Mütəxəssislər qeyd edirlər ki, institusionalizm iqtisadi nəzəriyyənin əhəmiyyətli dərəcədə yenidən qurulması mərhələsinin başlanğıcı və ondan yeni tarixi şəraitə (azad rəqabətin məhdudlaşması, inhisarların hökmranlığı, dövlətin rolunun güclənməsi) uyğunlaşmasının əsasını qoymuşdur.
Bu istiqamətin sosial-psixoloji cərəyanının banisi sayılan T.Veblen, bazar iqtisadiyyatı inkişafının inhisarçı mərhələsində liberalizmin və neoliberalizmin (bazar sərbəstliyi tərəfdarlarının) əsassızlığını sübut edən, habelə ölkənin təsərrüfat həyatı üzərində sosial (dövlət, ictimai, qeyri-dövlət) nəzarətin zəruriliyini əsaslandıran ilk iqtisadçılardan biri olmuşdur. O, iqtisadi nəzəriyyə və təlimlər tarixində yeni bir metodoloji üsulun - texniki determinizmin (qarşılıqlı səbəb-nəticə əlaqəsinin, sosial-texniki amillərin bir-birinə təsirinin) əsasını qoymuşdur.
T.Veblen «Avara sinfin nəzəriyyəsi» və «Təsərrüfat və cəmiyyət» adlı əsərlərində yaşadığı cəmiyyəti, hə-min mühitin iqtisadi-sosial nöqsanlarını kəskin tənqid et-mişdir.
Müəllifin fikrincə, cəmiyyətdə iqtisadi nəzəriyə ilə onun sərt reallığı arasında çox böyük bir uçurum vardır. İqtisadi nəzəriyyə cəmiyyətdə ahəngdarlıq, tarazlılıq prinsiplərinə əsaslandığı halda, cəmiyyətdə fasiləsiz təkamül istiqamətində yaşamaq uğrunda amansız mübarizə getməkdədir. Gündəlik həyat tələbatları üçün zəruri olan müxtəlif təyinatlı məhsulların faydalılığı ilə həmin nemətlərin əldə olunması çətinlikləri arasında çırpman iqtisadi insan (homo economicus) modeli T.Veblenin tədqiqatlarına görə artıq köhnəlmişdir. Çünki, əslində cəmiyyətdə insanların fəaliyyəti və davranış qaydaları bir çox amillərlə bağlıdır. İnsanın anadangəlmə, irsi genləri ilə bağlı xüsusiyyətlərilə yanaşı, onun davranış və rəftarına yaşadığı mühitin ənənələri, əxlaq normaları, habelə özünütəsdiq, nüfuz amilləri də güclü təsir göstərir.
Ona görə də, cəmiyyətdə baş verən iqtisadi prosesləri öyrənib təhlil edərkən həm ənənələri, mentalitetlə bağlı cəhətləri, həm də mövcud qayda-qanunları, müxtəlif təşkilatların, idarələrin, orqanların müvafiq qanunlar əsasında fəaliyyətini hökmən nəzərə almaq lazımdır. T.Veblen tərəfindən bu amillərin birinci qismi - «institutsiya», ikinci qismi isə - «institut» kimi səciyyələndirilmişdir. «İnstitut» dedikdə, T.Veblen dövləti, ailəni, mənəvi, hüquqi normaları nəzərdə tutmuşdu.
O, yazırdı ki, artıq elə bir vaxt gəlib çatmışdır ki, iqtisad elmi ayrı-ayrı təsərrüfat subyektlərinin deyil, siyasi partiyaların, həmkarlar təşkilatlarının, birləşmiş sahibkarların kollektiv fəaliyyətini tədqiq etməyə səy göstərməlidir. Eyni zamanda iqtisad elminin, istehsalın müxtəlif sahələrində çalışıb, öz rollarına görə fərqlənən əkinçiləri, fəhlələri, sahibkarları (kapitalistləri), mühəndis-texniki iş-çiləri, bir təsərrüfat subyekti kimi öyrənməyə də ehtiyac vardır.
T.Veblenin fikrincə, bazar iqtisadiyyatının ilk mərhələlərində mülkiyyət və hakimiyyət sahibkarların, habelə iş adamlarının əlində olur. Lakin, sonralar bu hakimiyyət parçalanaraq, tədricən kapital sahibləri və istehsalın təşkilatçılarının ixtiyarına keçir. Daha sonra, o fikrini davam etdirərək göstərirdi ki, kapital sahibləri yalnız öz sərvətlərini artırmaq haqqında düşünürlər. Ona görə də kapitallarını istehsalın genişləndirilib inkişaf etdirilməsi əvəzinə kreditə verməyi, yaxud əmanət şəklində banklarda saxlamağı üstün tuturlar. Deməli, tədricən bu təbəqəyə mənsub olanların sərvəti istehsalın, yaxud iqtisadiyyatın real bölməsinin hesabına deyil, maliyyə dairəsində dövr edən qiymətli kağızların, səhmlərin hesabına yaranır. Bu meyl isə, kapital sahiblərini tüfeyli və avara bir həyat sürən qrupa çevirir.
