Labirint. Metodun mahiyyəti ondadır ki, tələbələr məsələnin həlli üçün problem, problem - şəraitlə bərabər, eyni zamanda onun həlli üçün təklif edilən səhv və düzgün variantları da alırlar. Müxtəlif labirint yollarla gedərək, məsələnin, problemin, konflikt şəraitin bir və ya bir neçə düzgün həlli yolunu tapırlar.
Bu metodu daha çox çoxvariantlı situasiyalardan tez və düzgün nəticə çıxarmaq bacarığı yaratmaq üçün istifadə edirlər.
“Beyin hücumu”.Mürəkkəb metoddur və geniş tətbiq olunmur. Mübahisəli məsələlərin, fərziyyələrin, problemli, yaxud konfiliktli şəraitlərin müzakirəsi zamanı müsbət nəticə verir.
Metodun tətbiqi texnologiyası bu cürdür: Akademik qrup iki yarımqrupa bölünür: ideya generatorları və ideya tənqidçiləri. Üç nəfər ekspert-analitik müəyyən edilir. Metod dörd mərhələdə reallaşır.
birinci mərhələ hazırlıq mərhələsidir. Müəllim oyunun məqsədi,
məzmunu xarakteri və qaydaları barədə təlimat verir;
ikinci mərhələdə ideya generatorları müəyyən edilmiş problemin həlli üzrə təkliflərini tez və dəqiq irəli sürürlər;
üçüncü mərhələdə ideya tənqidçiləri “hücuma keçirlər” : bu ideyalardan daha dəyərli, proqressiv olanları təhlil edir, qiymətləndirir, tənqidi yanaşaraq, onları problemin həllini təmin edəcək aktual mülahizələrin siyahısına daxil edirlər;
dördüncü mərhələdə ekspertlər hər iki yarımqrupun fəaliyyətini, irəli sürülən ideyaların əhəmiyyətini qiymətləndirirlər.
“Beyin hücumu” metodu tələbələrdə analitik və yaradıcılıq qabiliyyətlərinin inkişafına köməklik edir.
“Akvarium”. “ Beyin hücumu” metoduna oxşardır, yaradıcı təfəkkürün, mürəkkəb problemlərin həlli yollarının idraki və peşəkar axtarışı bacarıqlarının inkişafı məqsədi daşıyır.
Akademik qrup iki yarımqrupa bölünür. Bu qruplardan biri auditoriyanın ortasında dairə halında düzülərək “akvarium” təşkil edirlər. İkinci qrup “akvarium” ətrafında əyləşərək, diskussiyanın gedişini izləyirlər. Diskussiyanı müəyyən problem üzrə mərkəzdə oturanlar aparır. Kənardakılardan hər biri diskussiya iştirakçılardan 1 və ya 2 nəfərini izləyir.
Müəllimin təyin etdiyi müddət bitdikdən sonra diskussiyanın gedişi və problemin həlli dərəcəsi təhlil edilir. İştirakçıların fəallığı və irəli sürülmüş ideyaların aktuallığı qeyd olunur. Əgər “akvariumda” oturanlar problemi hərtərəfli müzakirə edə bilməmişlərsə, ümumi diskussiya başlayır. Sonra söz ekspert - analitiklərə verilir.