Şpatelləmə. Şpatelləmə səthi hamarlaşdırmaq üçün istifadə olunur. Şpatelləmə lak-rəng örtüyünün qoruyucu xüsusiyyətini artırmır. Onun qalınlığı 0,5 mm-dən çox olduqda örtüyün mexaniki möhkəmliyi azalır, şpaklyovkada çatlar əmələ gəlir, bu da rəng örtüyünün dağılmasına səbəb olur. NS-00-8 nitrosellülyoz, MS-00-6 alkidnostirol şpaklyovkaları ilə yanaşı, laklı PF-00-2, 178 və 188 nömrəli şpaklyovkalar və QF-018 qrunt – şpaklyovkaları geniş tətbiq edilir.
Metal səthlərdə kobud əzik və əyintilər olduqda epoksid şpaklyovkaları E-4020, E-4022 yaxud, EP-00-10 tətbiq edilir. Bu şpaklevkalarda çat və büzüşmə əmələ gəlmir, ona görə qalınlığı 20 mm-ə qədər örtük çəkmək olur.
Cilalama. Cilalama əməliyyatı səthin kələ – kötürlülüyünü hamarlamağa imkan verir və xarici örtüklə örtük altı səthlər arasında adgeziyanı yaxşılaşdırır. Cilalama xüsusi cilalama maşınlarının köməyi ilə və ya müxtəlif nömrəli sumbata kağızı vasitəsilə yaş və ya quru halda aparılır. Xırda obrazivli sumbata kağızı ilə yaş halda cilalama daha təmiz səth almağa imkan verir. Cilalamadan sonra emal olunan səth yuyulur, qurudulur və sıxılmış hava ilə təmizlənir.
Avtomobil hissələrinin rənglənmə üsulları Avtomobil hissələrinin rənglənməsində aşağıdakı üsullardan istifadə edilir: fırça və üzdiyircək valcıqları ilə, rəngə batırmaqla, hava və havasız tozlandırma ilə və elektrostatik sahədə tozlandırma ilə.
Fırça və üzdiyircək valcıqlarının köməyi ilə rəngləmə məhdud halda, xüsusilə tez quruyan rəng örtüklərinin çəkilməsində istifadə edilir. Bu üsul sadə və universaldır, müxtəlif ölçülü və konfiqurasiyalı hissələri rəngləməyə imkan verir. Fırça ilə rəngləmədə silinmə nəticəsində örtük materialı hissənin səthi ilə yaxşı birləşir.
Rəngə batırmaqla rəngləmə.Bu üsul sadədir, yüksək məhsuldarlığa, malikdir, rəng materialının itkisi çox az olur, mürəkkəb formalı və böyük ölçülü hissələri rəngləməyə imkan verir.
Rənglənəcək hissələr xüsusi asılqanlardan asılır və lak-rəng materialı ilə doldurulmuş vannaya salınır.
Hissələrin asılıb və çıxarılmasından başqa bütün proseslər mexanikləşdirilir. Bu üsulla yüksək təmizlik tələb etməyən səthlər rənglənir. Çünki, bu zaman rəng örtüyündə axma halları ola bilir. Qoruyucu örtüyün qalınlığı emalın özlülüyü ilə və örtüyün quruma sürətilə nizamlanır.