2.4. İqtisadi nəzəriyyənin müasir əsas istiqamətləri
Neoklassik istiqamətin əsası sayılan marjinalizm anlayışı və nəzəriyyəsi XIX əsrin ikinci yarısında meydana çıxıb formalaşdıqdan sonra iqtisadi fikrin yeni meyllərinin inkişafına güclü təsir göstərmişdir.
Marjinalizm - fransız sözü olub, hədd, hüdud, miqdar (marqinal) mənasında işlənmişdir. Bu təlimdə, iqtisadi sistemin qarşılıqlı təsərrüfat əlaqələrinin təhlilində müəyyən hədd (son kəmiyyət və hal mənasında) olması ideyası əsas tutulurdu. Marjinalizmin əsas kateqoriyaları kimi faydalılıq həddini, məhsuldarlıq həddini, məsrəflər (xərclər) həddini, gəlirlilik həddini göstərmək olar. Bu anlayışlara dair hələ xeyli əvvəllər müəyyən fikirlər söylənsə də, lakin marjinalist nəzəriyyəsinin formalaşmasında K.Menger, Y.Bem-Baverk, F.Vizer, G.Hossen, L.Valras, U.Cevons, V.Pareto başlıca rol oynamışlar.
Klassik və marksist iqtisadi məktəblərdən fərqli olaraq, marjinalistlər əmtəə-xidmətlərin dəyərinin (qiymətinin) onların istehsalına sərf olunmuş əməklə deyil, hə-min məhsulların alıcı (istehlakçı) üçün faydalılığı ilə ölçüldüyü ideyasını irəli sürüb əsaslandırmışlar. Marjina-listlərin fikrincə, bazara çıxarılan əmtəə - xidmətlərin real-laşdırılması prosesində dəyərin (qiymətin) formalaşması, son nəticə etibarilə alıcının həmin şeylərə olan subyektiv-psixoloji münasibəti, yaxud şəxsi istəyi və fərdi arzusu ilə ölçülür. Deməli, özlüyündə əmtəə-xidmətlər “obyektiv iq-tisadi keyfiyyət”ə malik olmadığından, bunların dəyər-qiyməti məhdud iqtisadi resurslar şəraitində istehlakçının tələbatlarını ödəmək və ona nə dərəcədə rahatlıq, fayda-lılıq gətirmək mövqeyindən tədqiq edilməlidir. Bu mənada marjinalizm istehlaka, yəni subyektiv cəhətə, insanın ehti-yaclarına, onun fərdi tələbatlarına üstünlük verən nəzəri konsepsiya, yaxud elmi-nəzəri baxışlar sistemidir.
Marjinalist nəzəriyyənin əsas prinsipi - əmtəə-xidmətlərin faydalılığı və ilkin istehlak mərhələsindən sonra bunların faydalılıq əmsalının (həddinin, dərəcəsinin) konkret istehlakçı üçün azalmağa, yaxud aşağı düşməyə meyl etməsidir. Bu mövqeyə görə, əmtəə-xidmətlərə olan ilkin tələbat ödənildikcə, cəmiyyətdə və alıcılarda istehlak etdikləri şeylərə qarşı “aclıq hadisəsi aradan qalxdıqca, təd-ricən insanlar üçün həmin məhsulların, xidmətlərin faydalılığı, təbii olaraq zəifləyəcək, hətta bəlkə də mənasını itirəcəkdir. Ona görə də, əmtəə-xidmətlərin ilkin, faydalılığının aşağı düşməsi, bunlardan alıcının “doyması, tələbinin ödənilməsi, rahatlığı”, qiymət amili ilə bilavasitə bağlı deyildir. Çünki, “faydalılıq” və “qiymət” anlayışları arasında müəyyən əlaqə olsa da, lakin onlar arasında eyniyyət yoxdur. Qiymətli o şeylərdir ki, az tapılır, istehlakçı üçün məhduddur, yaxud əlçatmazdır. Faydalılıq isə qiymətlə birbaşa bağlı olmayıb, istehlakçı davranışı, insanın fərdi istehlak xüsusiyyətləri, sağlamlığı və subyektiv-psixoloji durumu ilə əlaqədardır.