Belə vəziyyətdə fəhlələr və istehsalın təşkilatçıları, habelə texniki mütəxəssislər əsl məhsuldar sinif kimi çıxış edirlər. Lakin onların öz sərmayəsi olmadığından, tüfeyli və avara sinfin kreditə verdiyi kapitaldan istifadə etməyə məcburdurlar.
Yaşadığı cəmiyyətin ziddiyyətlərini özünəməxsus bir tərzdə açıb tənqid edən müəllif, belə vəziyyətdən çıxış yolunu hakimiyyətin texniki mütəxəssislərin əlinə keçməsində görürdü. O zaman kapitalın xüsusi mülkiyyət forması dəyişərək (transformasiya edərək), səhmdar kapitalına çevriləcəkdir. Deməli, avara və tüfeyli sinif kimi səciyyələnən kapital sahiblərinin xüsusi mülkiyyəti tədricən aradan qalxacaqdır.
T.Veblen öz mülahizələrində diqqəti belə bir cəhətə də cəlb etmişdir ki, sərbəst rəqabətin bazarda inhisarlarla əvəz olunduğu şəraitdə, bazarın «ağası» artıq istehlakçı yox, iri inhisarlardır. Onun müşahidələrinə görə, istehlakçılar (alıcılar) özləri də hiss etmədən, ciddi ictimai və psixoloji təsir altına düşüb, inhisarların, habelə nəhəng iqtisadi birliklərin mənafeyinə uyğun yaşayıb düşünməyə, öz zövqlərini formalaşdırmağa, gündəlik fəaliyyətlərini qurmağa çalışırlar.
İnstitusional iqtisadi-nəzəri istiqamətin hüquqi problemlərə üstünlük verən variantı C.Kommonsun adı ilə bağlıdır. O özünün «Kapitalizmin hüquqi əsasları», «İnsti-tusional iqtisadiyyat», «İqtisadi tsikllər. Problem və onun qoyuluşu» adlı əsərlərində, cəmiyyətdə baş verən iqtisadi münasibətləri, təsərrüfat həyatı ilə əlaqədar meydana çıxan narazılıqları, müxtəlif iqtisadi prosesləri hüquqi yollarla tənzimləməyin zəruriliyini əsaslandırmışdı.
C.Kommons yazırdı ki, hər hansı bir cəmiyyətdə rast gəlinən sosial narazılıq və konfliktlərə həll edilməz problem kimi baxmaq olmaz. Cəmiyyətin sosial tərəqqisi və ictimai təkamülü üçün bu tipli konfliktlər hətta zəru-ridir. Lakin həmin ciddi iqtisadi və sosial problemlərin həlli, müvafiq normal hüquqi qanunvericilik aktları əsa-sında həyata keçirilməlidir. Bu işdə isə başlıca rolu sahib-karların və muzdlu fəhlələrin bir-birini qarşılıqlı anlaması oynamalıdır. Deməli, kapitalizm cəmiyyətini sinfi sülh və sosial əməkdaşlıq prinsipləri əsasında, ağıllı surətdə təşkil etmək mümkündür.
O, eyni zamanda inanmışdı ki, sahibkarlarla fəhlələr arasında yaranan narazılıqların aradan qaldırılmasında, təşkil olunmuş həmkarlar təşkilatları və xüsusilə dövlət çox mühüm rol oynaya bilər. Çünki, dövlətin həm iqtisadi, həm də inzibati güc imkanları olduqca böyükdür.
İnstitusional-sosioloji istiqamətin empirik və ya konyuktor-statistik yönümünün görkəmli nümayəndəsi olan U.Mitçell, iqtisadi hadisə və prosesləri izah etməyin əsas yolunu - statistika materiallarının toplanması, habelə sistemləşdirilməsində görmüşdü.
O, toplanmış və ümumiləşdirilmiş statistika materialları əsasında, müxtəlif modellərlə iqtisadi inkişafın yüksəliş, habelə aşağı düşməsi proseslərini izah etməyə çalışmışdı. U.Mitçell bu məsələlərə dair öz fikirlərini «İşgüzar fəallığın tsiklləri» (1913) adlı kitabında geniş şərh etmişdir.
Dostları ilə paylaş: |