Tərbiyədə uşağa hörmət və tələbkarlıq prinsipi.Ümumiyyətlə, tərbiyə üzrə aparılan bütün işlərdə uşağa mümkün qədər çox hörmət etmək, və ona çoxlu tələblər vermək lazımdır. Təcrübə göstərir ki, dərin hörmət və ciddi tələbkarlıq olmayan məktəblərdə tərbiyə işlərinin səviyyəsi aşağı olur. Bu və ya digər şagird yəqin etsə ki, tərbiyəsiz hərəkət edəndə heç kim ona güzəştə getməyəcək, pis hərəkətlərə yol verməkdən çəkinər, öz vəzifəsini ləyaqətlə yerinə yetirməyə çalışar. Ləyaqətli hərəkətinə görə isə müəllim ona daha artıq hörmət edər.
Bəzi müəllimlər kiçik bir səhvə yol verən şagirdə müxtəlif ləqəblər qoyur, yoldaşları arasında onu gözümçıxdıya salır, başqa uşaqların tənə hədəfinə çevrilirlər. Əslində isə uşağı cəzalandırmaq olar, lakin ona lağ etmək, təhqiredici ləqəblər qoymaq, onu başqa şagirdlərin “ ayağı altına salmaq” əsla yaramaz. Yaxşı tərbiyə vermək üçün, səhvə yol vermiş uşağa da, valideyn qayğısı ilə yanaşmaq, şagirdlərin hamısını eyni dərəcədə sevmək, onlara eyni gözlə baxmağı bacarmaq, eyni dərəcədə tələbkar olmaq lazımdır. Özü də uşağa olan tələbkarlıq hədə-qorxuya yox, hörmətə, nüfuza və şüura əsaslanmalıdır. Unutmamalı ki, hədə-qorxunun, hətta fiziki qüvvənin hesabına əldə edilə bilməyən bir çox məsələlər məhz hörmətin, nüfuzun, ağlın gücü ilə həll olunur. Bu mənada “qüvvə çox şeyi, ağıl isə qüvvəni sındırar” kəlamının da böyük həqiqəti vardır. Deməli, müəllim tərbiyə ilə bağlı tələb, tədbir və hərəkətlərində ilk növbədə məhz ağıla, şüura müraciət etməlidir.
Tərbiyədə vahidlik prinsipi.Şagirdin davranışına verilən tələblər bir də o vaxt yaxşı nəticələnir ki,onu tərbiyə edən bütün şəxslər,qüvvələr və orqanlar tələblər verməkdə vahidliyi gözləsinlər,başqa sözlə,hamı uşağa vahid tələblə yanaşsın.Şagirdə verilən tərbiyəvi tələblərdə vahidlik prinsipinin mahiyyəti də elə bundan ibarətdir.
Məlum olduğu kimi,uşağı əhatə edən mikro və makro mühitdə ona təsir göstərən qüvvələr çoxdur:ata-ana ailənin digər yaşlı üzvləri,qohum-qonşular,tay-tuşları,dost-tanışları,pedaqoji kollektivin üzvləri,məktəb şagird təşkilatları və onların vəzifəli şəxsləri,məktəbdənkənar tərbiyə müəssisələri,hami təşkilatlar,əmək kollektivləri və i.a.Bütün bu qüvvələrin şagirdə olan tərbiyəvi tələb və təsirlərində vahidlik gözlənilməsə,yəni hamı üçün məcburi sayılan eyni qaydaya aid hərə bir cür tələb versə,birinin verdiyi,tələbi başqası müdafiə etməsə,yaxud verilmiş tələbin icrasına hamı eyni tərzdə yanaşmasa,onda şagird icrası vacib sayılan ümumi qayda-qanunlara deyil,ayrı-ayrı qüvvələrin tələbinə uyğunlaşar.Təəssüf ki,məktəblərimizdə bəzən məhz belə hallara təsadüf olunur.Məsələn,eyni sinifdə şagirdi dərs danışmaq üçün löhvəyə çağırmağın üç halı müşahidə olunur:bir qisim müəllimlər uşağa deyirlər ki,”cavab verməkdən ötrü əl qaldırmağın qaydası var-dirsəyi partanın üstünə qoyarlar”,ikinci qisim müəllimlər dirsəyini partaya söykəyib əl qaldıranlara:”qorxmayın,qolunuz sınmaz,əlinizi yuxarı qaldırın”-deyə,onlardan əllərini hündürə qaldırmağı tələb edirlər:üçüncü qrup müəllimlər isə şagirdə belə deyirdilər:”əl qaldırmaq lazım deyil,jurnal qarşımdadır,kimi məsləhət bilsəm.özüm çağıracam”.
Dostları ilə paylaş: |