Mühazirə Elmi tədqiqatın əsas məqsədləri. Fənnin vəzifələri, tarixi və



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə70/80
tarix15.05.2022
ölçüsü1,35 Mb.
#58042
növüMühazirə
1   ...   66   67   68   69   70   71   72   73   ...   80
Tədqiqat üsulları

Monoqrafiya-  bir  problemin  və  ya  mövzunun  tam  və  hərtərəfli,  bir  və  ya  bir 
neçə müəllif tərəfindən araşdırılmasını əhatə edən elmi kitab nəşridir. 
Dissertasiyanın  avtoreferatı  -  elmi  dərəcə  almaq  üçün  müəllif  tərəfindən 
hazırlanmış,  aparılmış  tədqiqatların  məzmununu  qısa  referat  şəklində  təsvir 
edən, broşür şəklində çap olunan elmi nəşrdir. 
Preprint - nəşrdən öncə, ilkin xarakterli material kimi çap olunur. 
Elmi işlərin məcmuəsi - elmi idarələrin, təhsil ocaqlarının və ya cəmiyyətlərin 
nəzdində icra olunan tədqiqat materiallarının toplandığı məcmuədir. 
Elmi  konfrans  materialları  -  elmi  konfransda  təqdim  olunan  proqramın, 
çıxışların, təklif və həllərin toplandığı qeyri dövrü çap olunan məcmuədir. 
Elmi-populyar  nəşr  -  elm,  mədəniyyət  və  texnika  sahəsində  nəzəri  və  ya 
eksperimental  tədqiqatlar  haqqında  məlumatları  daşıyan,  qeyri-ixtisasçı 
mütəxəssislər üçün nəzərdə tutulan nəşrdir. 
Elmi  tədqiqat  prosesində  biliklərin  əldə  edilməsi  üçün  dərsliklərin  də  rolu 
bilik  mənbələri  kimi  böyükdür.  Dərsliyə  aid  nəşr  tədris  prosesinin  müxtəlif 
səviyyələrində  iştirak  edən  tələbələrə  tədris  üçün  əlverişli  formada  tərtib 
olunmuş  elmi  və  ya  tətbiqi  xarakterli  bilikləri  sistemləşdirilmiş  şəkildə  əhatə 


 
 
edən nəşrdir. Tədris üçün nəzərdə tutulan nəşrlərə aşağıdakıları aid edirlər. 
Dərslik  -  tədris  proqramına  uyğun  gələn  və  verilmiş  nəşr  formasında  rəsmi 
təsdiq olunmuş, tədris fənnini sistematik təsvir edən nəşrdir. 
Dərs  vəsaiti  -  dərsliyi  tamamlayan  və  ya  onu  qismən  əvəz  edən,  aidiyyati 
orqanlar tərəfindən rəsmi təsdiq olunmuş tədris vəsaitidir. 
Tədris-metodiki  vəsait  -  verilmiş  fənnin  tədris  metodikasına  aid  materialları 
əhatə edən vəsaitdir. 
Sorğu kitabları - elmi və ya tətbiqi xarakterli qısa məlumatlar daşıyıcısıdır. O, 
kitabı tam oxumadan, qısa zamanda axtarılan termin və ya mövzu haqqında 
məlumat əldə etməyə xidmət edir. Sorğu kitablarına lüğət və ensikloediyaları 
aid edirlər. 
Elmi  ədəbiyyatlar  qeyri  dövri,  dövri  və  ya  davamlı  olaraq  fərqləndirilirlər. 
Qeyri-dövri  nəşrlərə  yalnız  bir  dəfə  çap  olunan  və  davamı  olmayanları  aid 
edirlər.  Buraya  kitablar,  broşürlər,  vərəqlər  və  s.  daxildir.  Kitab  həcmi  48 
səhifədən  çox  olan  nəşrdir.  Büroşüraların  həcmi  4  və  ya  48  səhifə  arasında 
yerləşir. Vərəqlərdə isə yalnız 4 səhifəyə qədər məlumatlar çap olunur. Dövri 
nəşrlər  xüsusi  nəşr  növü  olub,  müəyyən  vaxt  intervalında  məzmununa  görə 
təkrar  olunmayan  materialların  vahid  formada  tərtib  olunmuş  şəkildə  çapına 
xidmət edir. Dövri nəşrlərə jurnalları, qəzet və bülletenləri aid edirlər. 
Qəzetlər - dövri olaraq qısa müddətdən bir çap olunaraq, aktual ictimai- siyasi, 
elmi-texniki, ədəbi və digər məsələlər haqqında rəsmi materialları əhatə edir. 
Qəzetlər adətən böyük vərəqlərdə çap olunur. 
Jurnallarda ictimai-siyasi, elmi, istehsal və digər məsələlər haqqında məqalə 
və referatlar, həmçinin ədəbi-bədii əsərlər çap olunurlar. 
Bülletenlər  dövri  və  ya  davamlı  nəşr  olub,  onu  buraxan  idarənin  maraq 
dairəsinə aid olan rəsmi materialların qısa şəkildə operativ çapına imkan verir. 
Adətən  dövri  bülletenlər  daimi  rubrikaya  malikdirlər.  Misal  olaraq  birjaların 
dövri orqanı kimi buraxılan birja bülletenlərini göstərmək olar. Bu bülletenlərdə 
dövri  olaraq  qiymətli  kağızların  qiymətləri,  əmtəələrin  birja  qiymətləri, 


