2. Təhsil Qanunu.
Təhsil sisteminin prinsipləri və quruluşu Azərbaycan Respublikasında təhsil
sistemi Təhsil Qanunu ilə idarə və tənzim olunur. Təhsil Qanunu vətəndaşların
təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və
təhsil fəaliyyətinin tənzimlənməsi şərtlərini müəyyən edir. Təhsil Qanunu 19 iyun
2009-cu ildə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul olunmuş, 5
sentyabr 2009-cu ildə qüvvəyə minmişdir. Təhsil Qanunu 6 fəsildən ibarətdir.
“Ümumi müddəalar” adlanan I fəsildə əsas anlayışlar, təhsil hüququna dövlət
təminatı, təhsil sahəsində dövlət standartları, tədris dili kimi məsələlər öz əksini
tapmışdır.
II fəsildə Azərbaycan Respublikasının təhsil sistemi şərh olunur. Burada təhsil
sisteminin quruluşu, təhsildə keyfiyyət səviyyəsi, təhsilin məzmunu və təşkilinə
dair ümumi tələblər, təhsilin formaları, təhsil müəssisələri, təhsilin pillələri və s.
məsələlərdən bəhs edilir.
III fəsil təhsilin idarə olunmasına, təhsil subyektlərinin hüquqları, vəzifələri və
sosial müdafiəsinə,
IV fəsil təhsil iqtisadiyyatı və təhsil müəssisələrində sahibkarlıq fəaliyyətinə, V
fəsil təhsil sahəsində beynəlxalq əlaqələrə, IV fəsil keçid və yekun müddəalarına
həsr olunmuşdur. Təhsil Qanununda təhsil sisteminin əsas prinsipləri öz əksini
tapmışdır. Respublikamızın təhsil sistemi bu prinsiplərə əsaslanır. Həmin
prinsipləri qısaca nəzərdən keçirək:
1. Humanistlik prinsipi – insan hüquqları və azadlıqlarının, sağlamlıq və
təhlükəsizliyinin, milli və bəşəri dəyərlərin prioritet (üstün) sahə kimi qəbul
edilməsini, insanlara münasibətdə tolerantlıq və dözümlülük göstərilməsini nəzərdə
tutur. Bu prinsipə görə, təhsil-tərbiyə işinin mərkəzində insan, onun maraq və
qabiliyyətləri, inkişafı durmalı, hər şey ona xidmət etməlidir. Necə deyərlər, tələbə
(şagird) müəllim üçün yox, müəllim tələbə (şagird) üçündür. Təhsilalanların zehni,
mənəvi və s. cəhətdən inkişafına qayğı göstərmək bütövlükdə təhsil sisteminin, hər
bir müəllimin başlıca vəzifəsidir.
2. Demokratiklik prinsipi – təhsilalanların azad düşüncə ruhunda tərbiyə
edilməsini; təhsilin dövlət və ictimai əsaslarda idarə edilməsini; bu prosesdə
təhsilalanların
səlahiyyət
və
azadlıqlarının
genişləndirilməsini;
təhsil
müəssisələrinin muxtariyyatının artırılmasını nəzərdə tutur. Demokratiklik habelə
təhsilalanların özünüidarəsinin genişləndirilməsində, vəzifələrin seçki yolu ilə
tutulmasında, qərarların təkbaşına yox, kollegial şəkildə qəbul edilməsində,
müəllim-tələbə (şagird) münasibətlərinin demokratik üslubda qurulmasında ifadə
olunur.
3. Bərabərlik prinsipi – bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil alması
üçün imkanlar yaradılmasını və təhsil hüquqlarının təmin edilməsini nəzərdə tutur.
4. Millilik və dünyəvilik prinsipi – milli və bəşəri dəyərlərə əsaslanan dünyəvi
təhsil sisteminin yaradılmasında və inkişaf etdirilməsində ifadə olunur.
5. Keyfiyyətlilik prinsipi – təhsilin mövcud standartlara, normalara, habelə
cəmiyyətin tələblərinə, dövlətin və şəxsiyyətin maraqlarına uyğun qurulmasını
nəzərdə tutur.
6. Səmərəlilik prinsipi – təhsildə və elmi yaradıcılıqda müasir metodlar tətbiq
etməklə səmərəli nəticələr əldə etməyi nəzərdə tutur.
7. Fasiləsizlik, vəhdətlik, daimilik prinsipi – təhsilin fasiləsiz olmasında, təhsil
pillələri arasında əlaqə, vəhdət gözlənilməsində və təhsilin bütün həyat boyu davam
etməsində ifadə olunur.
8. Varislik prinsipi – təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin növbəti
nəslə, təhsilin bir pilləsindən digərinə ötürülməsini nəzərdə tutur.
9. Liberallaşma prinsipi – təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığını
genişləndirməkdə özünü göstərir. Başqa sözlə, təhsil müəssisələri, təhsil prosesi
ictimaiyyət üçün açıq olmalı, ictimaiyyət, ayrı-ayrı vətəndaşlar təhsil prosesində,
onun problemlərinin həllində yaxından iştirak etmək imkanı qazanmalıdırlar.