Məsələn, susuzlayan adam üçün axan çayın, yaxud bulağın suyu faydalı olsa da, amma miqdar baxımından bol olduğundan, sırf marjinalist mövqedən “qiyməti” çox azdır, hətta yoxdur. Səhrada isə içməli suyun “qiyməti” çox yüksəkdir. Bu mənada, faydalılıq həddi (əmsalı) konkret istehlakın həcmi (miqdarı) ilə tərs mütənasibdir. Belə ki, ac adam dalbadal 3 pay dönər yeyirsə və hər bir son-rakı dönər ona doymaq baxımından əlavə fayda gətirsə də, lakin təbiidir ki, həmin faydalılıq səviyyəsi istər mütləq, istərsə nisbi mənada, xeyli aşağı olacaqdır.
Marjinalizm nəzəriyyəsi, hər növbəti sonrakı məhsul vahidinin istehlakından alınmış əlavə faydanı – faydalılıq həddi kimi səciyyələndirərək, qiymətin məhz bu amil əsasında müəyyənləşdiyini qəbul edir. Deməli, marjinalist mövqe əmtəə - xidmətlərin qiymətinin, həmin şeylərin ən zəruri tələbatı ödəyən sonuncu vahidinin (miqdarının, kə-miyyətinin, həmçinin) faydalılığı ilə ölçüldüyünü nəzərdə tutur.
Bu nəzəriyyənin daha da inkişafında A.Kurno, H.Tyunen, C.Klark kimi tanınmış iqtisadçı və riyaziyyatçılar mühüm rol oynasalar da, bütövlükdə marjinalizm nəzəriyyəsinin ayrı-ayrı məktəblərinin müxtəlif ideyalarını neoklassik istiqamət adı altında birləşdirən, “bütün dövrlərin və xalqların” iqtisadçılarından biri sayılan Alfred Marşall (1842-1924) olmuşdur.
Onun 1890-cı ildə nəşr olunmuş “İqtisad elminin prinsipləri (Economics)” kitabı müəllifi məşhurlaşdırmışdır. Bu əsərdə klassik iqtisadi nəzəriyyə ilə marjinalizmin yeni ideyaları üzvü surətdə birləşdirilmişdir. XIX əsrin sonu XX əsrin əvvəllərində dünya kapitalizm aləminin təsərrüfat həyatında baş verən dəyişiklikləri klassik və marksist iqtisadi nəzəriyyə məktəblərinin ideyaları baxımından təhlil etmək imkanları məhdudlaşdığından, bu mü-rəkkəb proseslər yeni yanaşma metodları tələb edirdi. Cə-miyyətin iqtisadiyyatındakı dəyişkən və ziddiyyətli hadi-sələri təkcə klassik, habelə marksist məktəblərin əmək də-yər konsepsiyası mövqeyindən deyil, həm də subyektiv- psixoloji prinsiplərə əsaslanan faydalılıq baxımından təhlil etmək zəruriliyi irəli sürülmüşdü.
A.Marşall, klassik və marksist məktəblərin “siyasi iqtisad” terminini “iqtisad (ekonomiks) termini ilə əvəz edərək, siyasi və sinfi problemləri iqtisadi nəzəriyyənin predmetindən çıxarmış, iqtisadiyyata dövlət müdaxiləsinin məhdudlaşdırılmasını əsaslandırmış, iqtisadi problemlərin mikroiqtisadi və makroiqtisadi səviyyələrdə öyrənilməsinin zəruriliyini göstərmiş, bu istiqamətdə qrafik və ri-yazi vasitələrdən istifadə olunmasına diqqəti cəlb etmişdir. Onun nəzəri irsində qiymət problemi mərkəzi yer tutmuşdur. Bu konsepsiyanın hazırlanmasında əvvəlki dəyər nə-zəriyyələrindən yaradıcılıqla istifadə edən müəllif, həmin ideyaların qarşılıqlı əlaqəsi yolunu seçmişdir. A.Marşallın qiymət konsepsiyasında ayrı-ayrı iqtisadi məktəblərə məxsus faydalılıq həddi, istehsal xərcləri, tələb və təklif nə-zəriyyələri sintetik surətdə birləşdirilmişdir. A.Marşall qiy-mətə bazar iqtisadiyyatının vacib ünsürü kimi baxsa da, lakin onu nəzərə almır, yaxud həlledici hesab etmirdi. O yazırdı ki, qiymətin yaranma prosesi özündə tələb və təklif qiymətini birləşdirir. A.Marşall bazar qiymətinə, alqı-satqıda tələblə-təklifin kəsişməsindən alınan bir nəti-cə kimi baxmışdı. Deməli, tələb qiyməti marjinalist üsulla, yəni faydalılıqla, təklif isə qiymətin klassik üsulu, yəni istehsal xərcləri ilə müəyyən olunmalıdır.
