§ 9. Qış zamanı betonun işlədilməsi Betonun bərkiməsi üçün normal temperatur 1520 0C-dir. Temperatur 15 0C-dən aşağı olduqda betonun bərkiməsi yavaşıyır, 0 0C-dən aşağı olduqda isə bərkimə tamamilə dayanır. Bərkiməyə başlamış beton donarsa o, donu açıldıqdan sonra yenidən bərkiməyə başlayır. Beton daha tez donmaya məruz qalarsa, onun son möhkəmliyi normal şəraitdə bərkiyən betonun möhkəmliyindən az olacaqdır. Bu onunla izah edilir ki, donma nəticəsində su genişlənir və doldurucu dənələri ilə sement daşı arasındakı əlaqə pozulur.
Qışda betonlama aparılan zamanı betonun bərkiməsi üçün müəyyən müddət ərzində isti və nəm mühit yaradılmalıdır. Bunun üçün iki üsuldan istifadə edilir: 1) betonun daxili istiliyindən istifadə edilməsi; 2) daxili istilik kifayət etmədikdə xaricdən əlavə istilik verilməsi .
Birinci üsul. Bu üsuldan istifadə edərək beton hazırladıqda yüksək möhkəmlikli və tezbərkiyən portlandsement işlədilməlidir. Bundan başqa sementin bərkiməsini tezləşdirən əlavələr (kalsium-xlorid) və eləcə də havacəlbedici əlavələr qatmaqla suyun miqdarını azaltmaq lazımdır. Bütün bu tədbirlər nəticəsində betonun bərkiməsi tezləşir və beton 35 gün ərzində kifayət qədər möhkəmlik əldə edir.
Beton qarışığını təşkil edən materialları qızdırmaqla betonda daxili istilik ehtiyatı yaradılır. Bundan başqa bərkiyən betonda kimyəvi reaksiyaların gedişi zamanı istilik də ayrılır (sementin ekzotermiyası). Konstruksiyanın ölçülərindən və xarici havanın temperaturundan asılı olaraq, su 90 0C-yə qədər, doldurucular isə 40 0C-yə qədər qızdırılır. Sement qızdırılmır. Materialları elə qızdırmaq lazımdır ki, betonqarışdırıcıdan çıxan beton qarışığının temperaturu 30 0C-dən çox olmasın. Qarışığın temperaturu yüksək olduqca o, çox tez qatılaşır, bu isə onun axarlığını azaldır və işlədilməsini çətinləşdirir. Massiv konstruksiyanı qəliblədikdə beton qarışığının temperaturu 5 0C-dən, nazik konstruksiyanı qəliblədikdə isə 20 0C-dən az olmamalıdır.
İkinci üsul.Şiddətli şaxtalarda beton işləri apardıqda və nazik konstruksiyaları betonladıqda betona xaricdən istilik vermək lazım gəlir. Betona xaricdən istilik üç yolla verilə bilər: buxarla, elektriklə və havanı qızdırmaqla.
Buxarlaqızdırma. Qəlibə qoyulmuş betonu qızdırmaq üçün buxarı ya ikiqat qəlibin arasına, ya betonun içərisinə qoyulmuş borulara, ya da qəlibin daxili tərəfində qoyulmuş kanallara buraxırlar. Buxarın temperaturu 5080 0C olur. Buxarın təsiri nəticəsində beton tez bərkiyir və 2 gündən sonra, normal şəraitdə bərkiyən betonun 7 günlük möhkəmliyini əldə edir.
Elektrikləqızdırma. Betonun elektriklə qızdırılması dəyişən cərəyanla aparılır. Elektrik cərəyanı betona səthi və daxili naqillər vasitəsilə verilir. Səthi naqillər polad lövhəciklərdən ibarət olub, konstruksiyanın yan divarlarına və ya betonun açıq səthinə qoyulur. Daxili naqillər polad çubuqlardan ibarət olub, üfqi və şaquli istiqamətdə konstruksiyanın boyuna oxuna perpendikulyar yaxud paralel qoyulur. Dəmir-beton konstruksiyalarda armaturdan naqilin biri kimi istifadə edilir.
Havanınqızdırılması. Bu yolla qızdırmada betonu əhatə edən hava qızdırılır. Bunun üçün fanerdən, brezentdən və digər materiallardan yüngül, teplyak adlanan qurğu düzəldilir. Teplyakın içərisində müvəqqəti sobalar, kaloriferlər və elektrik sobaları qoyulur. Nəm şərait yaratmaq üçün teplyaka su ilə dolu qablar qoyulmalıdır. Bu üsul baha olduğu üçün çox alçaq temperaturlarda, ancaq kiçik həcmli beton işlərində tətbiq edilir.
Yuxarıda qeyd edilən üsullarla qışda beton işlərinin aparılması çox baha başa gəlir. Bu nöqsanı aradan qaldırmaq üçün digər bir üsuldan soyuq üsul adlanan üsuldan istifadə edilir. Bu üsulda betonda işlədilən materiallar qızdırılmır, suya isə kalsium-xlorid, natrium-xlorid, natrium-nitrat, potaş qatıb həll edirlər. Bu duzlar suyun donma temperaturunu aşağı salır, betonun şaxtalı havada bərkiməsini təmin edir. Belə betona donmayan (soyuq) beton deyilir.
Potaş əlavə edilmiş beton qarışığı tez qatılaşır və tez də tutur. Buna görə belə beton qarışığını qəlibə rahat qoymaq çətin olur. Bu cür beton qarışığını qəlibə rahat qoymaq üçün ona səthi-aktiv əlavə — mılonaft qatılır.
Kalsium-xlorid və natrium-xlorid duzları qatılmış beton mənfi temperaturlarda belə qəlibə rahat qoyulur. Bu cür beton sukeçirməyən və şaxtayadavamlı olur. Onun armaturla yapışması adi betonda olduğundan daha yaxşıdır. Sulfatlı və yumşaq suların təsirinə daha davamlıdır. Beləliklə, donmayan betonun işlədilməsi beton işlərinin aparılmasını sadələşdirmək və ucuzlaşdırmaqla bərabər, betonun keyfiyyətini də yüksəldir.