Hissələrin rənglənməyə hazırlanması Hissənin səthinin rənglənməyə hazırlanması prosesi onun üzərindən yağ çirklənmələrinin, nəmin, korroziyanın və təmir zamanı köhnə rəngin təmizlənməsindən ibarətdir.
Lak-rəng materialının hissənin səthi ilə yaxşı birləşməsi üçün və örtüyün keyfiyyətli çəkilməsi üçün hissənin səthinin hazırlanması əsas şərtlərdən biridir. Səthin hazırlanmasının texnologiyası aşağıdakı əsas mərhələlərdən ibarətdir: yağsızlaşdırma, səthin müxtəlif çirklərdən (pasdan, piy və yağ çirklənmələrindən, nəmdən, köhnə rəngdən və s.) təmizlənməsi, yuyulması, qurudulması və səthin fosfatlandırılması. Səthin hazırlanma keyfiyyətindən örtüyün anti korroziya davamlığı, ilişmə qabiliyyəti və örtüyün ömüruzunluğu xeyli asılıdır.
Səthin hazırlanma üsulu hissənin ölçüsündən, konfiqurasiyasından və çirklənmə dərəcəsindən asılı olaraq seçilir. Hazırlıq işlərinin ən geniş yayılmış üsulları mexaniki və kimyəvi təmizləmədir.
Mexaniki təmizləmə üsuluna qum şırnağı, qırma şırnağı ilə emal və mexanikləşdirilmiş alətlə emal daxildir. Səthlərin qum və qırma şırnağı qurğularında təmizllənməsi quru abraziv materiallarla (doğranmış polad məftil, çuqun tozu) aparılır. Alüminium ərintilərinin təmizlənməsində silumin qırmadan istifadə edilir.
Hissənin səthinin təmizlənməsində (həm qara, həm də əlvan metalların) su və kvars qumu qarışığından – suspenziya şırnağından ibarət olan hidroabraziv emal da tətbiq edilir. Hissələrin səthlərinin təmizlənməsində mexanikləşdirilmiş alət kimi pnevmatik və ya elektrik intiqallı cilalayıcı dairəyə malik olan maşınlar istifadə edilir.
Kimyəvi üsulla rənglənəcək səth çirk və oksidlərdən yağsızlaşdırma ilə və fosfatlaşdırma ilə təmizlənir. Yağsızlaşdırma əsasən qələvili məhlullarla aparılır. Səth üzərində piy qatı böyük olduqda üzvü həlledicilərdən istifadə edilir.
Hissələrin rəngləmədən əvvəl təmizlənmə üsullarından ən keyfiyyətlisi fosfatlaşdırmadır. Bu əməliyyat nəticəsində metal səth üzərində qeyri – üzvi qoruyucu plyonka – təbəqə əmələ gəlir ki, bu da yüksək antikorroziya xüsusiyyətinə malikdir. Fosfatlaşdırma həmçinin rəng örtüyündən əvvəl quruntlamanı da əvəz edir. Qeyd edək ki, fosfat – rəng örtüyü zədələndikdə korroziya örtük altında yayılmır və ancaq həmin yerdə (lokal formada) əmələ gəlir.
Metal səthi fosfat turşusu ilə emal etməklə fosfat örtüyü alınır. Kimyəvi təmizləmədən sonra hissə yuyulmalı və yaxşı qurudulmalıdır. Qurutma 115-1250S temperatura qədər qızdırılmış hava ilə 1-3 dəq. müddətində aparılır. Hissələrin üzərinə lak-rəng materiallarının çəkilmə prosesi aşağıdakı ardıcıllıqla yerinə yetirilir: qruntlama, şpatelləmə, cilalama və rəngləmə.
Qruntlama. Qruntlamada məqsəd əsas lak-rəng örtüyü ilə metal səthin möhkəm ilişməsini təmin etmək və etibarlı antikorroziya örtüyü yaratmaqdan ibarətdir. Həmçinin qruntlama təmizlənmiş, yağsızlaşdırılmış yuyulub – qurudulmuş səthə çəkilən birinci qat lak – rəng örtüyü rolunu oynayır. Ona görə də qrunt qatı örtüyün əsasını təşkil etdiyindən, o metal səthlə və rəng örtüyü ilə möhkəm ilişmə qabiliyyətinə malik olmalıdır. Qrunt təbəqəsinin qalınlığı 15-20 mk-dan çox olmamalıdır.
Hissənin səthinə qrunt örtüyü pnevmatik tozlandırma və ya elektrik – çökdürmə üsulu ilə çəkilir. Qrut təbəqəsi tünd (tutqun) rəngdə olmalıdır, parlaq səth qrunt təbəqəsi ilə rəng örtüyünün ilişməsini zəiflədir.
Avtomobillərin rənglənməsində əsasən qliftal. QF-020 və fenol FL-03K qruntları geniş tətbiq edilir.