2.3. Mikroiqtisadiyyatda əsas qanunlar İqtisadi qanunlar iqtisadiyyatın inkişaf qanunlarıdır. Təbiətdə olduğu kimi cəmiyyətdə də ona xas olan obyektiv inkişaf qanunlarını inkar etmək olmaz. Lakin, təbiətin mütləq mənada obyektiv qanunlarından fərqli olaraq iqtisadi qanunlar şüurlu fəaliyyətin, insanın, cəmiyyətin və dövlətin fəaliyyəti şəraitində təsir göstərən qanunlardır. Bunlar insanların şüurlu, məqsədli fəaliyyətlərində özünü göstərən və reallaşan qanunlardır. Bu səbəbdən iqtisadi qanunlara iradi, subyektiv anlayışlar kimi də baxmaq olmaz. Təbiət qanunları kimi iqtisadi qanunlar da obyektiv qanunlar kimi fəaliyyət göstərirlər.
Ən ümumi şəkildə götürüldükdə qanun, hadisələrin, şeylərin daxili mahiyyətidir. Bütün hadisələr isə bir-biri ilə qarşılıqlı əlaqə və asılılıq şəraitində, daim inkişaf və hərəkətdə fəaliyyət göstərirlər. Bunların arasında təsadüfi, keçici, bir an fəaliyyətdə olan hadisə və əlaqələr də mövcuddur. Qanun isə baş verən hadisələr arasındakı hər cür əlaqəni deyil, onlarda sabit qalan, təkrar olunan ən mühüm səbəb-nəticə əlaqələrini ifadə edir. Deməli, qanun hadisələrin bütün cəhətlərini və tərəflərini yox, onların ən mühüm mahiyyətini əks etdirir. Məsələn, əmtəənin alqı-satqısına, qiymətinə çoxlu təsadüfi hadisələr təsir göstərə bilər. Lakin burada əsas cəhət onun istehsalına sərf edilən xərclər və faydalılığıdır.
İqtisadi qanunlar sistem şəklində fəaliyyət göstərirlər. Bu o deməkdir ki, onlar bir-birilə bağlı və qarşılıqlı asılılıq şəraitində təsir göstərir və təzahür edirlər. Qanunların təzahür etdiyi, yəni aşkara çıxdığı formalara iqtisadi kateqoriyalar, iqtisadi anlayışlar deyilir. Əmtəə, pul, bank, kredit, tələb, təklif və s. eyni zamanda iqtisadi qanunlar sisteminin təzahür formalarıdır. Biz həyatda iqtisadi qanunları «xalis», «çılpaq» şəkildə müşahidə edə bilmərik. Bu qanunların dərk edilməsi, öyrənilməsi və üzə çıxarılması iqtisadi nəzəriyyənin funksiyasıdır. Hər bir qanunun fəaliyyət mexanizmini, tə’sir dairəsini, təzahür formalarını öyrənmək, aşkar etmək mühüm nəzəri və əməli əhəmiyyət kəsb edir. Bu baxımdan çağdaş iqtisadi sistemdə, sərbəst bazar iqtisadiyyatında ən geniş təsir dairəsinə malik olan iqtisadi qanunları - dəyər qanunu, qiymət qanunu, pul tədavülü, tələbatın artması, tələb, təklif, rəqabət kimi qanunların öyrənilməsinin böyük əhəmiyyəti vardır. Ölkəmizin keçid iqtisadiyyatı dövründə olduğunu nəzərə alıb ümumiqtisadi qanunların və prinsiplərin bu şəraitdə necə və hansı istiqamətdə, çərçivədə təsir göstərə bilməsi məsələlərini də öyrənmək lazım gəlir. Bir sözlə, milli iqtisadiyyat hansı iqtisadi sistemə keçirsə, o sistemə də xas olan iqtisadi qanunlar və kateqoriyalar da orada fəaliyyət göstərməlidir. Lakin, hər bir ölkənin, regionun özünə məxsus maddi, iqtisadi və mənəvi dəyərləri, konkret iqtisadi şəraiti nəzərə alınmaqla iqtisadi kateqoriyaların necə və hansı çərçivədə təsir göstərməsi də öyrənilməlidir.
