5.Müəllimin pedaqoji etikası.Pedaqoji prosesdə müəllimin müvəffəqiyyətinin başlıca amillərindən biri də onun şagirdlərlə emosional zəmin üzərində qurulmuş səmimi qarşılıqlı münasibətlər yarada bilməsidir. Bu da birbaşa müəllimin pedaqoji etikası ilə bağlıdır. Pedaqoji etikanın incəliklərinə yiyələnən müəllim həm də demokratik ünsiyyət üslubuna yiyələnmiş olur. Eyni zamanda müəllim-şagird münasibətlərində pedaqoji əməkdaşlığa nail olur. Alman şairi V.Höte yazırdı: “Bizə kim dərs deyirsə, ona müəllim deyirik, lakin hər dərs deyən adam müəllimlik ləyaqətini doğrulda bilməz”.
Müəllimin peşə etikası, hər bir hərəkət və davranışında ədəb qaydalarını gözləməsi, şagird şəxsiyyətinə hörmətlə yanaşması ona nüfuz qazandıran amillərdəndir.
Pedaqoji etika müəllimdən dərsdə, tərbiyəvi tədbirlərdə, ümumiyyətlə hər yerdə, insanlara münasibətdə humanizm, yüksək mədəniyyət, nəzakət, qayğıkeşlik, nikbinlik, xeyirxahlıq nümayiş etdirməsini nəzərdə tutur.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli Qərarı ilə “Müəllimlərin etik davranış Qaydaları” təsdiq edilmişdir.
Həmin qaydalara görə hər bir müəllim cəmiyyətin və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. O, öz peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin ölkəmizin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsl işçilərinə inamını artırmalıdır.
Peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir.
Müəllim mədəni davranış nümayiş etdirməli, təhsilalanlarla, həmkarları və rəhbərliklə münasibətlərində nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Peşə fəaliyyəti ilə bağlı iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi diqqət yetirməli, hər zaman səliqəli omalıdır.
Müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə görə təhsilalanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır. Öz peşə fəaliyyətindən, vəzifə səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir. O, müəllim adının şərəf və ləyaqətini uca tutmağa borcludur.
Müəllim öz davranışında pedaqoji taktı gözləməlidir. Pedaqoji takt şagirdlərlə üniyyətdə müəyyən həddə riayət etmək deməkdir. Pedaqoji takt müəllimin, tərbiyəçinin ağlının, hisslərinin və mədəniyyətinin ümumiləşmiş ifadəsidir. Şagird şəxsiyyətinə hörmət etmək pedaqoji taktın özəyidir. Şagirdləri başa düşən, onların qəlbinə yol tapan müəllim qeyri-etik hərəkətlərə yol vermir. Müəllim təhsilalanların biliyini qiymətləndirərkən obyektiv və qərəzsiz olmalı, şagirdin hər hansı nöqsanına görə onu qiymətlə cəzalandırmamalıdır. Müəllim unutmamalıdır ki, ona nüfuz qazandıran keyfiyyətlər sırasında ədalətlilik ön sırada dayanır.
Müəllim təhsilalanlara qarşı həmişə diqqətli, xeyirxah və qayğıkeş olmalı, “mənəvi valideyn” statusunu qorumağa çalışmalıdır. Nitqində kobud və təhqiredici ifadələr işlətməməli, şagirdin hər kiçik qüsurunu onun üzünə vurmamalı, təhsilalanların şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verməməlidir.
Hər bir müəllim qarşısında əyləşən şagirdin şəxsində gələcəyin böyük adamını görməyi, şagirdlərin yaddaşında onların inandığı, etibar etdiyi, sevdiyi şəxsiyyət kimi qalmağı bacarmalıdır. Müəllim unutmamalıdır ki, şagirdlər sevdikləri müəllimin fənnini daha yaxşı oxuyurlar, yəni müəllimə məhəbbət fənnə məhəbbətdən əvvəl yaranır. Bu baxımdan tədris etdiyi fənni sevdirmək üçün ixtisasını mükəmməl bilməklə yanaşı, ilk nvbədə, şagirdlərin qəlbinə yol tapmalıdır.
Müəllim öz həmkarlarının fikirlərinə hörmətlə yanaşmalı, pedaqoji münasibətlərdə yersiz mübahisələrə və münaqişələrə yol verməməlidir.
Məktəb rəhbərliyinin irad və təkliflərini təmkinlə qəbul etməyi, səhvlərini etiraf etməyi bacarmalıdır.
Valideynlərə münasibətdə hörmət və nəzakət nümayiş etdirməlidir.
Müəllim öz vətəndaşlıq borcunu dərk etməli, öz şəxsi və peşə nüfuzunu daim qorumalı, milli-mənəvi dəyərlərin, mədəni irsin qoruyucusu missiyasını daşımaqla bərabər cəmiyyətin fəal üzvü olmalıdır.