Bazar qiymətinin dəyişməsini «son faydalılıq» və «istehsal xərcləri» kimi 2 amillə əlaqələndirən A.Marşall yazırdı ki, belə şəraitdə alıcının verdiyi qiymət, əmtəənin faydalılığı səviyyəsindən asılı olaraq, məhsulun maksimum dəyərini (qiymətini) müəyyən edir. Eyni zamanda hər hansı bir istehlakçının məhsula verdiyi qiymət, həmin əmtəənin (xidmətin) faydalılıq səviyyəsi ilə bağlıdırsa, istehsalçının isə satdığı məhsula qoyduğu qiymət, onun hazırlanmasına sərf olunmuş istehsal xərcləri ilə əlaqədardır.
Məhz belə bir razılaşdırıcı mövqedən çıxış edən müəllif, göstərmişdi ki, alıcının ödəməyə hazır olduğu qiymət əmtəənin faydalılığı, satıcının təyin etdiyi qiymət isə istehsal xərclərindən az olmamaqla müəyyən edilir. Bu halda satıcılarla alıcılar arasında razılaşma əldə edilir və nəticədə qiymət tarazlı səviyyədə müəyyənləşir.
İqtisad elminə «tələbin elastikliyi» anlayışını gətirən müəllif, bazarda formalaşan qiymətlərin səviyyəsindən asılı olaraq, tələblə-təklifin artması, yaxud aşağı düşməsi prosesinin qanunauyğunluqlarını izah etmişdir. Tələbin elastikliyi, onun qiymət dəyişikliklərindən bilavasitə, yaxud dolayı yollarla asılılığını elmi-nəzəri cəhətdən sübutu kimi səciyyələndirilmişdir.
Qiymətin enib-qalxması ilə tələbin elastikliyinin dəyişkənliyi (vahidə bərabərliyi, yaxud vahiddən böyük-kiçik olması) bir sıra obyektiv və subyektiv səbəblərlə bağlı ola bilər. A.Marşall, bununla əlaqədar tələb-təklif qanununun fəaliyyətində vaxt amilinə diqqət yetirərək, baş verən iqtisadi proseslərdə səbəb-nəticə əlaqələrinin təsir gücünü və dairəsini düzgün qiymətləndirmək üçün ani, qısamüddətli, uzunmüddətli bazar tarazlığını fərqləndirməyi irəli sürmüşdü. Çünki, ani tarazlıq şəraitində təklif sabit qaldığından, təbii olaraq qiymətlər yüksələcəkdir. Qısamüddətli tarazlıq, mövcud istehsal gücləri (imkanları) daxilində təklifi çoxaltmaqla, artan tələbi ödəməyə şərait yaradacaqdır. Uzunmüddətli tarazlıq mühitində isə mövcud iqtisadi resurslar çərçivəsində istehsal gücləri dəyişə bildiyindən, təklif bazarda formalaşan tələbə uyğunlaşır.
Tarazlı qiymət anlayışından istifadə etmiş A.Marşall göstərmişdi ki, tələb qiyməti təklif qiymətinə bərabər olduqda, bazarda sabitlik hökm sürür. O, tələbin qiymətlə tərs, təklifin isə düz nisbətdə olduğunu qeyd etmişdi.
A.Marşall eyni zamanda sərbəstlik və rəqabətin iqtisadiyyat üçün hərəkətverici roluna diqqət yetirmiş, pul amili və onun bu proseslərə təsiri problemlərinə toxunmuşdur.