Sovet iqtisadi ədəbiyyatında, dərsliklərində adətən iqtisadi qanunları və anlayışları ümumi və xüsusi kateqoriyalara, daha doğrusu, kapitalizmin və sosializmin iqtisadi qanunlarına bölürdülər. Buradan da «kapitalizm» və «sosializm» siyasi iqtisad elmləri, buna uyğun kapitalizmin və sosializmin iqtisadi qanunları anlayışı yaranmışdır. Ən çox iqtisadi qanunların obyektivliyindən və onlardan şüurlu, planlı istifadə edilməsinin zəruriliyindən bəhs edən «sosializmin» siyasi iqtisad elmi olmuşdur. Əslində isə totalitar, inzibati-planlı üsulla idarə edilən Sovet sosialist sis-temində heç bir obyektiv iqtisadi qanunun tələbləri nəzərə alınmamışdır. Digər tərəfdən, «əməyə görə bölgü», «sosialist yığımı», «sosialist əhali artımı», «sosializm yarışı», «planauyğunluq» kimi anlayışlar yalnız sosializmə xas olan xüsusi qanunlar kimi təqdim olunurdu. Bütün bunları təbliğ etmək, Sovet sosialist iqtisadiyyatının üstünlüklərindən danışmaq, kapitalizmi «tüfeyli», «çürüməkdə» olan, «kortəbii» və «hərc-mərclik» yolu ilə gedən bir cəmiyyət kimi qələmə vermək «sosializm siyasi iqtisadının» başlıca vəzifəsi idi. Bunları yada salmaqda məqsədimiz odur ki, iqtisadi nəzəriyyə partiyalılıqdan uzaq, tərəfsiz, obyektiv bir elm kimi fəaliyyət göstərməli və funksiyalarını da bu istiqamətdə yerinə yetirməlidir. Bununla bağlı P.Samuelson «Ekonomiks» dərsliyində haqlı olaraq göstərir ki, iqtisadi nəzəriyyə ayrı-ayrı partiya, ictimai təbəqələrin elmi kimi çıxış edərsə, o öz həqiqi obyektindən uzaqlaşar, ümumiqtisadi prinsip və nəzəri fikirlər deməkdən məhrum olar.
İqtisadi qanunları dərk etməyin, öyrənməyin əsas şərti, o qanunların fəaliyyət köstərdiyi şəraiti araşdırmaqdır.
Təbiət qanunlarından fərqli olaraq iqtisadi qanunların normal fəaliyyət göstərməsi üçün zəruri şərtlərin olması lazımdır. Məsələn, rəqabət qanununun normal fəaliyyəti üçün sərbəst sahibkarlığın, azad təşəbbüsün sərbəst bazar qiymətlərinin olması tələb olunur.
Dövlətin iqtisadiyyatı tam nəzarətdə saxlaması və inhisara alması iqtisadi qanunların təsir dairəsini daraldır və onların özünü göstərməsinə imkan vermir. Əksinə, ölkədə dövlət inhisarçılığının, habelə hər cür inhisarçılığın aradan qaldırılması iqtisadi qanunların da sərbəst fəaliyyəti üçün şərait yaradır. Bu halda dərk edilmiş iqtisadi qanunlar iqtisadiyyatın makro və mikro səviyyələrində idarəetmənin, təsərrüfatçılıq üsullarının elmi əsaslarına çevrilə bilər. Aydındır ki, təsərrüfat subyektləri ən çox hüquqi qanunlar əsasında idarə edilir və tənzimlənir. Lakin, onu da unutmaq olmaz ki, hüquqi qanunlar iqtisadi şəraiti və tələbatı az və ya çox dərəcədə düzgün əks etdirdikdə işləyə bilərlər. Bu qanunları iqtisadi qanunlarla da eyniləşdirmək olmaz. Son vaxtlar parlamentlərdə iqtisadi islahatlara dair verilən qanunları iqtisadi qanunlar adlandırırlar. Bu kütləvi mətbuat orqanlarında da ifadə olunur. Nəzərə almaq lazımdır ki, dövlətin, parlamentin qəbul etdiyi qanunlar yalnız hüquqi qüvvəyə malikdir. Bu qanunlar «işləyə» də bilər, işləməyə də, onları dəyişdirib yenisi ilə əvəz etmək də o qədər çətin deyil. Lakin, rəqabət, tələb-təklif, tələbatın artması kimi iqtisadi qanunları ləğv etmək, yenisi ilə əvəz etmək olmaz. Buna görə də hüquq qanunları ilə gerçək iqtisadi həyatı ifadə edən iqtisadi qanunları eyniləşdirmək də düzgün olmazdı.
Elmi həqiqətləri araşdırmağın, dərk etmənin metod və üsullarına bələd olmadan iqtisadi nəzəriyyəni bir elmi sistem kimi öyrənmək də çətindir. Bunu nəzərə alıb iqtisadi nəzəriyyədə tətbiq olunan elmi idrak metodlarının qısa şərhini veririk.
İqtisadi nəzəriyyə təsərrüfat fəaliyyəti, iqtisadi münasibətlər zamanı insanların davranışlarını, onların davranış formalarını da öyrənir. Onların davranışları həm obyektiv şəraitdən, obyektiv iqtisadi qanunların tələbindən və həm də subyektiv-psixoloji amillərdən, subyektiv-psixoloji qanunlardan asılı olaraq baş verir.
Mikroiqtisadiyyatda qanunların işləməsi mexanizmi
İnsanlar məhdud imkanlar və resursların az olduğu bir dünyada yaşayırlar. Hava və günəş şüası istisna olmaqla, insanları əhatə edən və onların istifadə etdiyi nə varsa kəmiyyət və keyfiyyətcə məhduddur. İnsanların fiziki və mənəvi qabiliyyətləri də məhduddur. Vaxtın özü də məhduddur, sutka cəmi 24 saatdır.