 
 
bağlanılan alqı-satqılar haqqında məlumatlar işıq üzü görür. 
3.3. 
Ədəbiyyatın seçilməsi 
Elmi  materialların  axtarılması  mənbələrin  nəzərdən  keçirilməsi  ilə  onların 
seçilməsi arasında böyük əqli əməyi əhatə edir. Tapılan ədəbiyyatlar nə qədər 
çox  olarsa,  bir  o  qədər  də,  çalışıb  onların  dəyərləndirilməsi  və  seçilməsinə 
vaxtında  başlamaq  lazımdır.  Bir  sözlə  bu  işə  axtarış  prosesi  ilə  paralel 
başlamaq  lazımdır.  Əldə  olunan  ədəbiyyat  mənbələrinin  sayından  asılı 
olmayaraq,  onların  hər  birini  müəyyən  meyarlar  əsasında  qiymətləndirmək 
gərəkdir.  Bu  qiymətləndirmənin  dəqiqliyi  tapılan  mənbənin  əlçatan 
olmasından, həmçinin vaxtdan asılıdır. 
Tapılmış  ədəbiyyat  mənbələrinin  dərhal  oxunması  əvəzinə  onlara  ilkin 
qiymətin  verilməsi  məsləhətdir.  Bunun  üçün  ədəbiyyat  qısa  nəzərdən 
keçirilməli, analiz olunmalı və sonrakı tətbiq üçün seçilməlidir. 
İlkin  qiymətləndirmə  biblioqrafiyanın  tərtibi  zamanı  aparıla  bilər. 
Kataloqlarda  verilmiş  qısa  informasiyaları  bu  məqsədlə  istifadə  etmək 
mümkündür. 
Tapılmış  ədəbiyyatların  bir  çoxu  elə  yerindəcə  (əgər  bu  kitabxanada  baş 
verərsə)  nəzərdən  keçirilə  bilər.  Ədəbiyyatın  sonrakı  tətbiqi  üçün  isə  xüsusi 
yoxlama  siyahısından  istifadə  edilir  [29].  Şərti  kitab  misalında  bu  siyahı  belə 
görünür: 
□ 
Sərlövhə, 
□ 
Müəllif, 
□ 
Seriyası, 
□ 
Nəşriyyat, 
□ 
Nəşrin sayı, 
□ 
Çap ili, 
□ 
Giriş sözü, 
□ 
Mündəricat, 
□ 
Ədəbiyyatların siyahısı. 


