Elmilik prinsipi. Bu prinsip tələb edir ki, təlim fənlərinin məzmunu elmin müasir vəziyyətinə uyğun olsun, tələbələr elmi baxımdan əsaslandırılmış biliklərə yiyələnmiş olsunlar. Gənc mütəxəssislərin peşə hazırlığının səviyyəsi, elmi biliklərin praktikaya real tətbiqi imkanları bu didaktik prinsipin reallaşdırılmasından çox asılıdır.
Müasir dövrdə elmi-texniki inkişafın və sosial dəyişikliklərin nəticəsində təlim fənlərinin məzmunu daha tez köhnəlir. Buna görə də tədris proqramları, dərsliklər, tədris-metodik ədəbiyyat da yenilənməli olur. Bu sənədlərin rəsmi dəyişilməsi çox vaxt apardığından fənni tədris edən müəllim özü yenilikçi olmalıdır.
Elmilik prinsipinin reallaşdırılması qaydalarına daxildir:
təlimdə nəzəriyyənin aparıcı rolunun təmin edilməsi;
müasir elm tərəfindən təsdiq edilmiş informasiyanı şərh etmək, lakin, xüsusilə yuxarı siniflərdə, elmi fərziyyələrə də müraciət etmək;
konkret elmin perspektivlərini, əsas inkişaf tendensiyalarını şərh etmək;
öyrənilən elmin elmi-texnoloji aparatından, dilindən istifadə etmək.
Sistematiklik və ardıcıllıq prinsipi.İstənilən elmin öz məntiqi, öz inkişaf sistemi vardır ki, bunlar da avtomatik olaraq təlim fənnində əks olunur. Didaktik sistem ancaq ümumi şəkildə elmi sistemə və məntiqə uyğun olur. Didaktik sistem təlim materialının ardıcıl, yeni biliklərin əvvəlki biliklərə əsaslanması şəklində tədrisini nəzərdə tutur.
Sistematiklik və ardıcıllıq prinsipinin didaktik qaydalarına daxildir:
tələbələrin əvvələr qazandıqları biliklərə əsaslanmaq;
fənlərarası əlaqələri nəzərə almaq.
Nəzəriyyə ilə praktikanın əlaqəsi prinsipi. Faktların nəzəri təhlili və başa düşülməsi tələbələrin təlim materialını şüurlu və fəal şəkildə mənimsəmələrinə zəmin yaratmış olur. Praktika idrakın mənbəyi, hər bir nəzəriyyə üçün həqiqət ölçüsü, dərketmə nəticələrinin tətbiqi sahəsidir.
Ali məktəbdə praktik məşğələlər və tədqiqatçılıq xarakterli işlər maraq doğurur: müşahidə, təcrübələr, eksperimentlər, problem xarakterli pedaqoji məsələlrin həlli, pedaqoji oyunlar.
Bu prinsipin reallaşdırma qaydalarına bunlar daxildir:
nəzəri elmi biliklərin şərhi zamanı incə bir tərzdə onların praktikada tətbiqinə də toxunmaq;
praktik məsələlərin həlli zamanı tələbələrin mövcud təcrübələrini nəzərə almaq, real təbiq yollarını göstərmək;
praktik fəaliyyət zamanı nəzəri biliklərə yiyələnmə yollarını öyrətmək.
Müəllim və şagirdlərin birgə (qarşılıqlı) fəaliyyəti prinsipi. Bu prinsipin səmərəliliyi üçün müəllimlər:
fəaliyyətin demokratik stilinə malik olmalı;
tələbələrə hörmətlə, prinsipial və tələbkarlıqla yanaşmalı;
onlarda fəallıq, təşəbbüskarlıq və müstəqilliyi inkişaf etdirməli;
onlara empatik münasibət bəsləməli;
tələbələrə zəruri pedaqoji köməklik göstərməlidirlər.
Tələbələr:
təlim-tərbiyə prosesinə fəal münasibət göstərməli;
diskussiyalarda, problem-situasiyaların həllində iştirak etməli, tapşırıqları yerinə yetirməli;
dərnəklərdə, elmi-tədqiqat və tədris-təcrübə işlərində iştirak etməli;
pedaqoji təcrübə zamanı lazımi məsəlləri peşəkarlıqla həll etməlidirlər.
Bu prinsipin reallaşdırma qaydalarına daxildir:
qarşıya quyulmuş məqsədə yaş xüsusiyyətləri və təhsil səviyyələrini nəzərə alaraq, empatiyaya əsaslanaraq, tələbələrlə əməkdaşlıq yaratmaq və möhkəmləndirmək;
təlim-tərbiyə prosesində müxtəlif metodlardan və texnologiyalardan istifadəyə çalışmaq;
tələbələri aşağı kurslardan başlayaraq müxtəlif növ elmi-tədqiqat işlərinə cəlb etmək;
müxtəlif yollar və metodik vasitələrlə tələbələrin idraki fəallığı, təşəbbüskarlığı, müstəqilliyi və məsuliyyətliliyini inkişaf etdirmək.