Bunlarla belə bu məhdud resurslardan istifadə imkanları, variantları da müxtəlifdir. İnsanların seçimi üçün imkanlar da böyükdür və bu seçim təsərrüfatçı subyektin bacarığından, qabiliyyətindən çox asılıdır. Məsələn, metaldan kosmik raket, traktor, tank, uşaq oyuncaqları və s. düzəltmək olar. Mövcud vaxtdan səmərəli və səmərəsiz istifadə mümkündür. Müxtəlif resurslardan istifadə olunması imkanı onların təbii xassələri isə bağlıdır. Onlardan alternativ qaydada istifadə edilməsi isə insanların öz qarşılarına qoyduqları məqsədlərin əhəmiyyətliliyi dərəcəsindən asılıdır.
Resursların məhdudluğu insanlara öz tələbatlarını ödəmək naminə alternativ variantlardan istifadə etməyə məcbur edir və o, seçim qarşısında qalır, az olan resursları hansı məqsədə yönəltmək sualəna cavab verməli və ona uyğun olaraq da addımlar atmalıdır. Belə şəraitdə təsərrüfatçı subyekt hansı addımları atmalıdır? Nə, necə və kim üçün istehsal etməlidir?
İqtisadi nəzəriyyə iqtisadi subyektlərin müxtəlif maddi və mənəvi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində iqtisadi davranışlarını, yəni fərdi və ictimai fəaliyyətləri zamanı hansı qərarlar qəbul edəcəkləri ilə bağlı məsələləri ayırıb öyrənir.
Görkəmli iqtisadçı Con Meynard Keyns iqtisadçıları sivilizasiyanı haqlı olaraq mümkün edən adam adlandırmışdır. Eləcə də o, bir deyimində yazırdı ki, siyasi xadimlər və iqtisadçılar səhv etsələr belə, onların səhvləri də qiymətlidir, çünki dünyanı onlar idarə edirlər. Burada həqiqət vardır. Lakin son dövrlərdə dünya iqtisadiyyatında baş verən köklü dəyişikliklər qloballaşmanın təsiri ilə artıq nəzəriyyələrə, mövcud baxışlara sığmayan idarəetmə prosesləri, prinsiplər, qarşılaşdıqları ziddiyyətlər, çətinliklər yeni iqtisadi təfəkkürün meydana gəlməsini zəruri etmişdir. Bu zərurət haqqında çoxlu yazılmışdır və yazılmaqda olsa da problem çözülməmiş qalmaqdadır. Belə ki, müasir dövrün iqtisadiyyatı elmli idarə olunmanı tələb edir. Həm də, bu iqtisadiyyat milli çalarlarını getdikcə itirən, sözün əsl mənasında daha çox ictimailəşən iqtisadiyyata çevrilmişdir. Görkəmli siyasi xadimlər, məhşur iqtisadçılar da müxtəlif cür cəhd etsələr də, yeni çalarlı gedişin əsl mahiyyətinə hələlik lazımınca vara bilmir, hətta demokratik şəraitdə uğurlu inkişafa nail olunmur. İqtisadi artım keyfiyyət halına çevrilə bilmir. İqtisadi artım əldə olunsa da belə ümumən böhran idarəçilik prinsipləri halları artıq milli iqtisadiyyat çərçivəsinə sığmır. İqtisad elminin qanunları sanki “yoxa” çıxaraq yeni çözümünü tələb edir. Əgər birinci dünya iqtisadi böhranı vaxtı bu yalnız kapitalizm sistemində baş vermişdirsə, fərqli xüsusiyyət budur ki, artıq bu böhran dünya iqtisadiyyatını əksərən bürümüşdür, sistemin öz daxilinə aiddir. Məsələ bundadır ki, siyasi xadimlər və ən yüksək rütbəli iqtisadçılar da hələlik bu prosesin elmi-nəzəri qiymətini lazımınca verə bilmir, hər cür proqnozları əksərən reallıqları əks etdirmir. Belə halda mövcud iqtisad elmi, iqtisadi təfəkkür bütövlükdə, yəni dünya iqtisadiyyatı formatında və milli iqtisadiyyatın bu formatda səciyyəvi cəhətlərinin necə olacağı haqqında hərtərəfli bilik vermir. Hadisələrin məntiqi rasional səviyyədə təhlil olunsa da, bu prosesi axıra qədər dərk etmək mümkün olmur. Buna görə də, müasir tipli yeni iqtisadi təfəkkür tərzinin meydana gəlməsi zərurətini qaçılmaz edir.
Artıq indiki halda müasir iqtisadi problemlərin mahiyyətini, təzahür formalarını, zəruri qanunlarını, onların fəaliyyəti mexanizmini, idarəetmə metodlarını özündə birgə ifadə edən milli və beynəlxalq mənafeləri əlaqələndirən, elmə əsaslanan təfəkkürlər, nəzəriyyələr lazımdır. Şübhəsiz, bu təfəkkürlər, iqtisadi düşüncə tərzləri birdən-birə deyil, tədricən formalaşmalıdır. Bu formalaşma üçün dünyada gedən iqtisadi inkişaf prosesi, artıq obyektiv zəmin yaratmışdır.