 
 
Əgər  ədəbiyyat  sistematik  kataloqlardan  tapılıbsa,  onda  kitabın 
məzmununun  açar  sözə  uyğun  gəlməsi  yoxlanılmalıdır.  Kitabın  içindəkilərin 
tədqiqat mövzusuna uyğun gəlib-gəlməməsi əsasında elə bu mərhələdə ilkin 
seçimi etmək mümkündür. 
Kitabın müəllifi məlum olduqda kataloqlardan onun digər kitablarını axtarıb 
baxmaq  yeni  dəyərli  materialların  qazanılmasına  aparıb  çıxara  bilir.  Eyni 
zamanda  müəllifin  elmi  fəaliyyət  sahəsinə  bütövlükdə  nəzər  salmaq 
mümkündür.  Gələcəkdə  həmin  müəlliflə  maraq  dairəsində  görüşmək  də 
tədqiqatçının gələcək elmi fəaliyyətinin genişlənməsinə yardım etmiş olar. 
Çap  olunan  və  rəqəmsal  yayılan  çoxlu  sayda  elmi  məcmuələr  və  kitablar 
müyyən  mövzular  ətrafında  seriyalar  şəklində  işıq  üzü  görürlər.  Adətən  bir 
seriya  daxilində  çap  olunan  ədəbiyyatlar  mövzu  baxımından  qohum  olurlar. 
Yəni, eyni seriyadan olan kitablara da baxmaqla yeni biliklər qazanıla bilər. 
Elmi  nəşriyyatlar  öz  reputasiyalarına  çox  fikir  verirlər.  Burada  çap  olunan 
kitab  proqramları  və  oxucu  kütləsi  onlar  üçün  çox  vacibdir.  Bu  baxımdan 
nəşriyyatlarda  buraxılan  elmi  kitabların  kataloqu  əsasında  onların  praktiki  və 
ya  elmi  təmayüllü  olmasını  aşkar  etmək  çətin  deyil.  Bu  yolla  əldə  olunmuş 
mənbəni qiymətləndirmək mümkündür. 
Kitabın  çap  ilini  biblioqrafik  kataloqla  müqayisə  etməklə  tapılan  mənbənin 
aktuallığını, həmçinin yeni nəşrini aşkarlamaq olar. 
Giriş  sözü  tapılmış  ədəbiyyatın  analizi  üçün  çox  önəmli  məlumat  daşıyıcısı 
kimi  mütləq  oxunmalıdır.  Burada  işin  məqsədindən  əlavə,  onun  maliyyəsi, 
səbəbiyyəti  (dissertasiya,  mühazirələr,  məruzələr  və  s.)  və  nəzərdə  tutulan 
oxucu kütləsi haqqında məlumatlar da yer alır. 
Kitabın  mündəricatı  onun  içindəki  informasiyalar  haqqında  ilkin  ümumi 
məlumatı,  mətnin  strukturu  və  bölmələrin  başlıqlarını  göstərir.  Səhifələrin 
sayından asılı olaraq kitabda bu və ya digər mövzuya ayrılan həcmə əsasən 
işin  ümumi  elmi  istiqamətini  qiymətləndirmək  olur.  Mündəricatın  dərindən 
analizi çox vaxt kitabın lazımsız mütaliəsini qənaət etməyə şərait yaradır. 


