Qədim yunan elminin Şərqdən bəhrələndiyi şübhə doğurmur. Elm əvvəlcə məlum elmi nəticələrin mənimsənilməsindən başlayır. Qədim Yunan elmi və mədəniyyətinin çiçəkləndiyi dövrdən çox-çox əvvəl Şumer, Babilistan, Misir elmi və mədəniyyəti böyük uğur qazanmışdı. Yunanların mənimsəməsi üçün əsas yer (yaxın yer, qonşu) Misir və Babilistan, həmçinin İran (İran vasitəsilə Hindistan?) idi. Pifaqorun, Falesin və digər yunan mütəfəkkirlərinin şərqə səyahətləri, şərqdən öyrəndikləri haqqında yunan tarixçi və filosofları dəfələrlə açıq yazmışlar. Anaksimandr, Heraklit və Demokritus kimi filosofların da Şərqdən bəhrələndikləri qəbul olunmuşdur (Demokritus özü Asiya və Afrikanı ən çox gəzən, öyrənən filosof olduğunu deyirdi). Misir elmi, Misir bilik və bacarığı, həmçinin Babilistan, Assiriya və İran haqqında yunanlar (məsələn, Herodotus) xüsusi hörmətlə danışmış, Babilistan riyaziyyatçıları və astronomlarının, Misirli həkim və mütəfəkkirlərin adlarını çəkmişlər (bəzi Romalı müəlliflər də). Herodotus Misir təqviminin (il hər biri 30 gündən ibarət 12 aydan və ilin sonunda əlavə olunan beş gündən ibarətdir) üstünlüyü, Misirdə həndəsənin kəşfi və Babil astronomiyasının gücü (Günəş saatı-Sundial/gnomon və gündüzün 12 saata bölünməsi) haqqında yazır (Herodotus. Histories, II.3 and II.109 at Project Gutenberg (translation by George Campbell Macaulay). M.L. West`in əsərləri bu barədə ən etibarlı qaynaq sayıla bilər (1. M.L. West. Early Greek Philosophy and the Orient. Oxford University Press, 2001; 1971-də yazılmışdır. 2. M.L. West. The East Face of Hellicon. West Asiatic Elements in Greek Poetry and Myth. Oxford University Press, 1997). M.L. West`ə görə mədəniyyət, bütün qaz formalarında olduğu kimi, daha sıx olduğu yerdən daha seyrək olduğu yerə yayılır. Latın həyatı və düşüncə dünyası yunansız necə təsəvvür edilməzdirsə, yunan həyatı və düşüncəsi də Şərqsiz təsəvvüredilməzdir. Yunanıstanda yazı, təqvim və astronomiyanın, musiqi alətləri, zinət və dəbdəbənin, saray qayda və mərasimlərinin, din, mif və əfsanələrin, tibbin, Sokratöncəsi fəlsəfənin əmələ gəlməsində Şərq təsiri çox böyükdür. Bununla yanaşı yunan və hellinist elmi və mədəniyyətinin, riyaziyyat, astronomiya, fəlsəfə və tibbin inkişaf edib ən yüksək səviyyəyə gəlib çatması məhz yunan düşüncəsi, yunan səyidir. Biliklərin nəzəri müddəalarla sistemləşdirilməsi, riyaziyyatın aksiomlar və ciddi deduksiya üzərində qurulması və fəlsəfə özü yunan məhsulu, yunan əsəridir. Misir tibbi müalicə üsulları (yaranı tikmək, şişləri kəsmək üçün iti bıçağı/lanseti qızdırmaq, sınıqlara ağac çubuqlar bağlamaq,...) yunanlara keçdi, elmi bazası gücləndi, Galen ilə zirvəyə çatdı. Martin Bernal “Black Athena” adlı (digər mütəxəssislər tərəfindən ziddiyyətli qəbul edilən)3-cildlik əsərində yunan sivilizasiyasının yaranmasında Misir-Babilistan və ümumiyyətlə, Afro-asiya köklərini həlledici sayır (1. Black Athena: Afro-Asiatic Roots of Classical Civilization: The Fabrication of Ancient Greece, 1785-1985. Vol. 1. Free Association Books, 2004. 2. Black Athena: Afro-Asiatic Roots of Classical Civilization: The Archaeological and Documentary Evidence. Vol. 2. Free Association Books, 1991. 3. Black Athena: The Afroasiatic Roots of Classical Civilization, Volume 3: The Linguistic Evidence. Free Association Books, 2006). Mesopotamiya qaynaqlı miflərin Hessiod`un “Teoqoniya”sında yazılanlarla çox yaxınlığı aydın olmuşdur (H.C. Güterbock).Yunanlara Şərq təsiri barədəWalter Burkert`in çalışma və fikirləri akademik dairələrdə yaxşı qəbul olunmuşdur:Walter Burkert. The Orientalizing Revolution: Near Eastern Influence on Greek Culture in the Early Archaic Age.Harvard University Press, 1998. Həmçinin bax: Arnaldo Momigliano. Alien Wisdom: The Limits of Hellenization. Cambridge University Press, 1990.
İslam riyaziyyatçıları riyazi mətnlərdə hind-ərəb rəqəmlərindən, astronomik cədvəllərdə isə həm hərf, həm də rəqəmlərdən istifadə edirdilər. İbn Sina öz həyat tarixcəsində hind rəqəmlərini Misirdən gələn missionerlərdən öyrəndiyini qeyd etmişdi.