4.Müəllimin pedaqoji ustalığı. Təlim-tərbiyə işinin səmərəliliyi müəllimin pedaqoji ustalığından çox asılıdır. Pedaqoji ustalıq müəllimlik diplomu ilə verilmir. Onu hər bir müəllim özünün pedaqoji fəaliyyəti boyu təlim-tərbiyə metodlarına yiyələnməklə, öz üzərində işləmək və özünü daim təkmilləşdirməklə qazanır. Pedaqoji ustalığa yiyələnmiş müəllim yüksək mədəniyyətli mütəxəssisdir.
Görkəmli rus yazıçısı və maarifçisi Lev Tolstoy yazırdı: “Əgər müəllim yalnız işini sevirsə, o, yaxşı müəllimdir. Əgər müəllim yalnız uşaqları sevirsə, o, bütün kitabları oxuyan, lakin nə sənətinə, nə də uşaqlara məhəbbəti olmayan müəllimə nisbətən daha yaxşı müəllim olacaqdır. Əgər müəllim sənətinə və uşaqlara məhəbbəti özündə birləşdirirsə, o, kamil müəllimdir”.
Müəllimin pedaqoji ustalığı, hər şeydən əvvəl, tədris prosesini təşkil etmək bacarığındadır. Usta müəllim hətta ən əlverişsiz şəraitdə belə şagirdlərin lazımi tərbiyəlilik, inkişaf və bilik səviyyəsinə nail olur. Əsl müəllim hər hansı bir suala qeyri-standart cavab tapa bilir, şagirdlərə xüsusi yanaşmağı bacarır.
Pedaqoji ustalığın əsasında peşə bilikləri durur. Öz işinin ustası olan müəllim tədris etdiyi fənni dərindən bilir, ixtisası sahəsində yeniliklərə, müasir ədəbiyyata, mədəniyyətə bələddir, beynəlxalq aləmdə baş verən hadisələrə münasibət bildirməyi, onları təhlil etməyi bacarır.
Pedaqoji proses hər bir müəllim üçün yaradıcılıq laboratoriyasıdır. Usta müəllim öz biliklərini şagirdlərə çatdırmağı bacaran, müasir təlim metodlarına mükəmməl şəkildə yiyələnən müəllimdir.
Müəllimin pedaqoji ustalığı öyrənmək bacarığını şagirdlərə öyrətmək məharətində özünü göstərir. Təcrübəli müəllim tədris materialını şagirdlərə dərsdə mənimsətməyə nail olur.
Ustalığın mühüm göstəricilərindən biri şagirdləri fəallaşdırmaq, onların yaradıcı qabiliyyətlərini, müstəqilliyini inkişaf etdirmək bacarığıdır. Usta müəllim innovativ texnologiyalardan, interaktiv təlim metodlarından istifadə edərək şagirdləri düşünməyə, bilikləri müstəqil olaraq “kəşf etməyə” yönəldir. Vaxtilə alman filosofu İ.Kant yazırdı ki, “şagirdlərə fikri yox, fikirləşməyi öyrətmək lazımdır”.
Yəni pedaqoji ustalıq tələb edir ki, müəllim bilikləri hazır şəkildə ötürməkdən daha çox onun müstəqil olaraq əldə edilməsinə nail olsun.
Pedaqoji ustalığın mahiyyəti həm də müəllimin şəxsi mədəniyyətində, davranışında, təlim və tərbiyənin, pedaqoji texnikanın priyomlarına və qabaqcıl təcrübəyə yiyələnməsində özünü göstərir.
Pedaqoji ustalığa yiyələnməyin şablon üsulu yoxdur. Burada müəllimin pedaqoji-psixoloji bilikləri, bacarıqları, erudisiyası, pedaqoji təfəkkürü, yaradıcılıq qabiliyyəti, çevik düşüncə tərzi, həmçinin pedaqoji taktı mühüm rol oynadığından hər bir müəllimin pedaqoji ustalığında spesifik xüsusiyyətlər, fərdi üslublar mühüm yer tutur.
Pedaqoji ustalığın mühüm göstəricilərindən biri də müəllimin pedaqoji texnikaya yiyələnməsidir. Usta müəllim bütün pedaqoji vasitələr ehtiyatına yiyələnməli, vaxtdan səmərəli istifadə etməyi bacarmalıdır. Pedaqoji texnikanın mühüm tərkib elementlərindən biri də odur ki, müəllim həm özünün, həm də şagirdlərin diqqətini idarə etməyi bacarsın.
Müəllim çox sayda uşaqlarla işləyir və onlar xeyli tədris əməliyyatı yerinə yetirirlər. Bütün bunlar müəllimin diqqətindən kənarda qalmamalıdır.
Müəllimin səs tonu, şagirdlərə müraciət forması da pedaqoji texnikanın elementlərindəndir.
A.S.Makarenko yazır: “Mən “Bura gəl” sözünü 15-20 çalarlıqda deməyi öyrənəndən sonra, üzümün ifadəsində, səsimin tonunda 20 incəliyi biləndən sonra əsl usta müəllim oldum”.
Müəllimin ifadəli sözü digər pedaqoji təsir vasitələrini də yaxşı tətbiq etməyə imkan verdiyindən mükəmməl nitq qabiliyyətinə malik olmaq müəllimin pedaqoji mədəniyyətinin başlıca komponentidir. Çünki şagirdlərlə ünsiyyətdə müəllimin ən böyük silahı onun canlı sözüdür.
Bu baxımdan nitqin emosionallığı, kamilliyi, inandırıcılığı təlim-tərbiyə prosesinin səmərəliliyini təmin edən əsas amillərdən biridir.