 
 
İstifadə  olunmuş  ədəbiyyatların  siyahısını  öyrənməklə  artıq  əldə  olunan 
mənbələri  yoxlamağa,  həmçinin  mövzuyla  bağlı  yeni  mənbələrin  tapılmasına 
şərait  yaranır.  Ədəbiyyatların  siyahısı  müəllifin  apardığı  tədqiqat  üçün  mütaliə 
etdiyi  mənbələri  göstərməklə,  digər  tərəfdən  onun  işinin  aktuallığını  və  elmi 
çəkisini  qiymətləndirməyə  şərait  yaradır. Göstərilən  ədəbiyyatlar tapılmış  elmi 
işin  həm  də  yaranma  tarixcəsini  göstərir.  Məsələn,  əgər  müəllif  yalnız  son 
illərdəki  mənbələrə  istinad  edərsə,  onda  onun  əvvəllər  məlum  olan 
fundamental,  hələ  də  aktual  olan  bilikləri  nəzərə  almaması  ehtimalı  artır. 
Siyahıda  göstərilmiş  ədəbiyyatlar  və  onların  müəllifini  öyrənməklə  tədqiqatçı 
araşdırdığı  mövzuya  yaxın  olan  daha  yeni  mənbələr  əldə  edə  bilər.  Müxtəlif 
kitabların ədəbiyyat siyahılarını sistematik analiz etdikdə tədqiqat mövzusuna 
aid olan ədəbiyyatlar özlüyündə qruplaşmağa başlayırlar. Çünki, bu sahə üzrə 
məşğul  olan  mütəxəssislər  çox  vaxt  eyni  və  ya  oxşar  mənbələrdən  istifadə 
edirlər. 
Yuxarıda təqdim olunan, ədəbiyyatı yoxlama ardıcıllığı həmçinin digər elmi 
nəşrlərə (referatlara, jurnal məqalələrinə, dissertasiyalara və s.) də tətbiq edilə 
bilər. 
Ədəbiyyat mənbələrinin axtarışı kifayət qədər nəticə vermədikdə bu seçilmiş 
mövzunun hələ geniş araşdırılmamasına dəlalət edir. Əksinə ədəbiyyat çoxluq 
təşkil  etdikdə  bu  mövzunun  daha  dəqiq  baxılmasını  tələb  edir  ki,  gələcək 
tədqiqat prosesində təkrarlanmaya yol verilməsin. 
3.4. 
Ədəbiyyatla işləmə 
Ədəbiyyatların  axtarılmasında  zaman  aspektini  nəzərdən  atmaq  olmaz. 
Elmi tədqiqat prosesinin başlanğıcında ədəbiyyat axtarışı və onların nəzərdən 
keirilməsi  yüksək  iş  intensivliyi  tələb  edir.  Təcrübələrə  əsasən  elmi  işə  sərf 
olunan  ümumi  vaxtın  üçdə  biri  ədəbiyyat  mənbələrinin  axtarılmasına  və  elmi 
materialların toplanmasına sərf olunur. 
Ədəbiyyat  axtarışının  texniki  aspekti  lazımi  nəticəni əldə etmək  üçün  hansı 
mənbələrə  müraciət  etməyi  təsvir  edir.  Burada  iki  prinsipə  baxılır:  1)  ikinci 


 
 
