Mövzu 11. Tərbiyə metodları və texnologiyaları. Məktəb təcrübəsində istifadə imkanları Plan: Tərbiyə metodları anlayışı, onların təsnifatı
Şüuru formalaşdıran metodlar (inandırma)
Fəaliyyətin təşkili və ictimai davranış təcrübəsini
formalaşdıran metodlar (alışdırma) Fəaliyyəti və davranışı stimullaşdıranmetodlar (rəğbətləndirmə və cəza)
Tərbiyədə nəzarət, özünənəzarət və özünüqiymət metodları
Tərbiyə texnologiyaları
Tərbiyə metodları və texnologiyalarından
məktəb təcrübəsində istifadə imkanları Tərbiyə metodları anlayışı, onların təsnifatı
Tərbiyə metodu tərbiyə prosesinin mühüm ünsürlərindən biridir. O, tərbiyənin məqsəd və məzmunu ilə sıx bağlı olub, onların həyata keçirilməsinə kömək edir. Tərbiyə metodları qarşıda duran tərbiyə məqsədlərinə nail olmaq üçün istifadə olunan yollara deyilir.
Pedaqogikada metodla yanaşı vasitə, tərz anlayışları da işlədilir. Vasitə dedikdə tərbiyə işində istifadə olunan söz, fəaliyyət növləri (oyun, əmək, təlim, idman vəs.), bədii-texniki vasitələr (kitab, radio, televizor, kinofilm, incəsənət əsərləri, komputer və s.) başa düşülür. Tərz isə metodun tərkib hissəsidir. Məsələn, əxlaqi söhbət metodu zamanı müəllim tarixi şəxsiyyətlərin nümunəsindən istifadə edirsə, bu, həmin metodun tərzi sayılır.
Tərbiyə işinin səmərəsi metodların, vasitə və tərzlərin düzgün seçilib tətbiq edilməsindən çox asılıdır. Qeyri-səmərəli tərbiyə metod və vasitələrindən istifadə etdikdə tərbiyə işinə ciddi ziyan vurulur. Hüquqi sənədlərdə - BMT-nin “Uşaq hüquqları haqqında beynəlxalq konvensiyası”nda (1889), Azərbaycan Respublikası CM-nın (Cinayət Məcəlləsinin) 132-ci maddəsində uşaqlara fiziki və mənəvi ziyan vuran şəxslər üçün müvafiq məsuluyyət nəzərdə tutulur.
Tərbiyə metodları çoxdur. Alimlərin böyük bir qismi tərbiyə metodlarının təsnifatında məntiqi əsas kimi tərbiyənin psixoloji amillərindən və fəaliyyətin bütövlüyü prinsipindən çıxış edirlər. Tərbiyə prosesinin psixoloji təhlili göstərir ki, insanın fəaliyyəti müəyyən psixoloji amillərlə bağlıdır: bizim fəaliyyətimiz şüurun, iradə və adətlərin, habelə hisslərin məhsuludur. İnsan şüurlu məxluq olduğu üçün onun bütün fəaliyyəti, davranışı şüurla tənzim olunur. Buna görə də, ilk növbədə, şüura təsir göstərmək, onda əxlaqi təsəvvürlər, inam, əqidə formalaşdırmaq lazım gəlir.