2.3. Azərbaycanda iqtisadi fikrin formalaşması və inkişaf mərhələləri
Azərbaycanın yerləşdiyi strateji əhəmiyyətli əlverişli mövqeyi, rəngarəng coğrafi-iqlim şəraiti, zəngin yerüstü-yeraltı təbii sərvətləri, əməksevər əhalisinin təsərrüfatın müxtəlif sahələrində səylə çalışması, sənətkarlıqla məşğul olması, yaxın-uzaq ölkələrlə ticarət əlaqələri aparması, bu ərazidə ən qədim dövrlərdən başlayaraq, tədricən qaynar iqtisadi həyatın formalaşmasına, mövcud istehsal münasibətlərinin səviyyəsinə uyğun ölkənin məhsuldar qüvvələrinin inkişafına müəyyən real imkanlar yaratmışdı.
Minillikləri əhatə etmiş qanlı-qadalı tarix boyunca amansız basqın və hücumlara, zorakı təzyiq və mənəvi təsirlərə məruz qalmış Odlar Yurdu, həmişə özündə daxili bir inam, tükənməz həyat enerjisi mənbəyi taparaq yenidən dirçəlmiş, əzəli varlığını, qanyaddaşı soykökünü, şərəf-ləyaqətini sərt mübarizə sınaqlarında qeyrətli iradə əzmi ilə təsdiq etmişdir. Bütün dünyada olduğu kimi Azərbaycanda da qədim zamanlardan başlayaraq, insanlar yaşadıqları mühitin və cəmiyyətin təsərrüfat həyatına, oradakı iqtisadi əlaqə və münasibətlərin xarakterinə dair düşüncə və fikirlərini müxtəlif vasitələrlə ifadə etmişlər. Hələ eramızdan əvvəlki minilliklərdə, o dövrün konkret təsərrüfat həyatı, insanların əmək fəaliyyəti, onların məşğuliyyəti, yaşayış tərzi, mülkiyyət, istehsal, bölgü, mübadilə münasibətləri öz əksini şifahi xalq ədəbiyyatı nümunələrdə, laylalarda, bayatılarda, qoşmalarda, atalar sözlərində, nağıllarda, dastanlarda sadə bir şəkildə tapmışdır. Təsadüfi deyildir ki, xalqın tədricən formalaşmış iqtisadi təfəkkür və fikir təkamülünün bu əvəzsiz mənbələri, qaynaqları onun “ilkin tarixi” kimi səciyyələndirilir.
Atəşpərəstlik dövründə Azərbaycan ərazisində geniş yayılmış zərdüştlük təlimi ideyalarında, cəmiyyətin iqtisadi həyatı, onun yaşayış tərzi, insanların məşğuliyyəti, bölgü, mübadilə, təchizat məsələlərinə diqqət yetirilmişdir. “Avesta”, “Qurani-Kərim”, “Kitabi Dədə Qorqud” kimi yazılı mənbələrdə xalqımızın əmək və təsərrüfat fəaliyyəti ilə bağlı əkinçilik, maldarlıq, bağçılıq-meyvəçilik habelə ticarət, sələmçilik və vergilərə dair zəngin materiallar vardır.
Orta əsrlər dövründə Azərbaycanda iqtisadi fikrin inkisafında Nizamülmülk (XI əsr), Nizami (Gəncəvi (XII əsr), Nəsrəddin Tusi (XIII əsr), İmaməddin Nəsimi (XIV əsr), Şah İsmayıl Xətai (XVI əsr). Məhəmməd Fizuli (XVI əsr), Molla Pənah Vaqif müəyyən rol oynamışlar. Şair, dövlət xadimi, alimi kimi tanınmış bu görkəmli şəxsiyyətlər yaşadıqları cəmiyyətin iqtisadi-sosial məsələlərinə toxunaraq, maraqlı fikirlər söyləmişlər.
Şərq və Qərb mənbələri ilə tanışlıq nəticəsində onların “Siyasətnamə”, “Xəmsə”, “Maliyyə haqqında traktat”, “Əxlaqi Nasiri” kimi əsərlərində, qəzəl və şerlərində yaşadıqları cəmiyyətin ictimai-iqtisadi məsələlərinə dair baxışları, tənqidi mülahizələri; haqsızlığa, ədalətsizliyə qarşı etirazları; ailə (ev təsərrüfatları), torpaq, mülkiyyət, mübadilə, bölgü, büdcə, idarəetmə, məmur məsuliyyəti haqqında fikirləri; insan zəhmətinə, əmək bölgüsünə, qənaətcilliyə, qarşılıqlı faydalı ticarət əlaqələrinə, ölkənin abadlığına, əhalinin peşə-sənət bacarığına, elm-təhsil işlərinə verdikləri yüksək qiymət; əmtəə-dəyər, pul-sərvət, borc-sələm anlayışına, yığım-xəzinə məsələlərinə, vergi-dövlət xərclərinə xüsusi diqqət yetirmələri; israfçılığa, möhtəkirliyə, haram qazanca qarşı sərt mövqeləri; hakimiyyətin ilk qayğısının insanların gələcəyi və rifahının yaxşılaşdırılması olduğu barəsindəki işıqlı düşüncələri, bizim günlərimizdə də aktual səslənir.
N.Tusinin təbirincə iqtisad elminin də daxil olduğu ictimaiyyət elmləri (ictimai elmlər) – “insan cəmiyyətində olan münasibətlər sistemidir” və hamının öyrənməyə səy etməli olduğu bir sahədir.
İqtisad elminin mövzusunu (predmetini) – “hamının xeyrinə olan (ictimai) əmək” kimi müəyyənləşdirən müəllif göstərmişdir ki, “insan öz ruzisini düşüncəsi, əməyi və bacarığı ilə əldə etdiyindən”, hər kəs yaxşı bacardığı, sevdiyi peşə ilə məşğul olarsa “birgə əmək yaranar, xeyir artar, şər azalar”. Onun fikrincə, cəmiyyətdə elə şərait yaradılmalıdır ki, hərə öz imkanı və bacarığı dairəsində zaman və məkanın tələbindən asılı olaraq, ədalətlə öz borcunu yerinə yetirsin, hərənin haqqı özünə çatsın.
Nizamülmülk isə yazırdı ki, yalnız təsərrüfat həyatının ciddi qayda-qanunlarına əməl olunan məmləkətdə “dövlət güclənər, ölkədə bolluq olar”. Müəllifin fikrincə, ölkədə halal-harama fikir verilməsə, möhtəkirlik və saxtakarlıq olarsa əhali, xüsusilə də “yoxsullar acınacaqlı vəziyyətə düşərlər”. Ölkədə hakimin sayğısızlığı və qazının insafsızlığı üzündən yarana biləcək sosial narazılıq belə qiymətləndirilmişdir: “Atalar yaxşı deyiblər: ət iylənəndə ona duz vurarlar, bəs duz iylənsə onun çarəsi nədir?” Ölkənin və dövlətin həqiqi vəziyyətinin biliyin və yaxşı ənənələrinin səviyyəsi ilə ölçüldüyünü qeyd edən Nizamümülk hakimlərı, dövlət xadimlərini elm adamları ilə oturub-durmağa, işbilənlərlə məsləhətləşməyə, ağsaqqalların tövsiyələrinə qulaq asmağa çağırmışdı.
Bu mənada Nizami Gəncəvinin şah və xəlifələrin hökmranlıq etdiyi feodalizm dövründə özünüidarəyə, ədalətə, qarşılıqlı hörmət münasibətlərinə əsaslanan ideal-utopik cəmiyyət ideyasını irəli sürməsi, elmi uzaqgörənlik, habelə zəngin yaradıcılıq təxəyyülü kimi qiymətləndirilməlidir. Onun əsərlərindəki insan zəhmətinə, əmək fəaliyyətinə, onun bölgüsünə, pula, sərvətə, kamil peşə-sənət sahibi olmağa, elmlərə yiyələnməyə, qənaətə, sadə yaşamağa dair fikirləri, xalq müdrikliyindən qaynaqlanan iqtisadi təfəkkürün ifadəsi kimi dəyərləndirilməlidir. Şair insanın əmək fəaliyyətinin azad və sərbəst olması zəruriliyinə toxunaraq yazmışdı:
Hər kəs sənətində olmasa azad,
Dünya bu gedişlə olarmı abad?
“Həyat əməkdir”- əqidəsində olan müəllif, adamları insan edən, onları bütün canlılardan fərqləndirən halal zəhmətlə yaşamağa çağırmışdı:
Məşəl tək əlinin muzduyla dolan,
Şam kimi sən öz xəzinənlə yan.
“Sirlər xəzinəsi” əsərindəki sadə peşə sahibləri olan əkinçinin, kərpickəsənin, bağbanın timsalında, öz halal zəhməti ilə yaşayan bu əmək adamları, cəmiyyət həyatının əsl qurucuları, bünövrəsi kimi təsvir olunmuşlar. Şairin fikrincə, həyatda rahatlıq “daşdan çörək çıxaran” və “dənizdən dürr əldə edən” insanların, o cümlədən də daşyonanın, çobanın, əkinçinin, memarın, naqqaşın, əsgərin, alimin, bənnanın gərgin əməyinin nəticəsidir.
“Hər peşəkar ancaq öz işini görməlidir”, “o vaxt ki, hər kəs öz bildiyi peşəsindən əl çəkər, abadlıq heçə enər”, “hər kəsin hünərinə görə iş verilməlidir”, “insan halına, bacarığına görə elə peşə seçməlidir ki, gördüyü işdən xəcalət çəkməsin” mövqeyindən çıxış edən Nizami, ağıllı və düşünülmüş əmək bölgüsünə ölkənin sərvətinin artmasına, ölkədə məhsul bolluğu yaradılmasına, əhalinin dolanacağının yaxşılaşmasına təsir göstərən bir şərt kimi baxmışdır. O eyni zamanda məmləkətin və cəmiyyətin yaşanması üçün ayrı-ayrı fiziki-zehni əmək fəaliyyəti növlərinin qarşılıqlı əlaqəsi fikrini əsas tutmuşdur. Bu mənada müxtəlif peşə və sənətlərin bir-birini tamlayaraq, son nəticə etibarilə hamıya gərək olduğunu vurğulayan şair xatırlatmışdı:
Dünya bir tarladır, diqqətlə baxsaq,
Hamı bir-birinə cütçüdür ancaq.
Zəhmət - əmək “fəryad deyil, bir şadlıqdır” deyən, nəsillərin zəruri istehsal fəaliyyətinin təkrar olunmasını “çox şey əkmişlər bizə, əkməliyik gənc nəslimizə” vəsiyyətini edən və bu işi mənəvi insanlıq borcu kimi dəyərləndirən şair:
Dünyaya gəlmədik zövqə, işrətə,
Borcumuz qatlaşmaq hər cür zəhmətə -
inamı ilə “kamil palançılığı yarımçıq papaqçılıqdan” üstün tutmuş, həyatda və gündəlik dolanacaqda qənaətcil olmağı, hər işdə “nisbətlərə riayət etməyi”, “haqq-hesab bilməyi”, “ölçü-biçi gözləməyi” tövsiyə etmiş, ədalətsiz vergilərə və rüşvətxorluğa qarşı çıxmış, “yetimlərin malına qəsd edilməsini” və “qocaların olub-qalanının çapılıb-talanmasını” qəzəblə lənətləmişdir. İnsanların əsl güc-qüvvətini, bəşəriyyətin xoşbəxtliyini elmdə, bilikdə olduğunu və cəmiyyətin bütün səylərinin ölkənin, onun əhalisinin xeyrinə yönəldilməsinin arzulayan mütəfəkkir sənətkar qəti bir əminliklə yazmışdı:
Qüvvət elmdədir, ayrı cür heç kəs,
Hər kəsə üstünlük göstərə bilməz.
Ümumbəşəri dəyərlərin varisləri kimi orta əsr Azərbaycan iqtisadi fikrinin nümayəndələri, müasir inteqrasiya və qloballaşma proseslərini sanki öz fəhmləri ilə dərk edərək bildirmişlər: “tədricən bir-birinə kömək edən insanları birləşdirən quruluşun yaranması zəruriyyəti meydana çıxar, çünki insanlar öz təbiəti etibarilə inkişafa meyl edən bir varlıq kimi yaradıldığından məhz belə birləşməyə möhtacdırlar” (N.Tusi).
XIX əsrin əvvəllərində Azərbaycanın parçalanaraq Rusiya tərəfindən işğalından başlayaraq, XX əsrin ilk iyirminci illərinə qədər olan dövrdə burda gedən ictimai-siyasi iqtisadi-sosial, mədəni-mənəvi proseslər xalqımızın M.F.Axundov, A.Bakıxanov, Q.B.Zakır, H.B.Zərdabi, N.B.Vəzirov, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Ə.Rəsulzadə, N.Nərimanov, Ü.Hacıbəyli, Ə.Hüseynzadə kimi görkəmli simalarının yaradıcılığında tapmışdır. Onların bədii əsərlərində, mətbuatdakı yazılarında, publisist məqalələrində, müsahibələrində, çıxışlarında və əməli fəaliyyətlərində çar Rusiyasının müstəmləkə siyasəti, xalqın hüquqsuz vəziyyəti, rəsmi məmurların rüşvətxorluğu, cəmiyyətin sosial təbəqələşməsi, zəhmət adamı - fəhlənin, kəndlinin, sənətkarın ağır həyati, pulun ağalığı, insanların haqq və hüquqlarının tapdalandığı, sələmçiliyin yaratdığı bəlalar, ölkənin səriştəsizliklə idarə olunması, əhalinin savadsızlığı, dini-xürafat mühitinin formalaşdırdığı həyat tərzinin nəticələri, milli qeyrət, vətəndaşlıq məsuliyyəti mövqeyindən tənqid edilmişdir. Eyni zamanda onlar Azərbaycanın təsərrüfat həyatındakı canlanmanı, yeni iqtisadi münasibətlərin özünə yol açmasını, ölkənin daxili-xarici iqtisadi əlaqələrinin genişlənməsini, xalqın iqtisadi-sosial vəziyyətindəki dəyişiklikləri və ümumi inkişaf, habelə milli şüurun formalaşması istiqamətindəki obyektiv meylləri düzgün dəyərləndirmişlər.
Bütün Şərqdə ilk parlamentli demokratik respublika kimi tarixə daxil olmuş Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illəri əhatə etmiş 23 aylıq hakimiyyəti dövrü, onun M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, F.X.Xoyski, H.B.Ağayev, H.B.Usubbəyov və digər xadimlərinin iqtisadi-sosial görüşləri, Musavat hökumətinin hazırladığı iqtisadi siyasət tədbirləri platforması, bu xəttin özünəməxsus xüsusiyyətləri, həyata keçirilən ilk uğurlu addımlar, xalqımızın iqtisadi fikir, habelə təfəkkürünün formalaşması prosesində mühüm mərhələ olmuşdur.
Hökumətin mülkiyyət münasibətlərindəki Şərq ölkələrinin xüsusiyyətlərini nəzərə alan çevik iqtisadi siyasət taktikası, bir neçə variantda hazırlanmış aqrar proqramı, sənayenin inkişaf yolları xətti, maliyyə-valyuta siyasəti, inflyasiyaya qarşı mübarizə üsulları, xarici ticarət əlaqələrinin genişləndirməsi səyləri, iqtisadiyyatın dövlət tənzimlənməsi istiqamətindəki addımları, əhalinin həyat səviyyəsini yaxınlaşdırmaq, təhsil, səhiyyə və digər sahələrdəki dünya təcrübəsinə əsaslanan düşünülmüş tədbirlər sistemi, Azərbaycan Xalq Cümhuriyyətinin lideri M.Ə.Rəsulzadənin “fikri, milli və siyasi istiqlalın kökü iqtisadi istiqlaldır” ideyasına söykənmişdir.
71 il (1920-1991) davam etmiş işğalçı bolşevik rejimi şəraitində müəyyən istisnalarla Azərbaycanda iqtisad elmi və iqtisadi fikrin inkişafı, hakim ideologiya olmuş marksist-leninçi nəzəriyyənin doqmatik-sxolastik ehkamçı iqtisadi müddəalarının öyrənilib tədqiq, habelə tədris olunmasına tabe edilmişdi. Lakin həyat sübut etdi ki, xüsusi mülkiyyət hüququnu qadağan edən, sahibkarlıq-biznes fəaliyyətinə yol verməyən, insanların iqtisadi maraq və təşəbbüslərini boğan, rəqabət prinsiplərinə əməl etməyən bir təsərrüfat sistemi məhvə məhkumdur.
Sovet hakimiyyəti illərinin obyektiv çətinlik və məhdudiyyətlərinə baxmayaraq, Azərbaycanda iqtisad elminin nəzəri-praktik məsələlərinə dair Məmmədhəsən Vəlili (Baharlı), Bəkir Həsənbəyov, Həsən Dadaşov, Əliqulu Fərəcov, Bəhmən Axundov, Əlisöhbət Sumbatzadə, Əhməd Mahmudov, Mədət Allahverdiyev, Muxtar Mustafayev, Ələsgər Qasımov, Mahmud Tağıyev, Yusif Məmmədov, Mirağa Musayev, Balaca Əbdürrəhmanov, Əbdülqafur Zərgərov, Ərəstun Axundov, Fərid Fərəcov, Teymur Vəliyev, Ağayar Həsənov, habelə başqaları müxtəlif istiqamətlərdə tədqiqatlar aparmış, monoqrafiyalar, dərsliklər, kitablar, məqalələr nəşr etdirmiş, iqtisadçı kadrların hazırlanmasına xidmət göstərmişlər.
XX əsrin 90-cı illərində keçmiş Sovet İttifaqının siyasi-ictimai və iqtisadi-sosial sistem kimi iflasından sonra imperiya ərazisində formalaşmış müstəqil dövlətlərdən biri olan Azərbaycan Respublikasında iqtisad elminin, o cümlədən də onun tərkib hissəsi sayılan iqtisadi nəzəriyyənin, habelə təlimlər (fikir) tarixinin obyektiv sürətdə öyrənilib tədris olunmasına geniş imkanlar açılmışdır.
Sinfi mübarizə zəruriliyi, ideoloji təzyiq, inqilabi çevrilişlərin labüdlüyü konsepsiyalarından, mərkəzləşdirilmiş totalitar planlı sosialist sistemindən keçən bir ölkədə, müasir mərhələdə qarşıya çıxan mürəkkəb və ziddiyyətli problemləri, nisbətən qısa müddət ərzində daha az itkilərlə, yüksək sosial-iqtisadi səmərəlilik meyarları ilə həll etmək üçün iqtisad elminin həm elmi-nəzəri, həm də əməli-praktik axtarışlarına, tövsiyələrinə ciddi ehtiyac vardır.
Müstəqil Azərbaycan Respublikasının rastlaşdığı gündəlik cari qayğılar ilə hökmən məşğul olmaqla yanaşı, müasir dünya təcrübəsi və iqtisad elminin son nailiyyətlərindən yaradıcılıqla faydalanmaq əsasında milli iqtisadiyyatımızın gələcək uzunmüddətli inkişaf perspektivtərini işləyib hazırlamaq, iqtisadçılar qarşısında zəruri bir vəzifə kimi durmaqdadır.
İqtisadi inteqrasiya və qloballaşma şəraitində ölkənin yaxın, orta, uzunmüddətli inkişaf perspektivlərinin daxili-xarici bazarın tələblərinə uyğun prioritet istiqamətlərini milli təhlükəsizlik, beynəlxalq iqtisadi-ticarət əlaqələri, istehsal-xidmət dairələrinin son səmərəliliyi baxımından, yalnız iqtisad elminin müxtəlif sahələrinin ahəngdar inkişafı, alim-mütəxəssislərin peşəkar məsləhətləri təməlində aparmaq mümkündür.
Dostları ilə paylaş: |