İnsan amili, əmək haqqı, kapital və digər aktual məsələlər də onun tədqiq etdiyi problemlərdən olmuşdu.
Təsadüfi deyildir ki, o insan kapitalı haqqında yazaraq, insanın bacarıq və qabiliyyətini istehsal vasitələrinin zəruri tərkib hissəsi kimi yüksək qiymətləndirmişdir. «Bilik istehsalı hərəkətə gətirən ən güclü amildir» - fikri, onun işçinin peşəkarlığına, sahibkarın idarəçilik məharətinə, işgüzar münasibətlər qurmaq bacarığına olduqca yüksək qiymət verdiyini təsdiq edir.
A.Marşall istehsalın 3 amili (torpaq, əmək, kapital) haqqında fransız iqtisadçısı J.B.Seyin mövqeyini qəbul etməklə yanaşı, bu amillər sırasına istehsalın təşkili və idarə olunmasının mühüm şərti hesab etdiyi sahibkarlıq qabiliyyətini, bacarığını da dördüncü amil kimi irəli sürmüşdür. Onun aşağıdakı fikirləri müasir dövrdə də aktual səslənir: “istehsalda insan qabiliyyəti, kapitalın başqa növ-ləri qədər zəruridir və “əməyə tam bağlanmaq üçün 3 şərtə əməl olunmalıdır: azadlığa, ümidə, dəyişikliklərə”.
Keynsçilik istiqaməti iqtisadi elimdə XX əsrin 30-cu illərində, 1929-1933-cü illərdəki dünya iqtisadi böhranı şəraitində meydana çıxmış elmi-nəzəri təlim olub, ingilis iqtisadçısı Con Meynard Keynsin (1883-1946) adı ilə bağlıdır. O illərdə sərbəst bazar münasibətləri iqtisadi sisteminin “özünü tənzimləyə bilməsi” haqqında neoklassik ideyalar, yaranmış böhranın əsl səbəblərini izah edə bilmir və ən başlıcası isə ondan çıxış yollarını tapa bilmirdi.
Belə bir tarixi şəraitdə C.M.Keyns “iqtisadiyyatın dövlət tənzimlənməsi” konsepsiyasını irəli sürüb əsaslandırmışdı. İqtisadiyyatda baş verən yeni proseslər və perspektiv meyllərə dair keynsçi ideyalar, onun “Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi” (1936) kitabında hərtərəfli təhlil olunmuşdur. O göstərirdi ki, daxili-xarici təsərrüfat əlaqələrinin mürəkkəbləşdiyi bir şəraitdə sərbəst bazar vasitəsilə məşğulluq, maliyyə resurslarından səmərəli istifadə, iqtisadiyyatın dinamik inkişafını təmin etmək mümkün deyildir. Ona görə də iqtisadiyyatda bazar münasibətləri prinsiplərini saxlamaqla yanaşı, bu münasibətlər sistemini hökmən tənzimləmək lazımdır. Bu mənada C.Keynsin iqtisadi təlimi dövlət tənzimlənməsi sisteminə əsaslanan makroiqtisadi nəzəriyyədir.
Bu nəzəriyyənin mahiyyəti və yeniliyi aşağıdakılardan ibarətdir:
cəmiyyət miqyasında səmərəli məcmu tələbin formalaşması və dövlətin iqtisadiyyatı tənzimlənməsi siyasəti əsasında, ölkədə məşğulluğun səviyyəsini yüksəltmək;
iqtisadiyyata investisiyalar yönəldilməsini gücləndirmək yolu ilə əldə edilən gəlirin istehsalın müxtəlif sahələrinin yüksək templərlə artımına nail olmaq;
dövlətin düşünülmüş maliyyə, pul-kredit, bank faiz dərəcələri çevik siyasəti ilə ölkədə ictimai işlərə yönəldilən investisiyaların həcmıni artırmaq, dövlət sifarişləri təcrübəsindən faydalanaraq, kreditlərə görə faizləri aşağı salmaq, yeni iş yerləri açmaq, əhalinin aztəminatlı hissəsinin qayğılarının dövlətin öz üzərinə götürməsi əsaslandırılmışdır.
