Mesopotamiyada astronomiya
Yeddi günlük həftə ölçüsünün əmələ gəlmə səbəbi olaraq yeddi hərəkət edən səma cismi – Günəş, Ay və görünən 5 planet göstərilir, həftənin hər bir günü o allahlardan birinin şərəfinə adlandırılmışdı (bu, ən qədim zamanlarda Babilistanda baş vermiş və oradan da digər yerlərə, Misirə, Roma`ya yayılmışdı). Babilistanda günəş allahı – Şamaş (ədalət keşikçisi), Ay allahı Sin idi, Merkuri (Qud – ud) Nabo allahın, Venera (Dil-bat) - İştar, Mars (Zalbatan) – Nerqal (taun, bədbəxtlik rəmzi idi), Saturn (Saq-uş) – Ninib, Yupiter – Marduk (xoşbəxtlik rəmzi) allahın ulduzları idi. Sevgi ilahəsi İştar, göylərin bu gözəl (və parlaq) xanımı axşam və səhər bəlli qayda-qanunla səmada görünürdü.Bu yeddi səma cisminin hərəkətləri əsasında astroloji proqnozlar verilir, ölkədə nələr baş verəcəyi söylənilirdi (Pannekuk, səh.40 və 37-48). Babillər həftənin axırını nəs hesab edir, uğursuzluq və bədbəxtlik gətirə bildiyini söyləyir və bu səbəblə həmin gün işləmirdilər. Misirlilər, sonra Romalılar istirahət və ya dini bayramları 6, 7, 5-ci günlərə salırdılar..
Səmanın təqvimdə oynadığı həlledici rola misal olaraq İngiliscədə həftə adlarının mənşəinə baxaq. Sunday = Günəş günü, Monday = Ay günü, Tuesday = Mars günü (Marsa Tiw allah qarşı qoyulurdu), Wednesday = Merkuri günü (Merkuri = Woden), Thursday = Yupiter günü (Yupiter = Thor), Friday = Venera günü (Venera = Frig) və Saturday = Saturn günü deməkdir. Bu günkü əsas Avropa dillərində (Alman, İngilis, Fransız, ...) günlərin adı belədir (Roma-Latın mədəniyyəti! Məsələn, ruslarda belə deyil).
Babilistan astronomları Günəşin batma müddətinin (Günəş dairəsinin aşağı hissəsinin üfüqə toxunması ilə onun yuxarı hissəsinin üfüqdə yoxa çıxması) iki dəqiqə, yəni bir günün - 24 saatın 1/720 hissəsi qədər sürdüyünü müşahidə etmiş və nəticədə Günəş diametrinin 360°/720 = (1/2) ° olduğunu tapmışdılar.
Misirdə, xüsusilə də Babilistanda ulduz və planetlərin uzunillik, çoxəsrlik müşahidələri bir çox qanunauyğunluqları kəşf etməklə nəticələnmişdi (bunlardan bəziləri Hindistan və Çində də kəş olunmuşdu). Babilistanda səma cisimlərinin hərəkətindəki dövriliyi, təkrarlanmanı əsas götürərək hadisələri ədədi-hesabi üsullarla anlamağa və əvvəlcədən görməyə çalışırdılar, deyəsən onlarda həndəsi modellər olmayıb.
Bürclər
Qədim zamanlıarda səma bütövlükdə parlaq ulduzların ətrafındakı ulduzlar toplusu - bürclər şəklində təsvir olunub öyrənilirdi. Şəhərdə küçə və küçədəki ev nömrəsi ilə dəqiq ünvan müəyyən edildiyi kimi, Səmada bürclər və onda müəyyən qaydada yer alan ulduzu göstərməklə “gəzib-dolaşmaq” mümkündür. Çox zaman bürclərdəki parlaq ulduzları müəyyən xəyali xətlərlə birləşdirməklə bürcləri bütövlükdə müəyyən heyvan (gerçək və ya əfsanəvi) şəkli ilə eyniləşdirdilər. Bugünkü bürc adlarının əksəriyyəti yunanca səslənsə də, o adların əksəriyyəti yunancaya Babilistandan keçmişdi, daha doğrusu bürc adları əsasən yunancaya tərcümə edilmişdi (bunlar şimal yarımkürəsində görünənlərə aiddir, cənubdakılar əsasən yeni dövrdə, 17 və 18-ci əsrlərdə avropalılar tərəfindən ad alıblar!).
Müasir elmdə göy qübbəsi tamamilə bürclər arsında “bölüşdürülmüş” (yaxındakı ulduzları da uyğun bürcə aid etməklə) və bürcə daxil olan ulduzlar hərf və ya rəqəm işarəsi –adı almışlar (məsələn, Riqil Sentavrın adı “α Centauri”dir). Bürclərin bugünkü adı və sərhədləri 1922-ci ildə Beynəlxalq Astronomik Birliyin 1-ci qurultayında qəbul edilib. Bu qərara görə göy qübbəsi 88 bürc arasında bölüşdürülüb, onlardan 31-i səma ekvatorundan şimalda, 48-i cənubda və 9-u hər iki yarımdairədə yerləşir.
Bütün göy qübbəsi sanki gözümüzdən və dünyanın qütbü - polyusu adlanan tərpənməz səma nöqtəsindən keçən xəyali ox ətrafında müntəzəm şəkildə fırlanır –bu görüntüdür, əslində isə bu, Yerin öz oxu ətrafında dövr etməsi nəticəsində baş verir. Bu dövretmədə bürclər də, əsas şəkli çox pozmadan, hərəkət edir, dönürlər.
Dostları ilə paylaş: |