Tərbiyə metodlarının təsnifatlarının əksəriyyəti orta məktəb pedaqogikasına aiddir. Ali məktəb pedoqogikasında bu sahədə vahid təsnifat yoxdur. Ali məktəb pedoqogikasına dair dərsliklərin bir çoxunda bu kateqoriyaya dair məlumat belə yoxdur.
Tərbiyə metodları gələcək müəllim şəxsiyyətinin formalaşdırılması məsələlərinin həllində pedaqoq və tələbələrin məqsədə yönəlmiş birgə fəaliyyət qaydalarıdır. “Tərbiyə vasitələri” anlayışına metodik və əyani vasitələr, İKT, auditoriyanın ümumi mikroiqlimi, tələbə kollektivi, müəllim şəxsiyyəti və s. daxildir.
Qeyd olunmalıdır ki, ali məktəb tələbələrinin dünyabaxışı müəyyən səviyyədə inkişaf etdiyindən, onlarda milli müəyyənlik hissləri formalaşdığından, milli əxlaqi-etik keyfiyyətlər müəyyən səviyyədə dərk olunduğundan tərbiyədə etnopedaqoji metodlardan istifadə, fikrimizcə, dominantlıq təşkil etməlidir. Yəni tətbiq olunan metodlar tələbələrin şüuru və əqidəsini formalaşdırmağa daha çox yönəlməlidir. Tələbə nə üçün məhz bu cür hərəkət və davranışın məqbul olduğunu dərk etməli, anlamalıdır.
İzahetmə metodu.Hər hansı bir ideyanın, qaydanın, qanunun, mövqenin və s. monoloji izah edilməsidir. Sərbəst söhbət ̶ tələbələrlə dialoq, və diskussiya və ya mühazirə zamanı istifadə olunan bu metod fərdi, qruplarla və ya kütləvi xarakterli ola bilər.
İnandırma. Davranış norma və qaydaları, qarşılıqlı münasibətlər, baxışlar barədə tələbələrdə əqidə yaratmağa xidmət edir. Bu metoda izahetmənin nəticəsinə aparan daha sərt forma kimi baxmaq olar. Tələbələrdə hərəkət və davranışa yerinə yetirilməsi zəruri olan bir inam yaradılır.
Fikrini dəyişmə.Əxlaqi və estetik baxışlardakı qeyri-müəyyənlik, müxtəlif dəyərlərin mühakimələrində, baxışlarında, zövqlərində, dəyərləndirmələrdində çox zaman səhv mövqeyə səbəb olur. Bütün bu hallarda tələbənin fikrini dəyişmə metodu pedaqoji ustalıqla tətbiq edildikdə müsbət nəticə verir.
Məsləhət. Ali məktəblərdə çox geniş yayılmışdır. Müəllimlər öz pedaqoji və həyati təcrübələrinə əsaslanaraq, müəyyən hərəkət və davranış barədə tələbələrə məsləhə verirlər. Məsləhət usandırıcı, yorucu deyil, inandırıcı və maraqlı olmalıdır.