10. İnteqrasiya prinsipi – milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli
qovuşmasında, uyğunlaşmasında və qoşulmasında ifadə olunur.
Respublikamızın təhsil sistemi göstərilən prinsiplərə uyğun qurulur və fəaliyyət
göstərir. Təhsil sisteminin quruluşu təhsil qanununda öz əksini tapmışdır. Qanunda
təhsil müəssisələrinin tipləri, hər tipin növləri müəyyən edilmişdir:
1. Məktəbəqədər təhsil müəssisələri: körpələr evi, körpələr evi – uşaq bağçası,
uşaq bağçası, xüsusi uşaq bağçası. Məktəbəqədər təhsil 3 yaşdan başlayır. 5
yaşından uşaqların məktəbə hazırlığı zəruri sayılır. Belə hazırlıq uşaq bağçalarında,
məktəbdə və ailədə həyata keçirilə bilər.
2 . Ümumtəhsil məktəbləri: ibtidai (I-IV siniflər); ümumi orta (V-IX siniflər) və
tam orta təhsil (X-XI siniflər) ümumi təhsil pillələrini əhatə edir. Buraya habelə
ümumtəhsil internat və xüsusi internat məktəbləri, istedadlı uşaqlar üçün
məktəblər, gimnaziyalar, liseylər və digər ümumtəhsil müəssisələri daxildir.
Gimnaziya, əsasən, humanitar təmayüllü orta ümumtəhsil məktəbidir. Lisey
istedadlı şagirdlər üçün müvafiq təmayüllər üzrə təhsil xidməti göstərən
ümumtəhsil müəssisəsidir. Respublikamızda ümumi orta təhsil (I-IX siniflər)
icbaridir. Tam orta təhsil (XXI siniflər) təmayüllər üzrə qurulur (humanitar,
texniki, təbiət və s.).
3. Məktəbdənkanar təhsil müəssisələri: uşaq-gənclər məktəbləri (idman, şahmat
və s.), uşaq yaradıcılıq mərkəzləri (texniki, bədii yaradıcılıq, ekoloji tərbiyə, turizm
və diyarşünaslıq, estetik tərbiyə mərkəzləri), məktəbdənkənar iş mərkəzləri və s.
4. İlk peşə-ixtisas təhsili müəssisələri: peşə məktəbləri, peşə liseyləri.
5. Orta ixtisas təhsili müəssisələri: texnikumlar, kolleclər. Kollec – orta ixtisas
proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi
vermək hüququ olan təhsil müəssisəsidir.
6. Ali təhsil müəssisələri: universitetlər, akademiyalar, institutlar və s. Universitet
– geniş spektrli, yüksək ixtisaslı mütəxəssislər hazırlayan çoxprofilli aparıcı ali
təhsil müəssisəsidir. Akademiya müəyyən sahə üzrə yüksək ixtisaslı mütəxəssislər
hazırlayan ali təhsil müəssisəsidir. İnstitut – müstəqil və ya universitetin struktur
bölməsi kimi konkret ixtisaslar üzrə mütəxəssislər hazırlayan ali təhsil
müəssisəsidir. Ali təhsil müəssisələrində mütəxəssis hazırlığı 3 səviyyədə aparılır: -
Bakalavriat – başa çatmış ali təhsil pilləsi olmaqla məzunlara “bakalavr” ali peşə-
ixtisas dərəcəsi verilir. - Magistratura – dərin hazırlıqlı mütəxəssislər yetişdirən ali
təhsil pilləsidir, məzunlara “magistr” ali peşə-ixtisas dərəcəsi verilir. Onun
bakalavr pilləsindən fərqi ondadır ki, magistrlər ali təhsil müəssisələrində elmi-
pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. - Doktorantura – ali təhsilin ən yüksək
səviyyəsi olmaqla məzunlara “doktor” elmi dərəcəsi verilir. Doktorantura iki
pillədən ibarətdir: birinci pilləni başa vuranlara “fəlsəfə doktoru” (elm sahələri
göstərilməklə), ikinci pilləni bitirənlərə “elmlər doktoru” (elm sahələri
göstərilməklə) elmi dərəcəsi verilir. Ali məktəblərdə çalışan professor-müəllim
heyətinə elmi-pedaqoji fəaliyyət sahəsində əldə etdikləri nəticələrə görə müsabiqə
və seçki yolu ilə müxtəlif elmi adlar verilir: dosent, professor, baş elmi işçi
(laboratoriyada elmi-tədqiqat işi aparanlara). Əlavə təhsil müəssisələri:
universitetlər, institutlar, elm-təhsil mərkəzləri və s. Nəzərdən keçirilən təhsil
müəssisələri Təhsil Qanunu bazasında hazırlanmış öz Nizamnamələri əsasında
fəaliyyət göstərir.
Dostları ilə paylaş: |