Təlim üçün zəruri şəraitin yaradılması prinsipi. Bu prinsip təlim üçün lazımi
şərait yaratmaqla onun səmərəsini yüksəltməyi nəzərdə tutur. Təlim üçün zəruri
şərait dedikdə dörd qrup şərait nəzərdə tutulur: a) tədris – maddi şərait (təlimin
dərslik, dərs vəsaitləri, əyani və texniki vasitələrlə təmin edilməsi); b) gigiyenik
şərait (auditoriyanın sahəsi, hava tutumu, temperaturu, işıqlığı və s.); c) mənəvi-
psixoloji şərait (demokratik ünsiyyət, humanist münasibət, sağlam mənəvi-
psixoloji iqlim, pedaqoji etika və s.); ç) təlimdə estetik şərait (məktəbin estetik
tərtibi, münasibətdə, nitq və davranışda gözəllik, geyim estetikası). Bu prinsip
müəyyən qaydalarla həyata keçirilir: - təlim üçün normal gigiyenik şərait yaratmaq;
- sağlam mənəvi-psixoloji iqlim yaratmaq; - müəllim-tələbə münasibətlərini
humanistləşdirmək; - tələbələrdə müsbət emosional vəziyyət yaratmaq.
Bilik və bacarıqların möhkəmləndirilməsi prinsipi. Bu prinsip təlimdə tələbələrə
əsaslı biliklər verməyi, onların hafizədə uzun müddət saxlanmasını təmin etməyi
nəzərdə tutur. Onun əsasında belə bir didaktik qanun durur: təlimdə bilik və
bacarıqlar vaxtında nə qədər möhkəmləndirilirsə, şüurlu şəkildə mənimsənilərək
təkrar və tətbiq edilirsə, biliklər bir o qədər möhkəm yadda qalır. Bu prinsipin
həyata keçirilməsində müəyyən qaydalar gözlənilməlidir: - bilik və bacarıqların
ilkin mənimsənilməsində tələbələrin fəallıq və şüurluluğunu təmin etmək (yeni
material nə qədər şüurlu və fəal şəkildə mənimsənilərsə, biliklər daha möhkəm
yadda qalar); - möhkəmləndirmə zamanı hafizə (yaddaş) və təfəkkürün işini
əlaqələndirmək (yeknəsək təkrar yorucu və mexaniki xarakter daşıyır, bu halda
biliklər tez unudulur); - öyrənilən elmi bilikləri müntəzəm olaraq həyata və
çalışmalara tətbiq etmək (bilik nə qədər çox tətbiq edilirsə, bir o qədər möhkəm
yadda qalır); - biliklərin möhkəmliyi üçün bütün vasitələri (ilkin mənimsəmədə
şüurluluq, təkrar və təfəkkürün vəhdəti, yaradıcı tətbiqetmə və s.) kompleks şəkildə
tətbiq etmək. Biz yuxarıda təlim prosesini tənzimləyən didaktik prinsipləri
nəzərdən keçirdik.
Bu prinsiplər bütövlüklə tədris müəssisələrindəki təlim prosesi üçün səciyyəvidir.
Lakin ali məktəbdə tədris prosesinin özünəməxsus xüsusiyyətləri vardır ki, onlar da
digər prinsiplərə tənzimlənir. Ali məktəbdə təlimin spesifik prinsipləri kimi bunları
qeyd etmək olar:
a) təlimin peşə yönümlülüyü;
b) təlimin elmi fəaliyyətdə əlaqələndirilməsi;
c) təlimdə kollektiv və fərdi işin əlaqələndirilməsi prinsipləri.
Həmin prinsipləri qısaca nəzərdən keçirək.
Dostları ilə paylaş: |