Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə11/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

 


 
 
 
 
 
 
III mühazirə
Ali təhsil sistemi
Plan:
1. Təhsil sistemi anlayışı. Azərbaycanda ali təhsilin inkişafı.
2. Təhsil qanunu. Təhsil sisteminin prinsipləri və quruluşu.
3. Xaricdə ali təhsil sistemi 
4. Ali təhsil sahəsində inteqrasiya. Boloniya prosesi
1. Təhsil sistemi anlayışı.
Azərbaycanda ali təhsilin inkişafı mütəxəssis hazırlığı təhsil sistemi vasitəsilə 
həyata keçirilir. Təhsil sistemi dedikdə ölkə daxilində olan bütün təhsil-tərbiyə 
müəssisələrinin məcmusu başa düşülür. Təhsil sistemi üstqurum hadisəsi olub, 
bazisə – cəmiyyətin iqtisadi-ictimai münasibətlər sisteminə xidmət edir və ona 
qüvvətli təsir göstərir. Cəmiyyətin inkişafı, ilk növbədə, onun üzvlərinin təhsil 
səviyyəsi ilə şərtlənir. Yaxşı təhsil almış yüksək ixtisaslı mütəxəssislər cəmiyyətin 
bütün sahələrində – iqtisadiyyat, elm və texnika, təhsil və mədəniyyət, təbabət, 
inşaat, sənaye və kənd təsərrüfatı, dövlət qulluğu, hərbi quruculuq və s. sahələrdə 
uğurla və yaradıcılıqla çalışıb, həmin sahələrin inkişafına kömək göstərə bilərlər. 
Buna görə də təhsil, elm cəmiyyətin strateji vəzifəsi sayılır və inkişaf etmiş 


ölkələrdə ona birinci dərəcəli əhəmiyyət verilir. Cəmiyyətin, dövlətin gücü hər 
şeydən əvvəl, təhsillə, elmlə bağlıdır. Dahi Nizaminin dediyi kimi:
Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz. 
Həyat göstərir ki, dövlətin, millətin tərəqqi yolu təhsildən, elmdən keçir: “Heç bir 
millət qılıncla, tüfənglə irəli getmir; hansı millət qabağa gedib tərəqqi edirsə, o 
ancaq təhsilin, elmin gücünə xoşbəxt olur” (N.Nərimanov). Bunu tarixi təcrübə də 
sübut edir: II Dünya müharibəsində məğlub olmuş Yaponiya və Almaniya kimi 
dövlətlər təhsilin, elmin, yeni texnologiyaların inkişafı, ümumiyyətlə, insan 
kapitalının inkişafı sayəsində qısa tarixi dövrdə dünyada inkişaf etmiş dövlətlər 
sırasına çıxa bildilər. İqtisadi cəhətdən qüdrətli dövlət təhsilin və elmin sürətli 
inkişafına təkan verir, cəmiyyətdə təhsilin və elmin, təhsil və elm adamlarının 
nüfuzunun yüksəlməsinə hər vasitə ilə kömək göstərir, yaradıcı mütəxəssisləri, elm 
adamlarını hər cəhətdən (ilk növbədə maddi cəhətdən) stimullaşdırır. İnkişaf etmiş 
ölkələrə dünyanın hər yerindən “beyin axını”da bununla bağlıdır. Təhsil sistemi 
cəmiyyətin tələbatı, ictimai-iqtisadi, sosial-mədəni inkişafı ilə şərtləndiyi və onunla 
bağlı olaraq dəyişdiyi üçün müxtəlif ölkələrin təhsil sistemləri bir-birindən 
fərqlənir. Eyni cəmiyyətin müxtəlif inkişaf dövrlərində də inkişafın xarakterindən 
asılı olaraq təhsil sistemi dəyişir. Bununla bağlı Azərbaycanda ali təhsilin 
inkişafına qısaca nəzər salaq. Azərbaycanda ali təhsilin tarixi çox qədim olub, X 
əsrə təsadüf edir. Bu dövrdə islam dininin təsiri ilə iki pilləli – orta və ali təhsil 
verən mədrəsələr yaranmağa başlayır. İlk mədrəsələr Təbrizdə, Bağdadda, 
Dəməşqdə 
yaranmışdır (Beyhəqiyyə, Sədiyyə, Nizamiyyə mədrəsələri). 
Azərbaycan ərazisində ilk mədrəsələr Marağada, Naxçıvanda, Şamaxı və Gəncə 
şəhərlərində fəaliyyət göstərmişdir. XII əsrdə mədrəsə təhsili almış bir çox 
mütəfəkkirlər yetişmişdir (Əbül Üla Gəncəvi, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, 
Fələki Şirvani, Xaqani Şirvani, Xətib Təbrizi və b.). Onların bir çoxu mədrəsə və 
akademiyalarda müəllimlik etmişlər. XVII əsrdə mədrəsələrin şəbəkəsi xeyli 


