Mövzu 16. İstehsal amilləri və amil gəlirlərinin bölgüsü nəzəriyyəsi 16.1.İstehsalın əsas amilləri 16.2.İstehsal artımının istehsal amillərinin istifadəsindən asılılığı 16.3. Amil gəlirləri nəzəriyyəsi 16.4. Amil gəlirləri və onların funksional bölgüsü 16.5.İstehsal amilləri bazarında tələb və təklif. Firmanın tarazlığı
16.1.İstehsalın əsas amilləri istehsal - maddi nemətlər hazırlanması prosesidir. Məhsul istehsal edərkən insan təbiət obyektlərinə təsir edir, onlara maddi tələbatlarının ödənilməsi üçün yararlı forma verir. Qeyd olunduğu kimi, istehsal təbiət maddələrinin bilavasitə istehlak və ya sonrakı istehsal üçün işlənilməsidir. İstehsalın belə vəzifəsi onun istənilən sosial formasında saxlanılır.
Nemətlər istehsalında hansı amillərin iştirakı məsələsini aydınlaşdırmaq bizim üçün vacibdir. İqtisadi nəzəriyyədə istehsal amili dedikdə istehsalın imkanları və nəticələrinə həlledici təsir göstərə bilən element və ya obyekt başa düşülür. Məhsul istehsalı üçün istifadə olunan amillər olduqca çoxdur, özü də hər bir məhsulun hazırlanması üçün öz amillər toplusu var. Onları təsnif etmək, böyük qruplarda birləşdirmək ehtiyacı yaranır. Təsnif etməyə müxtəlif yanaşmalar mövcuddur.
Marksist nəzəriyyə iş qüvvəsi, əmək predmeti və əmək vasitələri kimi qrupları ayırır və onları istehsalın şəxsi amilləri və istehsalın maddi amilləri olmaqla iki böyük qrupa ayırır. İstehsalın şəxsi amili kimi həmişə iş qüvvəsi - insanın fiziki və zehni qabiliyyətlərinin məcmusu - nəzərdən keçirilir. Maddi amillərkimi bütün istehsal vasitələrinin məcmusu götürülür. Şəxsi və maddi amillər qarşılıqlı əlaqəli mürəkkəb sistem yaradır ki, bunların da səmərəliliyi texnologiya və istehsalın təşkili ilə müəyyənləşir.