Əhalinin siyahıya alınmasında aşağıdakı məsələlər öyrənilir:
Əhalinin sayı və ölkə ərazisində şəhər və kənd tipli yaşayış yerlərinə görə yerləşməsi, əhalinin miqrasiyası
Əhalinin cinsə, yaşa, nigah və ailə vəziyyətinə görə strukturu
Əhalinin milli mənsubiyyətə, ana dilinə və vətəndaşlığa görə strukturu
Əhalinin təhsil səviyyəsinə, dolanışıq mənbələrinə, xalq təsərrüfatının sahələrinə, məşğuliyyətinə və məşğulluq vəziyyətinə görə bölüşdürülməsi
Ailələrin sayı və onların kompleks sosial xüsusiyyətlərə görə strukturu
Doğum (siyahıyaalınma anına qədər doğulmuş uşaqların və onlar arasında sağ qalanların sayı, gələcəkdə uşaq dünyaya gətirməklə bağlı planlar)
Əhalinin yaşayış şəraiti.
Bir sıra ölkələrdə fiziki qüsurlar, keçmiş müharibələrdə iştirak, əhalinin bu və ya digər həyat üçün faydalı nemətlərlə təmin olunması haqqında digər sualların olması da mümkündür.
Əhalinin siyahıya alınmasının hüquqi əsasları: Əhalinin siyahıyaalınması geniş həcmli zəhmət tələb edən əməliyyatdır, bu əməliyyatda eyni vaxtda ümumi rəhbərliyə və vahid qaydalara tabe olan böyük insdan kütləsi iştirak edir. Əhalinin siyahıyaalınmasında milyonlarla insanın gündəlik həyatına müdaxilə edilir, bu müdaxilə insanlara heç də xoş olmur. Ona görə siyahıyaalma prosedurunun yenidən təkrarlanması, onun bütün iştirakçılarının öz rolunu icra etməsi üçün hansısa bir hüquqi baza olmalıdır.
Ölkəmizdə əhalinin siyahıya alınmasının hüquqi bazası, hər siyahıyaalmadan bir müddət əvvəl dövlət statistika komitəsinin təklifi ilə hökumət (nazirlər kabineti) tərəfindən xüsusi olaraq qəbul edilmiş fərmandır. Müstəqil Azərbaycanda bu günə qədər 3 dəfə əhalinin siyahıya alınması keçirilmişdir: 1999, 2009 və 2019 -cu illərdə.
Əhalinin hesablanması anı (siyahıyaalmanın kritik anı)
Əhalinin siyahıya alınmasının kritik anı - əhalinin siyahıyaalınması zamanı toplanan məlumatların daxil edildiyi, bütün ölkə üçün vahid olan dəqiq vaxtdır.
Kritik anın təyin edilməsi bir növ ani fotoşəkili, daima dəyişməkdə olan əhalinin ani görüntüsünü əldə etməyə imkan verir.
Hesablama anının təyin edilməsi, mövcud əhalinin daha dəqiq hesablanmasına, ötürmə və ikiqat sayılma ehtimalının azalmasına kömək edir.
Dünyada əksər siyahıyaalmalar kritik an təyin edilməklə aparılır.