genişlənir. Səfəvilər sülaləsi şiəliyi yaymaq üçün iri mədrəsələr açırdı. Təbrizdə 47, 
Şamaxıda 7 belə mədrəsə olmuşdur. XIX əsrin əvvəllərində (1813-1828) Şimali 
Azərbaycan Rusiyanın tərkibinə daxil edildikdən sonra ənənəvi məktəb və 
mədrəsələrlə yanaşı, yeni tip məktəblər – qəza məktəbləri, müsəlman məktəbləri, 
rus-tatar (müsəlman – İ.M.) məktəbləri də fəaliyyət göstərirdi. Məktəblər üçün 
müəllim kadrları hazırlığına başlandı. 1876-cı ildə Gürcüstanın Qori şəhərində 
Zaqafqaziya Müəllimlər Seminariyası təsis edildi. Bu işdə görkəmli maarifçi 
M.F.Axundzadənin böyük xidmətləri olmuşdur. Üç ildən sonra – 1879-cu ildə 
Seminariya nəzdində Azərbaycan şöbəsi yaradıldı, 1918-ci ilin noyabrında Qazaxa 
köçürüldü və müstəqil Seminariya kimi (Qazax Müəllimlər Seminariyası) 
fəaliyyətə başladı. Seminariyanın məzunları içərisində C.Məmmədquluzadə, 
S.S.Axundov, 
N.Nərimanov, 
R.B.Əfəndiyev, 
F.B.Köçərli, 
Ü.Hacıbəyli, 
M.Maqomayev və b. kimi tanınmış elm, ədəbiyyat, incəsənət, dövlət xadimləri, 
pedaqoqlar vardır. Azərbaycanda təhsil, o cümlədən ali təhsilin inkişafında ADR-
in (1918-1920) böyük xidmətləri olmuşdur. ADR milli kadrların hazırlanmasına 
xüsusi diqqət yetirmişdir: yüzlərlə gənc təhsil almaq üçün xarici ölkələrin tanınmış 
ali məktəblərinə göndərildi. 1919-cu il noyabrın 15-də Bakı Dövlət Universiteti iki 
fakültə ilə (tibb və tarix-filologiya) fəaliyyətə başladı. 1921-ci ildə Azərbaycan 
Politexnik İnstitutu, Azərbaycan Dövlət Pedaqoji İnstitutu, Qadın Məktəbəqədər 
Tərbiyə İnstitutu (sonralar Azərbaycan Dövlət Pedaqoji İnstitutuna birləşdirildi), 
Şərqdə ilk Konservatoriya, Ali Rəssamlıq Məktəbi açıldı. 1926-cı ildə 
Azərbaycanda 5 mindən çox tələbəsi olan 5 ali məktəb fəaliyyət göstərirdi. 1929-cu 
ildə Gəncədə Kənd Təsərrüfatı İnstitutu açıldı. 1928-ci ildən Azərbaycan üçün 
Rusiyanın ali məktəblərində də kadrlar hazırlanmağa başlanmışdı. 30-cu illərdə 
respublikada ali məktəblərin şəbəkəsi bir qədər də genişlənir. Azərbaycan Dövlət 
Universiteti ləğv edilərək onun fakültələri bazasında 1930-cu ildə Tibb İnstitutu, 
Sovet Quruculuğu və Hüquq İnstitutu açıldı. 1934-cü ildə Azərbaycan Dövlət 
Universiteti bərpa olundu. 1935-ci ildə ADPİ yanında Müəllimlər İnstitutu açıldı. 
1941 – 1945-ci illər müharibəsindən sonrakı dövrdə yeni ali məktəblər yaradıldı: 


1945-ci ildə Bakıda Teatr İnstitutu, 1948-ci ildə Pedaqoji Xarici Dillər İnstitutu, 
1950-ci ildə Politexnik İnstitutu, 1952-ci ildə Rus Dili və Ədəbiyyatı İnstitutu, 
1981- ci ildə Gəncə Texnologiya İnstitutu təsis olundu. 1991-ci ildə Azərbaycan 
Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli təhsil konsepsiyası 
hazırlandı, Təhsil Qanunu qəbul edildi. 1992/93-cü dərs ilində ali və orta ixtisas 
məktəblərinə qəbul test üsulu ilə həyata keçirildi.
XXI yüzilliyin başlanğıcında təhsil sistemində, o cümlədən ali təhsildə 
islahatlara başlandı. Dövlət təhsil müəssisələri ilə yanaşı qeyri-dövlət (özəl) ali 
məktəblər də yaradıldı. 2000-ci ilin əvvəlində Azərbaycanda 18 qeyri-dövlət ali 
təhsil müəssisəsi fəaliyyət göstərirdi. Müstəqilliyin ilk illərində keçid dövrü ilə 
əlaqədar ali təhsil müəssisələrində müəyyən çətinliklər olsa da, sonrakı illərdə 
respublikanın iqtisadi inkişafı ilə bağlı vəziyyət yaxşılaşdı: ali məktəblərin maddi 
bazası möhkəmləndi, tədris binalarında təmir-tikinti, abadlıq işləri aparıldı, yeni 
tədris korpusları inşa edildi, tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin 
maddi durumunun yaxşılaşdırılması üçün tədbirlər həyata keçirildi. Ali məktəblərin 
bir çoxu yüksək göstəricilər əldə etdi.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin