Aeroterapiya-müalicə və profilaktika məqsədilə açıq havadan istifadə olunmasına deyilir.
Aeroterapiya gəzinti, ekskursiya və idman oyunları və s. zamanı təmiz havanın təsirinə əsaslanır. Onun
fizioloji sağlamlaşdırıcı təsiri orqanizmin daha çox oksigen alması, habelə bədənin soyuması effekti ilə
əlaqələndirilir. Soyuğun təsiri uzunmüddətli və fasilələrlə ola bilər, lakin müntəzəm surətdə təkrar
olunmalıdır. Buna hava vannaları da deyilir. Aeroterapiyaya istər-istəməz işıq şüalarının da təsiri olur. Bu
cür proseduralara işıq vannası deyilir. Hava vannaları dərinin tənəffüsünü yaxşılaşdırır, onun
reseptorlarını oyadır, çünki açıq havadakı temperatur həmişə dərinin üzərindəki temperaturdan aşağı olur.
Havanın hərəkəti isə soyuducu təsiri artırır. Bütün bunlar mərkəzi sinir sisteminə, reflektor olaraq
tənəffüs, ürək-damar sistemlərinin funksiyasına, əzələ tonusuna, maddələr mübadiləsinə təsir edir.
Orqanizmin soyuğa müqavimətini artırır və beləliklə də bədəni möhkəmləndirir.
İnsan dərisi daim xarici mühitlə qarşılıqlı təmasda olur. Şaxtadan, isti və küləkdən, müxtəlif
infeksiyalardan insanı yalnız sağlam və elastik dəri qoruyur. Dəri atmosferdə baş verən dəyişikliklərə daha
tez cavab verir:soyuq havada məsamələr qapanır, istini xaricə buraxmır, istidə isə əksinə, məsamələri açıb,
artıq istini xaric edir. Beləliklə, dəri orqanizmdə temperaturu tənzimləyir. Qırışmış, solğunlaşmış, tez-tez
zədələnən dəri bu qiymətli xüsusiyyəti zəif yerinə yetirir. Müxtəlif üsullarla dərini massaj etməklə biz
nəinki dərini qıcıqlandırır, həm də sinir sistemini də möhkəmləndiririk. Dəri sürtünmələri zamanı həm də
əzələlər hərəkət edir və sinirlər qidalanır.
Əzələlər nə qədər tez-tez ritmiki hərəkət edərsə, sinirlər də bir o qədər sağlam və möhkəm olar.
Deməli, bədənin massajı və müxtəlif dəri sürtünmələri bədəni möhkəmləndirmək üçün ən vacib
proseduralardan sayılmalıdır. Sürtünmə zamanı insan müxtəlif vəziyyət alır. Bu cəhətdən özünüsürtmə və
özünümassaj daha əhəmiyyətli sayılır. Çünki bu zaman həm də insan sanki idman hərəkətləri edir. Özünü
massaj zamanı insanın aldığı müxtəlif vəziyyətlər daxili orqanlar üçün də sərfəlidir. Ürək və ağ ciyərlərə
qan cərəyanı üçün yol açılır. Ətraflarda qan dövranı yaxşılaşır. Səhər massajı gündəlik yerinə yetirilərsə,
daha yaxşıdır. Massaj yaş dəsmal və ya əlcəklə aparılır.