Suallar və tapşırıqlar “Ali təhsil” və “Təhsilin aliliyi” ifadələrinin fərqi nədir?
Pedaqoji prosesin tərəflərini xarakterizə edin.
II mühazirə. Ali məktəb didaktikası. Təlimin prinsipləri
Plan Didaktika haqqında anlayış.
Təlimin məqsəd və vəzifələri.
Ali təhsil proqramları.
Təlimin prinsipləri.
Ədəbiyyat siyahısı Kazımov N. Ali məktəb pedaqogikası, Bakı, 2006.
İsmixanov M., Bəxtiyarova R. Ali məktəb pedaqogikası. Bakı – 2014.
Əhmədov B., Rzayev A. Pedaqogikadan mühazirə konsepktləri. Bakı, Maarif, 1983.
Osman Əfəndi. Ali məktəb pedaqogikası üzrə mühazirələr. Bakı, 2010.
Пиoнова Р.С. Педагогика высшей школы. Минск, 2002.
Ali məktəbdə pedaqoji prosesin alt sistemlərindən biri təlimdir. Təlim məqsədə, vəzifələrə, məzmuna malikdir. O, prinsip, metod və vasitələrlə müəyyən edilir, müxtəlif təşkilat formalarında, müxtəlif texnologiya və modellər üzrə reallaşdırılır.
Beləliklə, pedaqoji prosesin elementləri olan məqsəd, vəzifələr, məzmun, qanunauyğunluqlar, prinsiplər, metodlar, vasitələr, formalar, texnologiyalar, pedaqoji ali məktəbin didaktik sistemini təşkil edir.
Didaktika ali məktəb pedaqogikasının bölmələrindən biri olub, təhsil sistemi üçün müəllim və digər mütəxəssislər hazırlığı üzrə təlim prosesinin məqsədi, vəzifələri, məzmunu, qanunauyğunluqları, prinsipləri, metodları, vasitələri, texnologiyaları formalarını müəyyən edir və əsaslandırır.
Ali məktəb pedaqogikası tələbələrin təlim işinin nəzəri və metodiki əsaslarını hazırlayarkən ümumi pedaqogika elminin didaktik fundamentinə əsaslanır.
Bütün peşə pedaqogikalarının didaktika bölməsi vardır və onun ümumi nüvəsini təşkil edir. Bu bölmələrin xüsusiyyətləri təhsil müəssisəsinin tipindən, təlimin məqsəd və vəzifələrindən, təlim materialının məzmunundan, prinsiplərindən, təlim metodikası və texnologiyalarından, təlim-tərbiyə prosesinin təşkili formaları, onun funksiyaları, iştirakçıları və bu prosesin təşkilatçılarından asılı olaraq müəyyən edilir.
Pedaqogikanın didaktika bölməsindən başqa tələbələr peşə hazırlığı üzrə baza fənlərinin tədrisi metodikalarını da öyrənirlər. Bunlar xüsusi metodikalar adlanır. Pedaqogikanın ümumi didaktika bölməsində verilən biliklər xüsusi metodikaların daha dərindən qavranılması və mənimsənilməsinə kömək edir.
Pedaqoji ali məktəb didaktikasının sistemləşdirici elementi gənc mütəxəssislərin hazırlanması məqsədidir.