Təlimin axtarıcılıq-yaradıcılıq metodları.
Bu qrupa aid olan metodlar tələbələrin kreativliyi, yaradıcı təfəkkürünün inkişafı, idraki və elmi aktivliyin, elmi axtarıcılıq bacarıqlarının formalaşmasını təmin edir. Paralel olaraq yeni biliklər qazanılması və onların möhkəmləndirilməsi və yoxlanılması baş verir.
Bu metodlar qrupuna diverqent təfəkkürləri daha çox inkişaf etmiş tələbə və müəllimlər müraciət edir. Onlar problemi qeyri-ənənəvi yolla həll etməyə çalışırlar.
(“Alınan informasiyanı təhlil etməyin iki yolu vardır: konverqent və diverqent təfəkkürlə. Konverqent (uyğunluq) təfəkkür məsələnin bir cür həllinə yönəlir, diverqent (uyğunsuzluq) məsələnin həlli üçün mümkün cavablar çoxluğuna istiqamətlənir, ideyalar müxtəlif istiqamətlərə dağılır”.)
Müşahidə. Nisbətən sadə olan bu metod ali məktəbdə birinci kursdan başlayaraq bütün fənlər üzrə aparıla bilir.O, tələbələrə hadisələrin, proseslərin, şəraitlərin mahiyyətini dərk etməyə, elmi ümumiləşdirmələrə, nəticələr çıxartmağa imkan verir. Metodun səmərəliliyi tələbələrin məqsədi aydın dərk etməsi, metodikanı hazırlayıb mənimsəmələri, müşahidə zamanı obyektlərin və proseslərin müəyyən edilmə texnikasına yiyələnmələrindən asılıdır.
Eksperiment. Bu metod yeni təlim və elmi məlumatlar əldə etməyə, nəzəri nəticələr çıxarmağa, fərziyyənin yoxlanmasına, yəni elmi konsepsiyalar yaradılmasına xidmət edir. Bu metoddan istifadə tələbələrdən yüksək elmi-nəzəri hazırlıq tələb edir. Öz növbəsində, eksperiment tələbələrin yeni biliklərlə, tədqiqatçılıq bacarıqları ilə silahlanmasına, onlarda yorulmadan çalışmaq, analitik ağıl, kreativlik formalaşmasına səbəb olur.
Bu metod, adətən ali məktəbin yuxarı kurslarında tətbiq olunur. Çünki o, mürəkkəb bir metoddur, reallaşdırılması çox uzun müddət tələb edir.
Pedoqoji eksperiment, adətən, üç mərhələdən ibarət olur: müəyyənedici mərhələ, öyrədici mərhələ, yoxlama mərhələsi. Hər bir mərhələnin məqsədi, məzmunu və müddəti olur.
Ali məktəblərdə bu metoddan kurs və diplom işlərinin yazılmasında, həmçinin tələbənin kafedra elmi-tədqiqatlarında iştirakı zamanı istifadə olunur. Eksperimet metodu tələbələrin yüksək fəallığı və müstəqilliyini tələb etsə də, hər halda onun uğurla nəticələnməsi tələbələrin müəllimlə qarşılıqlı əlaqəsindən əhəmiyyətli dərəcədə asılıdır.
Dostları ilə paylaş: |