Monetarizm konsepsiyasının tərəfdarları (M.Fridmen, A.Şvarts, K.Uorberton, D.Meyzelman, F.Keyçen və başqaları) iqtisadiyyatı idarəetməni ilk növbədə pul kütləsi, onun emissiyası, dövriyyədə və ehtiyatda olan pulun kəmiyyətinə dövlət nəzarəti edilməsində, habelə büdcənin balanslaşdırılmasında, yüksək bank faizlərinin müəyyənləşdirilməsində görmüşlər. Bu mənada monetarizm, bütövlükdə pul amilinin (“fenomeninin”) ölkənin təsərrüfat həyatında başlıca rol oynadığını əsaslandıran stabilləşdirmə nəzəriyyəsi kimi səciyyələndirilir.
Bu nəzəriyyənin banisi M.Fridmen “Seçim azadlığı” kitabında yazırdı ki, bütün böyük iqtisadi sarsıntılar, böhranlar, işsizlik, inflyasiya halları “bazar iqtisadiyyatının qeyri-sabitliyi ilə deyil, dövlətin səhv pul siyasətinin nəticəsidir”. Monetaristlər ümumiyyətlə dövlətin ölkənin təsərrüfat həyatı məsələlərinə qarışmasının əleyhinə olsalar da, lakin yalnız bir məsələdə, yəni ölkədə pul kütləsini kəmiyyəti və onun üzərində ciddi dövlət nəzarətini zəruri hesab etmişlər. Onlar C.Keyns və onun davamçılarının məcmu tələbin dövlət tərəfindən tənzimlənməsi tədbirlərinə qarşı çıxaraq göstərmişlər ki, belə bir siyasət bazar qüvvələrinin real nisbətini pozur və uzunmüddətli dövrdə inflyasiya prosesinin sürtələnməsinə xidmət edir.
M.Fridmenin fikrincə, bazar iqtisadi sisteminə dövlət müdaxiləsi qısamüddətli dövr ərzində müəyyən müsbət nəticə versə də, gələcək perspektivləri nəzərə almaqla, o “bazar münasibətlərinə mümkün qədər az və ehtiyatla müdaxilə etməlidir”.
Monetaristlər ölkə iqtisadiyyatını 2 sahəyə - real iqtisadiyyat və pul tədavülü dairəsinə ayırmışlar. Bu bölgüyə əsasən real iqtisadiyyata əmtəə-xidmətlərin istehsalı və satışı daxil edilərək, orada bazar prinsiplərinin fəaliyyəti əsaslandırılır. Pul tədavülü dairəsinə isə real iqtisadiyyatla müqayisədə xarici bir amil kimi, böhran törədən şərtlər mövqeyindən yanaşıdır ki, həmin sfera dövlətin fəaliyyəti ilə bağlıdır. Ona görə də monitaristlər dövlətin vəzifəsini, iqtisadiyyatın real sahəsinə qarşılıqlı münasibətdə pul tədavülü dairəsini neytrallaşdırmaqda, bazar mexanizminin fəaliyyəti üçün daha əlverişli şərait yaratmaqda, ən başlıcası isə əmtəə bazarını zəruri miqdarda pul kütləsi ilə təmin etməkdə görmüşlər.
XX əsrin 70-ci illərində dünya kapitalizm sistemində təkrar istehsal prosesi şərtlərinin xeyli dəyişməsi, enerji böhranı, iqtisadi artım templərinin zəifləməsi, müxtəlif xammal növlərinin çatışmaması, daxili və xarici bazarlarda satış həcminin azalması, inflyasiya əlamətləri monetarizm nəzəriyyəsi müddəalarının yayılmasına, habelə təsərrüfat həyatında dövlət siyasəti səviyyəsində tətbiqinə əlverişli imkanlar yaratmışdı.