Keynsin nəzəri konsepsiyasında investisiyalar- istehlak - milli gəlir arasındakı qarşılıqlı təsir əlaqəsi xətti, multiplikator mexanizmi vasitəsilə aydınlaşdırılmışdır. Latıncadan tərcüməsi sürətləndirmək, artırmaq mənasını verən bu termin, iqtisadiyyata tətbiq edildikdə investisiyaların gəlirlərin yüksəlməsinə təsiri nəticəsində məcmu tələbin cəmiyyət miqyasında artdığını göstərir. Səmərəli tələb isə ödəniş (tədiyyə) qabiliyyətli məcmu tələb kimi mövcud məşğulluğun səviyyəsini ötdüyündən, onu iki amil, yəni istehlak və investisiyalar şərtləndirir.
Multiplikator anlayışı, iqtisadi böhranları və işsizliyin səviyyəsini aşağı salmaq üçün dövlət xərclərini artırmağı, nəzəri baxımdan əsaslandırırdı. Keyns bu göstəricidən iqtisadiyyata dövlət təsirinin zəruri olduğunu göstərmək üçün istifadə etmişdi.
Başqa sözlə desək, multiplikator - gəlirin artımının investisiyaların artımına olan nisbətini ifadə edir və o, investisiya qoyuluşlarının hər yeni artımı nəticəsində gəlirin çoxalmasını təmin edir. Keynsin bu müddəasından aydın olur ki, hər bir artım, cəmiyyətdə milli gəlirin artımını təmin edən məşğulluğu yüksəldir. Ölkənin mühüm iqtisadi göstəricisi sayılan milli gəlirin artması isə öz növbəsində yeni əlavə kapital qoyuluşları üçün başlanğıc şərt rolunu oynayır.
Keynsin davamçıları, yaxud neokeynsçiliyin A.Hansen, R.Xarrod, E.Domar, C.Xiks, P.Samuelson, C.Robinson kimi nümayəndələri, bu nəzəriyyəni təkmilləşdirərək, daha da inkişaf etdirmiş, habelə onu yeni yaranmış «iqtisadi dinamika» nöqteyi-nəzərdən işləyib hazırlamışlar.
Həmin müəlliflər ilk növbədə diqqətlərini təsərrüfat həyatının ən aktual problemləri sayılan - iqtisadi tsikl və iqtisadi artım məsələlərinə yönəltmişlər.
İqtisadi tsikl nəzəriyyələrindən biri, Keynsin nəzəri müddəaları əsasında meydana çıxmış akselerator (sürətləndirici) mexanizmi ilə təkmilləşdirilmiş investisiya nəzəriyyəsidir.
Əgər multiplikator - gəlirin artımı tempinin investisiyaların artımı tempinə olan nisbətini göstərirsə, akselerator isə əksinə, investisiyaların artımı kəmiyyətinin milli gəlirin artımı tempinə təsirini göstərir. Bu nəzəriyyənin yaradıcısı A.Hansen (ABŞ) olmuşdur.
XX əsrin ortalarından Qərb ölkələrində geniş yayılmış iqtisadi keynsçi nəzəriyyələrdən digəri - iqtisadi artım nəzəriyyəsidir. Həmin nəzəriyyənin müəllifləri - R.Xarrod (İngiltərə) və C.Domar (ABŞ) olmuşlar. Əsrin 70-ci illərinin sonlarından neokeynsçiliyi, postkeynsçilik əvəz etmişdir. Onlar müəyyən məsələlərdə keynsçiliyi tənqid etsələr də, lakin bütövlükdə C.Keynsin təlimindən imtina etməmişlər. Postkeynsçi nəzəriyyədə əsas yeri iqtisadi artım və bölgü problemləri tutur. Onların mövqeyinə görə istehsalın artım sürəti milli gəlirin bölgüsündən, həmin gəlirin kəmiyyəti və onun artım tempi isə yığımdan asılıdır. Öz növbəsində yığımın ümumi kəmiyyəti - əmək haqqı və əldə edilmiş mənfəətdən əmələ gəlir. Bu prosesdə yığıma meyllik, əmək haqqı və mənfəət əldə edənlərdə müxtəlif olduğundan, şübhəsiz bölgədə baş verən real dəyişikliklər, yığımın ümumi məbləğinə öz fəal təsirini göstərəcəkdir.
Maraqlıdır ki, postkeynsçilər sələflərindən fərqli olaraq, müxtəlif islahat və dəyişikliklər yolu ilə kapitalist iqtisadi sisteminin dəyişdirilərək yeniləşdiril-məsinə, yaxud modernləşdirilməsinə tərəfdar olmuşlar.
İnstitusional-sosioloji istiqamət, iqtisad elmi tarıxində XIX əsrin sonları və XX əsrin əvvəllərində meydana çıxmış, sonralar xüsusilə ABŞ-da, habelə digər ölkələrdə geniş yayılmağa başlamışdır. Ölkənin iqtisadi-sosial problemlərinin həllini dövlətin ümumi siyasəti, cəmiyyətdə formalaşmış müəyyən adətlər, qayda-qanunlar, təsisatlar və rəsmi, habelə qeyri-rəsmi təşkilatların fəaliyyəti ilə əlaqələndirən bu istiqamətin T.Veblen, C.Helləreyt, R.Kouz, Y.Tinbergen kimi görkəmli nümayəndələri olmuşdur. Onlar cəmiyyətin sırf iqtisadi problemləri ilə yanaşı onun sosioloji münasibətlərini də hərtərəfli öyrənməyi zəruri hesab etmişlər.
Bu istiqamətin tərəfdarları iqtisadi nəzəriyyənin (economicsin) predmetinə siyasi və texniki amilləri də daxil etmiş, təsərrüfat subyektlərinin ayrı-ayrılıqda fərdi fəaliyyətlərini deyil, kollektiv institutların (dövlətin, həmkarlar təşkilatlarının, iri korporasiyaların, inhisarların) işinin təhlil olunmasını irəli sürmüşlər. Onların fikrincə, müasir mərhələdə cəmiyyətin təsərrüfat həyatında sərbəst bazar rəqabətinin yerini iri inhisar birliklərinin və transmilli korporasiyaların (TMK) tutduğu bir şəraitdə, ölkənin təkcə iqtisadi problemləri ilə məşğul olmaqla ciddi səmərəli nəticələr əldə etmək, mümkün deyildir. Deməli cəmiyyətin problemlərinə kompleksli yanaşılmalı, onun siyasi, mənəvi, sosial, təşkilati problemləri iqtisadi məsələlərlə qarşılıqlı əlaqə müstəvisində, birlikdə həll edilməlidir. Bu istiqamətə mənsub iqtisadçılar kapitalizmin təkamül yolu ilə tədricən təkmilləşməsi, yaxud “xalq kapitalizmi” konsepsiyası əsasında cəmiyyətin postsənaye daha sonra isə informasiya, texnotron inkişaf mərhələləri keçəcəyi ideyasını irəli sürərək, müdafiə etmişlər.
İnstitusionalizmin meydana çıxıb formalaşması XIX əsrin axırı və XX əsrin başlanğıcında, sərbəst rəqabətə əsaslanan bazar iqtisadiyyatının (kapitalizmin) öz inkişafının daha yüksək, inhisarçı mərhələsinə keçməsilə olmuşdur. Həmin mərhələdə baş verən proseslər və qarşıya çıxan iqtisadi-sosial problemlər, cəmiyyətdə yaranmış yeni qüvvələr nisbəti baxımından, bir sıra məsələlərin elmi-nəzəri cəhətdən dərk edilərək, ümumiləşdirilməsini irəli sürürdü.
Mürəkkəb və ziddiyyətli bir iqtisadi nəzəriyyə istiqaməti olan institusionalizm nümayəndələrinin vahid ümumi mövqeləri olmamışdır. Lakin qeyd etmək lazımdır ki, ölkənin iqtisadiyyatına dövlət tərəfindən nəzarət olunub, onun tənzimlənməsi məsələsində, bu nəzəri istiqamətin tərəfdarları eyni fikirdə olmuşlar. Digər ümumi oxşar cəhət isə, bu iqtisadi istiqamət nümayəndələrinin yaşadıqları bazar iqtisadiyyatı münasibətlərinin hakim olduğu cəmiyyəti ciddi tənqid etmələridir.
Dostları ilə paylaş: |