Ali məktəb pedaqogikasının müasir metodoloji aspektləri.
Metodologiya (yun. methodos – metod, üsul + logos - təlim, elm) – elmi idrak, həmçinin meodlar sistemi haqqında təlim deməkdir. Metodoloji qaydalar alimin araşdırma mövqeyini, tədqiqat prosesinin istiqamətini müəyyən edir, onun səmərəliliyinin yüksəlməsini təmin edir. Ali məktəb pedaqogikasının əsas metodoloji qaydalarına bunları daxil etmək olar.
Pedaqoji tədqiqatlara müəyyən zaman kontekstində yanaşılmalıdır. Araşdırmaya tarixi yanaşma onun aktuallığı və müasir zəruriliyini, irəli sürülmüş qaydaların, kateqoriyaların, alınmış nəticələrin düzgünlüyünü müəyyən etməyə imkan verir.
Ali məktəb pedaqogikasına sistemli-struktur yanaşma bu prosesin çoxkontekstli qavranılması və təhlilinə səbəb olur, obyektiv nəticələr alınmasına şərait yaradır.
Ali məktəbdə peşə hazırlığı mütəxəssis şəxsiyyəti hazırlanmasının bütün prosesinin sistemləşdirici elementidir.
Tələbə şəxsiyyəti inkişafının əsas mənbəyi xarici və daxili amillərdir: irsiyyət, mühit, tərbiyə, peşə hazırlığı, özünütərbiyə və özünütəhsil.
Tələbə şəxsiyyətinin peşə hazırlığında dərketmə, fəaliyyət və ünsiyyət mühüm rol oynayır.
Tələbənin tərbiyəsi və peşə hazırlığı prosesinin məhsuldarlığı – keyfiyyəti onun özünütəhsili və özünütərbiyəsi üçün çox əhəmiyyətli olan aktivlikdən asılıdır.
Tələbə - gəncləri onların inkişafı dinamikasında öyrənmək, irəliyə hərəkətdə proqressiv halları və dəyişiklikləri təhlil etmək zəruridir.
Gələcək mütəxəssisin dünyagörüşü mövqeyinin, dəyərlərə yönəlməsinin motivasiya mühitinin formalaşmasında şəxsi və ictimai maraqların, milli və ümumbəşəri dəyərlərin ahəngdarlığı nəzərə alınmalıdır.
Tələbə şəxsiyətinin formalaşması, onların tərbiyə və təhsili üçün daha yararlı amil kollektiv münasibətlədir.
Ali məktəb pedaqogikasının mühüm inkişaf potensialını praktika təşkil edir.
Ali məktəb pedaqogikasının özünəməxsus xüsusiyyətləri vardır:
Ali məktəb pedaqogikasının öz obyekti və tədqiqat predimeti, metodoloji əsası, vəzifələri və problemləri, əsas pedaqoji anlayışların şərhində özünəməxsus yanaşması vardır. Bütün bunlar müstəqil pedaqoji elm sahəsinin atributlarıdır.
Ali məktəblərdə şəxsiyyətin inkişafı və tərbiyəsi, mütəxəssis hazırlığı həyata keçirilir. Lakin vahid pedaqoji prosesdə sistemləşdirici element kimi gələcək müəllimlərin peşə hazırlığı durur. Tələbələrin peşə hazırlığı professor-müəllim heyətinin, ali təhsil müəssisəsinin bütün struktur vahidlərinin fəaliyyəti ilə həyata keçirilir. Məhz bu fəaliyyət elmi – pedaqoji araşdırma problemlərini müəyyən edir.
Ali məktəbdə pedaqoji proses müəyyən peşə istiqamətində qurulduğundan, ali məktəb pedaqogikası pedaqogika kursu üzrə dərs deyən müəllimləri konkret fakültənin profili üzrə istisaslaşmaya istiqamətləndirməlidir. Bu qayda, hər şeydən əvvəl, didaktikanın, tərbiyənin nəzəriyyə və metodikasının bölmələrinə aiddir.
Müasir dövrdə müəllim hazırlığı klassik universitetlərdə, pedaqoji universitet və institutlarda, ali kolleclərdə aparılır. Bu təhsil müəssisələri müəllim şəxsiyyəti formalaşdırılması işində məzmununa və xarakterinə görə bir-birindən fəqli fəaliyyətlərə malikdirlər. Ali məktəb pedaqogikası hər bir təhsil müəssisəsi üçün müəllim şəxsiyyəti bazasında nəzəri əsaslar və tədris-proqram sənədləri hazırlanmalıdır.
Ali məktəb pedaqogikası tələbə – gənclərin təlim-tərbiyəsi məsələlərini öyrənir. Onlar isə, adətən, orta gənclik dövrü yaşlarında olurlar. Bu yaş dövründə dünyagörüşü və siyasi mədəniyyət formalaşmış olur. Şəxsiyyətin əxlaqi-estetik baxışları və vətəndaşlıq keyfiyyətləri artıq kifayət qədər yüksək səviyyədə olur. Onların peşə fəaliyyətinə hazır olmaları mühüm əhəmiyyət kəsb edir.
Ali məktəb pedaqogikası ali məktəbdə təlim-tərbiyə prosesinin təşkili formalarını (mühazirələr, seminar və laborator məşğələlər və s.) tələbələrin elmi-tədqiqat işlərini (TEC), istehsalat və pedaqoji təcrübəsini, təlim-tərbiyə metod və texnologiyalarını tədqiq edir. Ali məktəbdə təlim-tərbiyə prosesinin özünəməxsus qanunauyğunluqları olur, hər bir struktur komponenti özünəməxsus keyfiyyətlərə malikdir. Bütün bunlar gələcək müəllim hazırlığına təsir göstərir.
Ali məktəbdə tələbə - müəllim münasibətləri orta məktəblərdən fərqlidir. Bu münasibətlərin əsasında demokratik qarşılıqlı təsir prinsipi durur. Tələbələr elmləri öyrəndikcə kifayət qədər müstəqilliyə malik olur. Onların təlim fəaliyyəti vaxtaşırı sessiyalarda qiymətləndirilir. Ali məktəb pedaqogikası, həmçinin, müəllim və tələbə münasibətləri məsələlərinin təhlili ilə də məşğul olur.