IV mühazirə
Ali məktəb didaktikasının predmeti. Təlim prosesinin mahiyyəti,
qanun və prinsipləri.
Plan:
1. Ali məktəb didaktikasının predmeti, kateqoriyaları və vəzifələri
2. Təlim prosesinin mahiyyəti, hərəkətverici qüvvələri və funksiyaları
3. Təlim prosesinin metodoloji və elmi-nəzəri əsasları
4. Təlimin qanunları və prinsipləri
1. Ali məktəb didaktikasının predmeti, kateqoriyaları və vəzifələri
Didaktika pedaqogikanın bir hissəsi olub, təlim və
təhsil nəzəriyyəsindən bəhs
edir. Didaktika yunanca “didaktikos” – öyrədən, “didasko” – öyrənən sözlərindən
götürülmüşdür. Bu termin ilk dəfə alman pedaqoqu V.Ratke (XVI əsr) tərəfindən
irəli sürülmüşdür.
Didaktika elmi biliklər sistemi kimi ilk dəfə görkəmli çex pedaqoqu Yan Amos
Komenski (XVII əsr) tərəfindən işlənmişdir. Didaktika
təlim və təhsilin nəzəri
əsaslarını tədqiq edən pedaqoji nəzəriyyədir. Ali məktəb didaktikası isə ali məktəb
pedaqogikasının tərkib hissəsi, ümumi didaktikanın bir sahəsidir. Onun obyekti ali
məktəbdə təlim-təhsil, habelə tələbə gənclərin peşə-ixtisas hazırlığı prosesidir.
Predmeti isə ali məktəbdə təlim-təhsil prosesinin qanunauyğunluqlarını aşkara
çıxarmaq, tələbə gənclərin peşə-ixtisas hazırlığının səmərəli yollarını öyrənməkdən
ibarətdir. Ali məktəb didaktikası ümumi pedaqogikanın
kateqoriya və
anlayışlarından (pedaqoji proses, tərbiyə, şəxsiyyətin inkişafı, pedaqoji fəaliyyət,
pedaqoji texnologiya və b.) istifadə edir. Lakin onun özünəməxsus kateqoriya və
anlayışlar sistemi vardır.
Buraya təhsil, təlim, tədrisetmə (öyrətmə), təhsilalma
(öyrənmə), özünütəhsil,
fasiləsiz təhsil, təlim texnologiyası, təlim diaqnostikası,
təhsilin məzmunu və b. daxildir. Bunlardan əlavə ali məktəb didaktikası təlimin
məqsədi, qanunları, prinsipləri, məzmunu, vasitə və metodları, təşkili formaları,
nəticələri, təlim diaqnostikası, təlim texnologiyaları və s.
kateqoriyalara da istinad
edir.
Ali məktəb didaktikası qarşısında bir sıra vəzifələr durur. Onları bir neçə qrupda
birləşdirmək olar:
1. Təlimin məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi: nə məqsədlə öyrətmək və
öyrənmək? Bu suallara cavab tapmadan didaktika təlim və təhsilin digər
məsələlərini həll edə bilməz.
2. Təhsilin məzmununun müəyyənləşdirilməsi: nəyi öyrətmək və öyrənmək? Bu
məsələlər “Təhsilin məzmunu” mövzusunda nəzərdən keçirilir.
3. Təlimin vasitə və metodlarının müəyyənləşdirilməsi: necə öyrətmək və
öyrənmək?. Bu məsələlər “Təlim metodları və vasitələri”, “Təlimdə
nəzarət və
qiymətləndirmə” mövzularında nəzərdən keçirilir.
4. Təlimin səmərəli təşkili formalarını müəyyənləşdirmək: hansı formada öyrətmək
və öyrənmək?. Bu məsələlər “Təlimin təşkili formaları” mövzusunda nəzərdən
keçirilir. Didaktikanın qarşısında duran vəzifələri,
onun həll etməli olduğu
problemləri kompleks halda, qarşılıqlı əlaqə və asılılıqda götürmək mühüm şərtdir.
Dostları ilə paylaş: