Təxirəsalınmaz yardım - Yüngül donmada zərərçəkmiş isti yerə gətirilir, bükülür, isidilir.
İçməyə isti çay, qəhvə verilir. Ən yaxşısı isti vanna qəbuludur (tədricən suyun hərarətini 36°C-dək
çatdırmaqla). Ürək fəaliyyəti və tənəffüsün dayanması hallarında ürək-ağ ciyər reanimasiyası aparılır.
Xəstəyə ürək-damar dərmanları, analeptiklər yeridilir (1,0 ml-0,05%-li strofantin, 2,0 ml kordiamin,
2ml sulfokamfokain, 5ml -0,5%-li bemgerid və s.).
Orta ağırlıqlı və ağır ümumi donmalar zamanı xəstənin ürək qaraciyər nahiyələrinə və iri
damarların üzərinə istiğac qoyulur, vena daxilinə bir qədər qızdırılmış 40-60 ml 40%-li qlükoza, 10ml
10%-li kalsium-xlorid, 200-300 ml 5%-li natrium-bikarbonat və ürək-damar dərmanları vurulur.
Qıcolmalar olarsa 10ml 20%-li natrium oksibutiriat yeridilir.
Yerli donma - Soyuq havanın, suyun, qarın, buzun, soyumuş metalların və digər amillərin
orqanizmə yerli təsirləri nəticəsində yerli donmalar baş verir.
Donmaların klinik gedişində iki dövr ayırd edilir: 1. Reaktivliyəqədərki (gizli dövr)
2. Reaktivlik dövrü
Reaktivliyəqədərki dövrdə toxumalar hipotermiya vəziyyətində olurlar. Bu dövrdə klinik
əlamətlər nəzərə çarpacaq dərəcədə aydın olmur.
Donmuş nahiyənin istiləşməsilə reaktivlik dövrü başlayır. Bu dövrdə donmuş nahiyə istiləşir,
dərisi qızarır, göynətmə, iynəbatırma kimi hissiyatlar və ağrı baş verir. Sonradan donmuş nahiyənin
dərisi öz rəngini dəyişir (tünd qırmızı rəng, göyümtül rəng, mərmər çalarlı və s.) və toxumaların ödemi
artır.
Toxumaların zədələnmə dərinliyinə görə donmanın dörd dərəcəsi ayırd edilir.
I dərəcəli donma – soyuğun qısa müddətli təsirindən baş verdiyindən toxumalarıdakı
dəyişikliklər funksional xarakter daşıyır. Bu zaman dəri hiperemiyalaşır, sianotik olur, ödem inkişaf
edir və yandırıcı ağrılar meydana çıxır. Bu əlamətlər 3-7 gündən sonra keçib gedir.