Fənn: Tibb bacısının iĢi ġöbə: “Mamalıq iĢi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 80 3. Spontan.
Terapevtik praktikada spontan pnevmotoraks daha böyük əhəmiyyət kəsb edir. Bunun isə 2
formasına:qapalı və qapaqlı-klapanlı (açıq pnevmotoraks döş qəfəsini dəlib keçən yaralanmalar zamanı
müşahidə olunur) daha çox rast gəlinir.
Qapalı pnevmotoraks havanın plevradakı dəlikdən plevra boşluğuna keçməsi zamanı meydana çıxır,
bu dəlik sonra bağlanır. Qapaqlı pnevmotoraks zamanı isə hava nəfəsalma vaxtı plevra boşluğuna daxil
olur, nəfəsvermə vaxtı isə hava çıxa bilmir, belə ki, perforasiyalı dəlik qapanır.
Spontan pnevmotoraks ağ ciyər vərəmi, bronxoektaziya xəstəliyi, ağ ciyər emfizeması və ya ağ
ciyərlərin anadangəlmə polikistozu zamanı meydana çıxır. Simptomları:əsas simptomları ağ ciyərlərin
deşilməsi nahiyəsində qəfləti kəskin ağrı və sürətlə artan təngnəfəslikdir. Bu simptomlar əsasən öskürək,
fiziki gərginlik zamanı meydana çıxır.
Xəstəyə baxış zamanı dərinin solğunluğu, sianoz, zədələnmiş tərəfdə qabırğaarası sahələrin şişməsi
və onların tənəffüsdə geri qalması aşkar edilir. Döş qəfəsinin zədələnmiş tərəfinin perkussiyası zamanı
qutu səsi, bəzən timpanik səs, auskultasiyada ya kəskin zəifləmiş tənəffüs müəyyən edilir, ya da tənəffüs
küyləri eşidilmir. Havanın plevra boşluğunda toplanması ürəyin əks tərəfə yerini dəyişməsinə gətirib
çıxarır, nəticədə arterial təzyiqin enməsi, ürəkdöyünmə, sonra isə ürək çatmamazlığı əlamətləri qeyd
olunur.
Ağır hallarda plevrada yerləşən sinir uclarının qıcıqlanması nəticəsində şok və ya kollaps əlamətləri
inkişaf edir.
Təxirəsalınmaz yardım: 1. Ağrı sindromunu aradan qaldırmaq;
2. Kəskin ağ ciyər-ürək çatışmazlığını aradan qaldırmağa çalışmaq.
Həkiməqədər yardım-xəstəni baş tərəfi qaldırılmış vəziyyətdə uzandırmaq, əzələ daxilinə
ağrıkəsicilər-1,0-2,0 ml 50%-li analgin, 1,0 ml 1%-li dimedrol, ağrı çox kəskin olarsa, vena daxilinə 1,0
ml 1%-li morfin və ya digər narkotik analgetiklər, yaxud droperidol, fentanil yeridilir. Damar
çatmamazlığı zamanı dəri altına 2,0 ml 20%-li kamfora, 1,0 ml 20%-li kofein, 1,0 ml kordiamin, 1,0 ml
1%-li mezaton, ürək çatmamazlığında ürək qlükozidləri vena daxilinə 20 ml 40%-li qlükoza məhlulunda
yeridilir.
Simptomlar getdikcə artırsa, plevral punksiya aparılmalıdır. Mayenin çəkilməsi stasionar şəraitdə
aparılır. Mayeni yavaş-yavaş çəkmək lazımdır. Punksiya, adətən, pnevmotoraks zamanı orta körpücük,
yaxud parasternal xətt boyunca II qabırğaarası, mayeni evakuasiya etdikdə isə arxa qoltuqaltı xətt boyu
VII-VIII qabırğaarası sahədə edilir. Tibb bacısı xəstəni punksiyaya hazırlayır, xəstəni oturdur, punksiya
yerini yod və spirtlə işləyir, eksudatı çıxarmaqda həkimə kömək edir, xəstənin nəbzinə fikir verir.
Punksiyadan sonra xəstə 1 sutka yataqda olmalıdır.