Əhalinin cari qeydiyyatı təkcə statistik deyil, həm də müxtəlif inzibati dövlət orqanları tərəfindən əhalinin siyahısı (kartotekası) şəklində aparılır. Bu kartotekalar konkret vəzifələrin yerinə yetirilməsi üçün yaradılmışdır və bir qayda olaraq bütün əhalini deyil, onun bəzi qruplarını (mikrorayon sakinləri, sosial himayəyə ehtiyacı olan kateqoriyalar və s.) əhatə edir. Qeyd etmək vacibdir ki, bütün bu registrlərə faktiki (mövcud və daimi) əhali ilə tam üst - üstə düşməyən (mövcud və ya daimi) hüquqi əhali daxildir.
Ona görə də əhali siyahılarından alınan məlumatların tətbiqi məhduddur; lakin bəzi hallarda onlardan statistik məqsədlə istifadə etmək zərurəti yaranır. Əhalinin cari registrləri bir çox ölkələrdə bu və ya digər formada keçmiş zamanlardan mövcud olmuşdur. Onların hamısı inzibati məqsədlər üçün yaradılmış, lakin sonralar inkişaf etdirilərək əhalinin siyahıya alınmasında nəzərə alınan əlamətlərə yaxınlaşmışdır.
Hal-hazırda registrlər tərəfindən nəzərə alınan məsələlər sırasına təkcə ölkənin hər bir vətəndaşının demoqrafik və sosial-iqtisadi səciyyələri deyil, həm də səhiyyə və əhalinin miqrasiyasına dair göstəricilər də daxildir. Doğulan zaman və ya ölkəyə giriş edərkən, şəxsə onun bütün sənədləri üçün vahid fərdi nömrə verilir, bu da həmin şəxs haqqında məlumatların hamısını əhalinin mərkəzi registirində birləşdirməyə imkan verir (Avstriya).
Bir şəxsin vətəndaşlıq vəziyyəti dəyişdikdə bu barədə məlumatlar dərhal mərkəzi registirə daxil olur və şəxsin vətəndaşlıq vəziyyəti haqqında xarakteristikasında dəyişiklik edilir. Beləliklə, registr sanki əhalinin fasiləsiz fəaliyyətdə olan siyahıya alınması xarakteri daşıyır.
Seçmə və xüsusi tədqiqatlar.
Əhalinin siyahıya alınması çox vaxt aparan və bahalı əməliyyatlardır. Ona görə də nisbətən nadir hallarda keçirilir, onların proqramları yalnız ən zəruri məlumatlarla məhdudlaşır.
Seçmə tədqiqatlar, daha az vaxt, güc və vəsait sərf edərək, tədqiqatçını maraqlandıran problemi, xüsusi qaydalara uyğun olaraq hazırlanmış kiçik bir qrup əhali üzərində öyrənməyə imkan verir, sonra əldə edilmiş nəticələr bütün əhaliyə şamil edilir. Azərbaycanda doğum faktorlarının öyrənilməsində seçmə tədqiqatlardan geniş istifadə olunur. Bununla belə, seçmə tədqiqatlar da çoxsaylı personal və böyük maliyyə vəsaitlərinin istifadəsini tələb edir. Bu zaman nəzəriyyədən yayınmaq, seçmə metodunun qaydalarına riayət olunmadan təşkil edilmiş sorğu keçirmək zərurəti yaranır. Belə sorğular xüsusi olaraq bəzi məhdud sayda məsələlərin dərindən öyrənilməsinə həsr edilir və “xüsusi tədqiqat” adlanır. Seçmə tədqiqatlar ilə müqayisədə xüsusi tədqiqatlar eyni sübutedici gücə malik deyil.