dərəcəli mənbədən orijinala və 2) qarışıq prinsip. Birinci hal bir çox cəhətdən 
əhəmiyyətlidir. İkinci dərəcəli mənbələr leksikonlar, lüğət və sorğu materialları 
şəklində  hər  bir  kitabxanada  yerləşir.  Bu  həm  də  qısa  zamanda  axtarılan 
mövzu  ətrafında  ümumi  məlumatların  əldə  olunmasını  asanlaşdırır.  Sonda, 
oxucu vacib orijinal ədəbiyyatın ətraflı oxumasına istiqamətləndirilir. Mütaliəni 
orijinal  mənbədən  başlanması  oxucunu  o  sahədə  mövcud  olan  digər 
mənbələrdən uzaq salır. Bundan əlavə oxucuda bu mənbələrdə olan bilikləri 
əsas götürərək alternativ bilik və metodları inkar etmək təhlükəsi yaranır. 
Ədəbiyyat axtarışının ən vacib aspekti ondan ibarətdir ki, oxucu mənbələrə 
baxdıqdan  və  analiz  etdikdən  sonra  seçdiyi  mövzunun  aktuallığı  haqqında 
qərar  vermək  iqtidarında  olsun.  Bunun  əsasında  ya  elmi  mövzunun  tədqiqi 
dərinləşdirilir,  ya  da  onun  yenidən  baxılmasına  qərar  verilir.  Əks  halda 
mövzunun işlənməsi zamanı kiçik və ya böyük problemlər ortaya çıxa və bu da 
qarşıya  qoyulmuş  məsələnin  həllini  ayrılan  vaxtda  həll  etməyə  maneəçilik 
törədə bilər. 
Elmi-tədqiqat  işlərinin  yerinə  yetirilməsində  baxılan  ədəbiyyatların 
kataloqlaşdırılması  və  seçilən  məlumatların  sistemləşdirilməsi  vacibdir. 
Ədəbiyyatların  sayı  çoxaldıqca  onların  yaddaşda  saxlanılması  çətinləşir.  Bu 
baxımdan tədqiqata yeni başlayan şəxsin hər hansı bir məlumatı yada salması 
üçün  dönə-dönə  eyni  mənbəyə  müraciət  etməsi  normal  hal  sayılır.  Həmçinin 
ədəbiyyatların  siyahısını  tərtib  etməyə  çox  vaxt  sərf  olunur.  Ona  görə  də, 
baxılan ədəbiyyatların kataloqunu elektron şəkildə tərtib etmək ilkin görüləcək 
işlərə  aid  edilir.  Virtual  kartotekanın  yaradılmasında  hansı  başlıqların  daxil 
edilməsi  ideyası  hər  bir  tədqiqatçının  özü  tərəfindən  yerinə  yetirilir.  Bu,  kitab 
və  ya  məqalənin  məzmunu  və  ya  araşdırılan  mövzu  haqqında  qeydlər, 
müəllifin  elmi  problemin  həllinə  dair  ideyaları  və  s.  ola  bilər.  Elektron 
kartotekanın  cədvəl  şəklində  tərtib  edilməsi  daha  əlverişlidir.  Burada  EXCEL 
proqramının köməyi ilə cədvəldəki məlumatları bu və ya digər terminlərə görə 
filtrasiya  etmək  mümkündür.  Məsələn,  əgər  mənbələr  müəllifin  adı  və 


 
 
familiyası ilə cədvələ sətir şəklində daxil edilərsə, bir-birindən çox uzaqda da 
olsalar  onları  qısa  zamanda  xüsusi  funksiyanın  köməyi  ilə  sütunlar  boyunca 
qruplaşdırmaq  mümkündür.  Eyni  qayda  ilə  ədəbiyyatları  mövzulara,  illərə  və 
digər göstəricilərə görə qruplaşdırmaq olur. 
Hər bir tədqiqatçının ədəbiyyat mənbələrindən əldə edilən mətnlərlə işləmək 
vərdişləri iş prosesində yaranır. Bir çoxları elə əvvəldən konspekt düzəldir. Bu 
iş  metodu  adətən  tələbələrə  xasdır.  Ancaq  çoxlu  sayda  xüsusi  elmi 
ədəbiyyatları  nəzərdən  keçirmək  lazım  gəldikdə,  belə  konspektlərin  sayı  da 
sürətlə  artır  və  sonda  qarışıqlığa  səbəb  olur.  Konspektləşdirmənin  ikinci 
çatışmayan cəhəti ondan ibarətdir ki, o çox əmək və vaxt tələb edir. Ona görə 
də, ədəbiyytaları oxuduqda heç də dərhal konspektləşdirməyə tələsmək lazım 
deyil.  Burada  ilkin  olaraq  qısa  qeydlərin  aparılması  və  ədəbiyyat  tam 
oxunduqdan  sonra  konspektin  tərtibinə  başlamaq  olar.  Əgər  ədəbiyyat 
elektron  şəkildə  mövcuddursa  onda  kağızda  qeyd  əvəzinə  vacib  hissələri 
köçürüb ayrıca faylda yerləşdirmək olar. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin