Mövzu 5 KƏND TELEFON ŞƏBƏKƏLƏRİ VƏ RADİO YAYIM Müasir kənd iri mexanikləşdirilmiş və avtomatlaşdırıl-mış istehsal proseslərindən ibarət müəssisələrə malikdirlər və bunlar yeni texnologiyalarla işləyən rabitə vasitələrinin müxtəlif növlərinin intensiv inkişafını tələb edir. Kənd yerlərində rabitə dedikdə, kənd rayonlarının ərazisində telefon rabitəsinin təşkili başa düşülür.
Kənd telefon şəbəkəsi (KTŞ) kütləvi istifadədə olan vahid şəbəkə prinsipində qurulur və rayondaxili, müəssisə, idarə və s. kimi istehsal bölmələrinin və məskunlaşmış əhalinin telefon rabitəsinə olan təlabatını ödəyən bir telekommunikasiya şəbəkəsidir. Bu rayon mərkəzində, rayonun tabeliyində olan şəhərlərdə, şəhər tipli qəsəbələrdə və rayon ərazisində yerləşən başqa yaşayış məntəqələrində olan stansiya avadanlıqlarını, xətt qurğularını və radiotelefon rabitəsini özündə birləşdirir.
KTŞ yerli şəbəkəyə aiddir. Bu kənd rayonu hüdudunda keyfiyyətli və etibarlı rabitəni təmin etməlidir. Bununla yanaşı, hər bir ŞTŞ ümumidövlət TKŞ-nə daxildir və onların beynəlxalq və şəhərlərarası TKŞ-lərinə qoşulmaq hüququ vardır. Yerlərinə görə KTŞ-nin stansiyaları aşağıdakı növlərə bölünür:
-rayon mərkəzində yerləşən və eyni zamanda rayonun telefon stansiysı hesab edilən, mərkəzi stansiya (MS);
-kənd rayonunun hər hansı yaşayış məntəqəsində yerləşən, qovşaq stansiyası (QS). SS (son stansiyalar) QS-larına birləşdirici xətlərin köməyi ilə qoşulur;
-kənd rayonunun yaşayış məntəqələrinin hər hansı birində yerləşən son stansiyalar (SS).
KTŞ bir sıra xüsusiyyətləri ilə xarakterizə olunur ki, bunlarda şəbəkənin qurulma prinsipini müəyyənləşdirməyə imkan verir. Bir qayda olaraq, KTŞ xeyli böyük ərazini əhatə edir, ŞTŞ-nə nisbətən kiçik telefon sıxlığına malikdir və abunəşilər ərazi boyunca qeyri-bərabər paylanır. Bu isə nəticədə kiçik tutumlu stansiyaların və stansiyalararası uzun xəttin tikintisinə gətirb çıxardır.
KTŞ-nin abunəçi xətləri də xeyli uzun olur. Bəzi hallarda abunəçi xəttinin uzunluğu 15-20 km-ə çatır. Abunəçi xəttinin yaxşılaşdırılması üçün qoşalaşmış telefon aparatlarından və qruplaşdırılmış qurğulardan geniş istifadə olunur.
Birləşdirici xətlərin uzun, onların tikintisinin mürəkkəb olması hesabına və kiçik tutumlu dəstələrdən istifadə edilməsi, stansiyalararası rabitə sistemlərinin istismarını yaxşılaşdırmaq üçün xüsusi tədbirlər görməyə gətrib çıxardır. Bu tədbirlərə aşağıdakılar daxildir:
-KTŞ-nin spesfik üsulla qurulması (radial, radial-qovşaq);
-iki tərəfli xəttin tətbiqi;
-ŞTŞ-də buraxıla bilən itkinin normativ qiyməti ilə müqayisədə məlumatların itkisinin normativ qiymətini artırmaq;
-sıxlaşdırma sistemlərinin tətbiqinin genişləndirilməsi;
-bir xətdən eyni zamanda həm yerli və həm də şəhərlərarası rabitənin təşkilində istifadə edilməsi.
Şəbəkədə çoxlu sayda kiçik tutumlu stansiyaların olması və bir qayda olaraq, onların hamısından tam şəkildə istifadə edilməməsi, nömrələnmə sisteminin seçilməsində bir sıra çətinliklərə gətrib çıxardır. Bəzi hallarda seçilmiş nömrələnmə sistemindən rahat istifadə etmək üçün, əlavə avadanlığın quraşdırılmasına zərurət yaranır.
Göstərilən xüsusiyyətlər KTŞ-nin qurulma prinsipini seçməyə imkan yaradır. KTŞ-nin qurulmasında əsasən radial-qovşaq prinsipinə üstünlük verilir. Bu halda rayon mərkəzində MS quraşdırılır ki, buda eyni zamanda KTŞ-nin əsas kommutasiya qovşağı hesab olunur. KTŞ böyük ərazi əhatə etdiyindən, bütün abunəçi xətlərinin bilavasitə MS-ya qoşulması iqtisadi cəhətdən özünü doğrultmur. Ona görə də KTŞ-nin qurulmasında qovşaq prinsipindən istifadə edilir. Şəkil 7-də KTŞ-nin qurulmasının müxtəlif variantları göstərilmiçdir.
Şəkil 7,a-da KTŞ-nin birpilləli prinsiplə qurulma sxemi göstərilmişdir. Sxemdən göründüyü kimi bütün son stansiyalar (SS) bilavasitə MS-ya qoşulur.
Kənd rayonunun ərazisi böyük olduqda iki- və üçpilləli qurulma prinsipindən istifadə olunur. Şəkil 7,b-də üçpilləli prinsiplə qurulmuş KTŞ-nin sxemi göstərilmişdir. Burada SS aralıq stansiyası (AS) və qovşaq stansiyasından keçməklə MS-ya qoşulur..
Qeyd etmək lazımdır ki, pillələrin sayı artdıqcan sönmənin qiyməti bir o qədər çoxalır. Ona görə də üçpilləli prinsipdən xüsusi hallar da, yəni abunəçi ilə MS arasındakı məsafə xeyli uzaq olduqda istifadə edilir.
KTŞ-nin rabitə xətti, stansiyalararası birləşdirici və abunəçi xətlərindən ibarətdir. Birləşdirici xətt kimi, yüksəktezlikli simmetrik və optik kabellərdən, abunəçi xətti kimi isə, əsasən aşağıtezlikli simmetrik kabellərdən istifadə olunur.
Müasir KTŞ rəqəm verliş sistemləri bazasında qurulur. Ona görə də sıxlaşdırma apparaturaları kimi İKM-15 və İKM-30 avadanlıqlarından geniş istifadə edilir.
Kənd rayonlarının mərkəzində gücü 1;2;5 və ya 10 kVt olan radiotranslyasiya qovşaqları tikilir. Radiotranslyasiya şəbəkələri iki- və üçmanqalı olub, ərazidəki bütün yaşayış məntəqələrinə xidmət göstərir. Əgər yüksək gərginlikli fider sistemləri vasitəsi ilə rayon mərkəzindən xeyli uzaqda yerləşən yaşayış məntəqələrini əhatə etmək mümkün olmazsa, onda əlavə olaraq bir neçə gücləndirici yarımstansiyalar quraşdırılır.
Rayon mərkəzində yerləşən gücləndirici stansiyalardan qidalanan, böyük yükə malik iri radioqovşaqlar olduqda, onda üçmanqalı şəbəkə tətbiq edilir. Stansiyaların sayı, onların gücü və ərazidə yerləşdirilməsi real şəraitdən və yükdən asılı olaraq təyin edilir.
Yerli şəraitdən asılı olaraq, raodioqovşaqlardan və gücləndirici transformator yarımstansiyalarından qidalanan ikimanqalı paylayıcı fiderlər ən əhəmiyyətli hesab edilir. Bu paylayıcı fiderlərin sayı adətən 6÷10 arasında qəbul edilir. Böyük yaşayış məntəqələrində tikilən radiotranslyasiya şəbəkələrinin paylayıcı qovşaqlarının yaratdığı yük 20 min radionöqtədən artıq olmamalıdır. Kiçik yaşayış məntəqələrində isə bu 6÷8000 radionöqtədən ibarətdir.