdirlər. 
Hər hansı fənn üzrə lazımi sayda tələbə seçim etməsə, həmin fənn illik fərdi plana 
daxil edilmir. Əgər normadan çox tələbə müəyyən fənni seçirsə, bu halda ikinci 
qrup yaradılır və əlavə müəllim dəvət edilir. 
3. Təhsilin keyfiyyətinə nəzarət. Boloniya prosesi təhsilin keyfiyyətinə nəzarət 
mexanizmlərinin tətbiqini, bu məqsədlə təhsil sistemində Akkreditasiya 
Agentliyinin yaradılmasını nəzərdə tutur. Azərbaycan Respublikasında Təhsil 
Qanununa əsasən (16-cı maddə), təhsil müəssisələrinin akkreditasiyası xidməti 
yaradılır. Təhsil Nazirliyinin dövlət akkreditasiya xidməti təhsilin keyfiyyətinə 
nəzarəti həyata keçirir, təhsilin keyfiyyət səviyyəsini qiymətləndirir.
4. Mobilliyin genişləndirilməsi. Boloniya prosesi Avropa təhsil məkanına daxil 
olan ölkələrin tələbə, magistr, doktorant və professor-müəllim heyətinin qarşılıqlı 


əməkdaşlığını, tələbələrin Avropa universitetlərində sərbəst təhsil almasını, 
mütəxəssislərin istənilən Avropa ölkəsində işləməsi üçün imkan yaradılmasını 
nəzərdə tutur. Bu məqsədlə ali məktəblərin tələbə və mütəxəssislərinin Avropa 
təhsil məkanında sərbəst və çevik hərəkətini – mobilliyini (mobillik latınca 
“mobilic” – mütəhərrik, çeviklik deməkdir) təmin etmək vacib şərtdir.
5. Dərəcələrin tanınması, məzunların işə düzəlməsinin təmin olunması. Boloniya 
prosesinin mühüm istiqamətlərindən biri ali məktəb məzunlarının işlə təmin 
olunması, Avropa məkanında iş yerləri ilə bağlı sərbəst seçim, sərbəst hərəkət 
etmək imkanın yaradılmasıdır. Avropa təhsil zonasına daxil olan ölkələrin 
universitetlərini bitirən gənc mütəxəssislərin istənilən ölkədə işləməsi üçün şərait 
yaradılır, diplomların və elmi dərəcələrin qarşılıqlı tanınması proseduru həyata 
keçirilir.
6. Fasiləsiz təhsil və ya ömür boyu təhsil – Avropa təhsil zonasının mühüm 
elementini təşkil edir. Fasiləsiz təhsilin strukturunda iki mərhələ özünü göstərir: 
baza təhsili və əlavə təhsil. Bu yarımsistemlərin hər biri müxtəlif formalarda 
qurulur: əsas və paralel, dövlət və qeyri-dövlət təhsil müəssisələri, habelə 
ixtisasartırma, stajkeçmə, məsafədən təhsil və s. Boloniya prosesinin göstərilən 
prinsiplərinin kompleks şəkildə həyata keçirilməsi respublikamızın ali təhsil 
sisteminin Avropa təhsil məkanına tam inteqrasiyasını təmin etməyə imkan 
verəcəkdir. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin