Söz birləşməsinin növləri Söz birləşməsinin tiplərini yaranamsı, onların arasındakı fərq birləşməyə daxil olan sözlərin hansı nitq hissəsi ilə ifadə olunması ilə müəyyənləşir. Əgər söz birləşməsinin II (əsas) tərəfi adlarla ifadə olunarsa, ismi; felin təsriflənməyən formaları – məsdər, feli sifət, feli bağlama ilə ifadə olunarsa, feli birləşmələr adlanır. Quruluşuna görə də ismi və feli birləşmələr sadə və mürəkkəb olur. Sadə birləşmələr iki müstəqil leksik mənaya malik sözlərin birləşməsi ilə formalaşır. Məsələn, mavi göy, yaşılbaş sona, xınalı kəklik, axan su, ağlın zəkatı, sumağın faydası, qalanın divarları, yaz gələndə, şeir yazan, mahnı oxumaq və s. Əgər sadə birləşmələrin tərkibinə köməkşi sözlər, xüsusən qoşma daxil edilərsə, o zaman birləşmənin quruluşuna xələl gəlməz, yəni sadə olaraq qalacaqdır: məktəbə getmək – məktəbə kimi getmək – məktəbə sarı getmək. Bu birləşmələr sadə quruluşludur. Yalnız məna dəqiqləşir.
Mürəkkəb birləşmələr isə üç və daha çox müstəqil leksik mənaya malik olan sözlərin birləşməsi əsasında formalaşır: qədim qalanın hündür və keçilməz divarları, bulud göz yaşını yerə sıxanda və s. Misallardan da aydın olur ki, mürəkkəb birləşmələr söz çoxluğu və semantik genişliyi ilə sadə birləşmələrdən fərqlənir. Mürəkkəb birləşmələrin formalaşmasında bir çox üsullar vardır. Onların bəzilərinə nəzər salaq:
1. Bir tabeedici və bir neçə tabe sözdən ibarət olan mürəkkəb birləşmələr. Bu cür birləşmələrin II (əsas) tərəfi ya isim, ya da feildən ibarət olur. Tabe sözlər isə bir-biri ilə deyil, əsas sözlə qrammatik əlaqə saxlayır. Məsələn,
1) Gəzmişəm çölləri gül darıxanda, Bulud göz yaşını yerə sıxanda(əsas tərəf feli bağlama).
2) Nadan üçün hər şeyi qorumaq özünü öz nadanlığından qorumaqdan (əsas tərəf məsdər) daha asandır.
3) Ona görə də mən “tərəzi dibində oturanlara”, “ yumurtadan yun qırxanlara” (əsas tərəf feli sifət) nifrət edirdim (İ. Əfəndiyev).
4) Yaz gələndə kəndin qərbindəki həmin dərin və qorxunc dərələr (əsas tərəf isim) göy otlarla örtülərdi.
2. Biri digəri ilə qarşılıqlı tabelilik əlaqəsində olan birləşmələrdən formalaşan mürəkkəb birləşmələr. Məsələn, İşğal edilmiş Qarabağ torpaqlarını qaytarmaq vətənpərvər Azərbaycan gənclərinin vicdan və şərəf borcudur. Azərbaycan gənclərinin II növ ismi birləşmə, gənclərinin borcuIII növ ismi birləşmə, vicdan və şərəf borcu II növ ismi birləşmədir və qarşılıqlı tabelilik əlaqəsi ilə bağlanmışdır. Ümumilikdə mürəkkəb ismi birləşmədir.