Günəş və Ayın hərəkətləri
Ay Yer ətrafında dövr edərkən müxtəlif şəkillər (səfhələr) alır. Ay bir-iki gün “yoxa çıxdıqdan” sonra (məsafəcə Günəşə yaxın olduğundan görünmür) Günəş batarkən batma nöqtəsinin yaxınlığında (qərbdə) qabarıq tərəfi Günəşə doğru yönəlmiş nazik oraq (hilal) şəklində görünür. Bir həftə ərzində Günəş batan yerdən sola uzaqlaşa-uzaqlaşa yarımdairə (hilal) şəklini alır. Daha bir həftə ərzində Ay Günəşlə əks tərəfə keçir və tam dairə şəklini alır; buna dolu ay (bədr) deyirlər (gözəlin hüsnünü tərənnüm edən şairlər onu on dörd gecəlik Ay`a bənzədirlər). 3-cü həftə Ay Günəşə o biri tərəfdən –şərqdən yaxınlaşmağa başlayır, yenidən yarımdairə şəklini alır (bu dəfə sağ tərəfdən kəsilə-kəsilə) və nəhayət, 4-cü həftədə nazik oraq (hilal) şəklinə düşüb qabarıq tərəfi Günəşə doğru yönəlir; bu, Günəş doğmazdan əvvəl görünür və Ay bir-iki gün içində səhər Günəşin şüaları altında sanki əriyib “yoxa çıxır”. Sonra “Yeni Ay” əmələ gəlir və hər şey təkrar olunur.
Şəkillər
Bu dövrə, “yeniləşmə” təqribən 29 gün yarım çəkir. Bu qədim dünyada Ay təqviminin əsasında dayanan Ayın Yer ərtafında tam dövretmə vaxtıdır. Bu səbəblə bir çox dillərdə səma cismi-Ay və zaman ölçüsü ay (təxminən otuz gün) eyni kəlmə ilə ifadə olunur.
Günəş və Ayın dövr etdiyi zolaq Zodiak adlanır (yunanca zodiakos kyklos = heyvanlar dairəsi ifadəsindəndir). 12 zodiak bürclərindən on biri heyvan adı daşıyır, tərəzi bürcü istisnadır. Zodiak bürclərini xüsusi işarələrlə (Zodiak işarələri ilə) təsvir edirlər. Günəş hər Zodiak bürcü ərazisini təqribən bir ay ərzində keçir. Bürclərin yunanca adları Zodiak işarələrinin Babilistandan götürüldüyünü göstərir.
Ay səma boyu qərbdən şərqə doğru hərəkət edir və müəyyən bürclərdən keçərək tam dövr edir. Günəş də bürclər boyu, amma Aya nisbətən çox yavaş, qərbdən şərqə doğru hərəkət edir və bir il ərzində əvvəlki vəziyyətinə qayıdır. Gündüz ulduzlar görünmür, lakin Günəşin doğması və batması vaxtı, eləcə də Günəş tutulması zamanı bürclərə görə bu dəyişmə, bu hərəkət müşahidə oluna bilir.
Dostları ilə paylaş: |