Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti Şöbə: “Müalicə işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 29
MÖVZU 13 Dozimetrik və kimyəvi nəzarət. MM-də istifadə olunan dozimetrik və kəşfiyyat cihazları MM sistemində dozimetriyanın əsas vəzifəsi – müxtəlif radiasiya şəraitində əhalinin, MM
qoşunları və hərbiləşdirilmiş dəstələrin fəaliyyətini təmin etmək məqsədilə ionlaşdırıcı şüalanmaları
aşkar etmək və bu şüalanmaların onlar üçün yaratdığı təhlükənin dərəcəsini müəyyən etməkdir.
Dozimetriya vasitəsilə aşağıdakı işlər yerinə yetirilir: 1. Əhalinin həyat fəaliyyətinin və zədələnmə ocaqlarında xilasetmə və digər təxsirəsalınmaz işlərin
təhlükəsizliyini təmin etmək üçün şüalanmaların aşkar edilməsi və ölçülməsi;
2. Dezaktivasiya və sanitar təmizlənməsi keçirilməsi zərurətini, bunların keyfiyyətini müəyyən
etmək, habelə zədələnmiş ərzaq məhsullarından istifadə etməyin mümkünlüyünü, normalarını təyin
etmək üçün müxtəlif obyektlərin zəhərlənmə dərəcələrinin ölçülməsi;
3. Radiasiya baxımından əhalinin və ayrı-ayrı adamların iş fəaliyyətini təyin etmək məqsədilə
şüalanma dozalarının ölçülməsi;
4. Ərzaq məhsullarının, suyun, ərazinin radioaktiv maddələrlə zəhərlənmə dərəcələrinin
laboratoriyada ölçülməsi.
Dozimetrik cihazları – onların təyinatına, vericisinin tipinə, ölçülən şüalanmanın növünə və
cihazın sxeminin çevirdiyi elektrik siqnallarının xarakterinə görə təsnif etmək olar.
Təyinatına görə bütün cihazlar aşağıdakı qruplara ayrılır: İndikatorlar - radiasiya kəşfiyyatı üçün ən sadə cihazlardır, bu cihazlar vasitəsilə
şüalanmaları aşkar etmək β və γ şüalanma dozalarının gücünü təxmini qiymətləndirmək mümkündür.
Cihazlar işıq və ya səs siqanlı verən sadə elektrik sxeminə malikdir. İndikatorlar vasitəsilə doza
gücünün artdığı və ya azaldığını təyin etmək olur. Belə cihazlarda verici olaraq qazboşalma sayğacı
tətbiq edilir. Cihazların bu qrupuna DP-64 indikatoru aiddir.