Dünyanın müxtəlif ölkələrində, xüsusilə də postsovet və postsosialist məkanında formalaşmış müstəqil dövlətlərdə, o cümlədən də Azərbaycan Respublikasında, monetarizm ideyalarının müəyyən cəhətlərindən yaradıcılıqla istifadə olunmuşdur.
Monetarizmlə bağlı və onun davamı kimi formalaşan iqtisadi təklif konsepsiyası, mahiyyətcə M.Fridmenin metodoloji prinsiplərinə əsaslanmasına baxmayaraq, bir sıra iqtisadi problemlərə yanaşmada fərqlənir. Bu mövqeyin tərəfdarları və davamçıları, məcmu təklifi stimullaşdırmaq, istehsalı və məşğulluğu fəallaşdırmaq xəttini əsaslandırmağa çalışmışlar. Onlar bazar iqtisadi sistemini təsərrüfatçılığın təşkilinin optimal forması və təkamül yolu ilə qərarlaşmış təbii fəaliyyətin nəticəsi kimi qiymətləndirmişlər.
Bu konsepsiyanın tərəfdarları əsaslandırmağa çalışmışlar ki, ölkədə yaranan təbii işsizliyin başlıca səbəbi dövlətin həyata keçirdiyi sosial təminat sistemidir.
ABŞ iqtisadçısı A.Lafferin və onun tərəfdarlarının qeyd etdikləri kimi geniş miqyaslı sosial proqramların reallaşdırılması, dövlət büdcəsinin xərclərini artırır, bu isə vergi dərəcələrinin yüksəldilməsini şərtləndirir. Büdcədə kəsir yaranmasını qəbul etməyən iqtisadi təklif mövqeyində duranlar, problemin həlli üçün başqa yolların olduğunu göstərmişlər. Onlar büdcəyə daxilolmaları, vergi islahatları və dövlətin sosial xərclərini azaltmaq vasitəsilə aradan qaldırmağı irəli sürmüşlər. Eyni zamanda vergiləri aşağı salmaq və vergiyə cəlb olunanların əhatəsini genişləndirməklə, iqtisadiyyatı stimullaşdırmağın mümkün olduğunu tövsiyə etmişlər. İqtisadiyyatın dövlət tənzimlənməsi məsələsində isə onların mövqeyi, bu prosesin uzunmüddətli xarakter daşıması və əmtəələrin, kapitalın, habelə digər istehsal amillərinin təklifin stimullaşdırılmasına xidmət göstərməyə yönəldilmişdir.
Monetarizm ideyaları ilə əlaqəli iqtisadi konsepsiyalardan biri də, səmərəli gözləmə konsepsiyasıdır. Ötən əsrin 70-ci illərində formalaşmış bu elmi-nəzəri baxış-ların nümayəndələri arasında amerikalı R.Lukas, C.Mut, T.Sarcent, M.Uolles kimi alim və mütəxəssislər olmuşlar.
Bu konsepsiya, iqtisadi nəzəriyyənin mikroiqtisadi səviyyəsinin prinsiplərinə əsaslansa da, eyni zamanda vahid iqtisadi nəzəriyyənin mikroiqtisadi və makroiqtisadi bölmələri arasında əlaqə yaratmağa yönəlmişdir. Məqsəd ondan ibarətdir ki, həm iqtisadçılar, həm də siyasətçilər öz fəaliyyətlərinin nəticələrinin dəyişkən xarakter daşıdığına, müəyyən gözləmə taktikasının mümkün təsirinə, mikroiqtisadi və makroiqtisadi problemlərin qarşılıqlı təsir əlaqəsinə lazımı diqqət yetirsinlər. Bu istiqamətdə dövlətin iqtisadiyyata müdaxiləsi nə qədər az olarsa, cəmiyyətin iqtisadi-sosial problemlərinin həllində son nəticələr nəzərə alınınaqla, konkret addımlar atılarsa, şübhəsiz ictimai-iqtisadi səmərəlilik meyarları daha da yüksək olacaqdır.
Dostları ilə paylaş: |