Mövzu 24. lak-rəng örtüklərinin çəkilməsi Avtomobillərin istehsalı və təmiri zamanı lak-rəng örtüklərindən hissələri aqressiv xarici mühitdən qorumaq və onlara tələb olunan dekorativ görkəmi vermək üçün istifadə edilir. Xarici örtüklər elə hamar səth yaratmalıdır ki, onlara çirk və tozlar zəif yapışsın.
Örtük təbəqəsi kifayət qədər elastik olmalı, nəm və qazı buraxmamalı və temperaturun dəyişməsi zamanı metalın xətti genişlənməsinə imkan verməməlidir. Örtük həmçinin zərbələrə, istismar prosesində cızılmaya və sürtünməyə qarşı müqavimət göstərmə qabiliyyətinə malik olmalıdır. Qoruyucu örtüklər olduqca gec köhnəlməli, çat verməməli, parlaqlığını saxlamalı və rəngini dəyişməmə- lidir.
Lak – rəng örtüklərinin mühafizə xüsusiyyəti iki əsas faktorla örtük təbəqəsinin mexaniki və kimyəvi xüsusiyyətləri ilə, örtülən səthlə örtük təbəqəsi arasında yaranan ilişmə ilə müəyyən edilir.
Lak-rənglərin xüsusiyyətləri araşdırılarkən onların örtük çəkilən səthlə qarşılıqlı əlaqəsi əsas götürülür. Lak-rəng örtüyünün rənglənən səthlə möhkəm ilişməsi üçün örtük materialı yaxşı yağlama və adgeziya qabiliyyətinə malik olmalıdır. Bu xüsusiyyətlərə malik olan emal damcısı hissənin rənglənəcək səthinə çəkilərkən səthə yayılaraq ona yapışır və nazik örtük təbəqəsi əmələ gətirir.
Qurutma zamanı örtüyün yapışması rənglənən səthin kələ – kötürlüyündən, yəni hamar olmasından, eləcə də nəmin və çirkin olmasından asılıdır. Səthdə kələ – kötürlük böyük olduqda rəng damcısı səthin çıxıntılarını yaxşı islada bilmir. Həmin çıxıntılarda rəng örtüyünün qopması baş verir. Piyin və yağın örtük təbəqəsində olması da rəngin əsas hissə ilə möhkəm ilişməsinə mane olur.
Lak – rəng örtüyünün qoruyucu və ya mühafizə xüsusiyyəti plyonkanın qalınlığı və onun parlaqlığı ilə də təyin edilir. Lak-rəng örtüyünün tələb olunan qalınlıqdan kiçik olması mikroməsamələrin artmasına səbəb olur. Məsamələr və xırda çatlar vasitəsilə örtük altına nəm daxil olur və metalla örtük arasında korroziya əmələ gətirir. Korroziya məhsulları rəng örtüyünün qabarmasına səbəb olaraq onu əsas metaldan ayırır və rəng örtüyünün dağılmasına səbəb olur.
Avtomobil hissələrinə çəkilən rəng örtüyünün keyfiyyətinə rəng materialının düzgün seçilməsi, rənglənəcək səthin hazırlanması və rəngləmə texnologiyasının düzgün yerinə yetirilməsi əsas təsir göstərir.
Lak-rəng örtüyünün hissə üzərinə çəkilməsinin texnoloji prosesi aşağıdakı mərhələlərdən ibarətdir: lak-rəng materialının hazırlanması, səthin rənglənməyə hazırlanması, qruntlama, şpaklyovka çəkilməsi, cilalama, aralıq və xarici qatların rəng örtüklərinin çəkilməsi, rənglənmiş səthin bütün mərhələlər üzrə qurudulması və səthin pardaxlan- ması.
Lak-rəng materiallarının hazırlanması əməliyyatı bilavasitə hissənin rəngləmə prosesindən əvvəl yerinə yetirilir. Bu zaman rəng qabda qarışdırılaraq tələb olunana özlülük alınana qədər həlledici əlavə olunur və süzülür. Lazım olan rəng qammasını almaq üçün rəng maddələri əlavə edilir. Emalın özlülüyü VZ-4 viskozimetri ilə təyin edilir.
Emalın işçi özlülüyü onun fiziki – kimyəvi xüsusiyyətindən və örtüyün çəkilmə üsulundan asılıdır.
Avtomobil kuzovlarının (kabinalarının) rənglənməsində xarici örtük qatı kimi əsasən sintetik və nitroselluloz emallarından istifadə edilir. Avtobus kuzovlarının rənglənməsində isə pentaftal və melaminoalkid emalları tətbiq edilir. Qruntlar və şpaklyovkalar çəkiləcək örtük materialından asılı olaraq seçilir.