1.2. Yüngül betonların xassələri
Möhkəmlik. Yüngül betonun əsas göstəricisi onun möhkəmliyidir. Bir sıra hallarda yüngül betonda işlədilən məsaməli doldurucuların möhkəmliyi betonun tələb olunan möhkəmliyindən az olur. Buna görə yüngül betonun möhkəmliyi sementin aktivliyindən və su-sement nisbətindən başqa doldurucuların möhkəmliyindən də asılıdır.
Yüngül betonun möhkəmliyi, başlıca olaraq, sərf edilən sementin miqdarından asılıdır. Sementin miqdarı artırıldıqca betonun möhkəmliyi, eləcə də sıxlığı artır. Nəzərdə tutmaq lazımdır ki, tələb olunan möhkəmlikli beton almaqda yüngül doldurucuların möhkəmliyi sementin sərfinə çox təsir edir. Yüngül doldurucuların möhkəmliyi betonun tələb olunan möhkəmliyindən az olmamalıdır. Bu şərtə əməl edildikdə sement qənaətlə sərf edilmiş olur. Yüngül betonların sıxılmada möhkəmlik həddinə görə aşağıdakı markaları vardır: M 35; M 50; M 75; M 100; M 150; M 200; M 250; M 300; M 350; M 400; M 450 və M 500. İstilik-izolyasiya yüngül betonlarının markaları: M 5; M 10; M 15 və M 25-dir.
Yüngül betonun möhkəmliyinin əsas göstəricisi, onun sıxılmada möhkəmlik həddinə (MPa ilə) görə müəyyən edilmiş sinfidir: B 2; B 2,5; B 3,5; B 5; B 7,5; B 10; B 12,5; B 15; B 17,5 B 20; B 22,5; B 25; B 30 və B 40. Bunlardan başqa istilik-izolyasiya yüngül betonları üçün aşağıdakı siniflər də müəyyən edilmişdir: B 0,35; B 0,75 və B 1.
Sıxlıq. Möhkəmliklə bərabər yüngül betonun mühüm xarakteristikalarından biri onun quru halda sıxlığıdır. Bu göstəriciyə görə yüngül betonların markaları (kq/m3 ilə): D 200; D 300; D 400; D 500; D 600; D 700; D 800; D 900; D 1000; D 1100; D 1200; D 1300; D 1400; D 1500; D 1600; D 1700; D 1800; D 1900 və D 2000-dir.
İstilikkeçirmə. Yüngül betonların istilikkeçirməsi, əsasən, sıxlıqdan və nəmlikdən asılıdır. Betonun nəmliyi 1% artdıqda onun istilikkeçirməsi 0,0160,035 Vt/(m.0C) qədər artır. Yüngül betonun istilikkeçirməsindən asılı olaraq xarici divarın qalınlığı 20 sm-dən 40 sm-ə qədər dəyişə bilər.
Şaxtayadavamlılıq. Yüngül betondan hazırlanmış xarici hasarlayıcı konstruksiyalar dövri olaraq donma və donuaçılma, nəmlənmə və quruma təsirlərinə məruz qalır. Buna görə xarici konstruksiyalarda, binaların damında və eləcə də körpü və hidrotexniki qurğularda tətbiq edilən yüngül betonlar müəyyən dərəcədə şaxtayadavamlı olmalıdır. Şaxtayadavamlılığa görə yüngül betonların markaları: F 25; F 35; F 50; F 75; F 100; F 150; F 200; F 250; F 300; F 400 və F 500-dür. Xarici konstruksiyalarda işlədilən yüngül betonların şaxtayadavamlılığa görə markası F 25-dən az olmamalıdır.
Sukeçirməzlik. Sıx konstruktiv yüngül betonların sukeçirməzliyi yüksək ola bilər. Sement sərfi 300350 kq/m3 olan keramzit-beton , hətta 2 MPa təzyiq altında belə suyu keçirmir. Məsaməli dolduruculu yüngül betonun sukeçirməzliyinə görə markaları: W 2; W 4; W 6; W 8; W 10 və W 12-dir.
Dostları ilə paylaş: |