Nəcisin müayinəsi-nəcis təmiz şüşə qaba yığılmalıdır. Koproloji (ümumi) tədqiqat üçün səhərlər
ifraz olunan təzə nəcis götürülür. Bu cür analiz bütövlükdə mədə-bağırsaq traktının həzmetmə qabılıyyəti
haqqında ümumi məlumat verir. Ümumi analizdən başqa, nəcisin analizi onda qurd yumurtalarını,
ibtidailəri, gizli qanı aşkara çıxarmaq məqsədilə və bakterioloji tədqiqat üçün aparılır.
Sidiyin müayinəsi-Bu zaman sidiyin miqdarı, xüsusi çəkisi, rəngi, şəffaflığı, duzlar və s. yoxlanılır.
Bakterioloji müayinə üçün sidik kateterlə götürülməlidir.
Rentgenoloji müayinə-bir sıra xəstəliklərin diaqnostika və profilaktikası məqsədilə xüsusi
kabinetlərdə aparılır. Həkim ehtimal edilən diaqnozu göstərməklə tədqiq obyektini göstərir. Tomoqrafiya,
bronxoqrafiya və s. kimi bir sıra xüsusi tədqiqat növləri mövcuddur. Bu tədqiqatlar çox vaxt əsas rentgen
tədqiqinə əlavə olaraq keçirilir.
İstər əsas, istərsə də xüsusi tədqiqat növləri rentgen qurğuları, qoruyucu ləvazimatla təchiz olunmuş
və fotolaboratoriyası olan xüsusi kabinetlərdə həyata keçirilir. Rentgen laborantının əsas vəzifəsi
avadanlığın sazlığına nəzarət etmək, tədqiq prosesində və plyonkanın emalında həkimə kömək etmək,
habelə bəzi hallarda müstəqil işləməkdir. Rentgen qurğusunun sürtünən hissəsi müntəzəm yağlanmalıdır.
Laborant fikir verməlidir ki, borunun fokusu ilə xəstə arasında azı 25 sm məsafə olsun. Şüalarla
zədələnmənin qarşısını almaq üçün diafraqmanın ekrana nisbətən düzgün nizamlanmasına da fikir vermək
lazımdır. Belə ki, diafraqmanı tam açdıqda ekran üzərində onun kənarları görünməlidir.
Rentgen tədqiqatı keçirilərkən laborant idarə pultunun arxasında aparatın işinə və xəstəyə fikir
verməlidir. Uşaqlar müayinə olunarkən valideyn yanında dayanmalıdır. Onlar qoruyucu döşlük və əlcək
geyinməlidirlər.
Rentgen laborantı kabinetin iş jurnalını səliqəli aparmalı, burada xəstələrin tədqiq işi və pasport
göstəricisi qeyd edilməlidir. Rentgen kabinetində əsas iş yükü döş qəfəsi üzvləri ilə mədə-bağırsaq
yolunun tədqiqindən ibarətdir. Döş qəfəsini tədqiq etmək üçün xəstəni qabaqcadan hazırlamaq lazım
deyil. Xəstəni belinə kimi soyundurub aparatın yanına gətirir, düzgün yerləşdirirlər.