12.4. Marketinqə əsaslanan qiymətqoyma metodları. Bu metodda məhsulun qiyməti marketinq amillərinə, marketinq strategiyasına uyğun olaraq müəyyənləşdirilir. Marketinqə əsaslanan qiymətqoyma metodunda müəssisə marketinq strategiyasına əsaslanan qiymətqoyma, məhsulun içtehlakçı üçün faydalılığına (qiymətliliyinə) görə qiymətqoyma, məhsulun keyfiyyətinə görə qiymətqoyma və çeşid qrupuna görə qiymətqoyma metodlarından istifadə edə bilər.
4.1. Marketinq strategiyasına əsaslanan qiymətqoyma metodu. Hər bir məhsulun qiyməti həlledici dərəcədə tərtib edilmiş marketinq strategiyasından və marketinq elementlərindən asılıdır. Buna görə də bu qiymətqoyma metodunda məhsulun qiyməti və qiymət strategiyası hazırlanmış marketinq strategiyasına uyğun olaraq müəyyən edilir.
4.2. Məhsulun istehlakçı üçün faydalılığına (qiymətliliyinə) görə qiymətqoyma metodu. Məhsulun qiyməti bu metodla müəyyən edildikdə onun və ya onun müxtəlif parametrlərinin istehlakçı üçün faydalılığı, qiymətliliyi aşkar edilir və bunun əsasında qiymətin səviyyəsi müəyyənləşdirilir. Bu zaman alıcının reaksiyasına görə qiymətqoyma, kompromis təhlil əsasında qiymətqoyma, eksperiment əsasında qiymətqoyma və məhsulun istehlakçı üçün iqtisadi faydalılığının təhlili əsasında qiymətqoyma metodlarının birindən istifadə edilir.
-Alıcı reaksiyasına görə qiymətqoyma metodu ilə. Qiymət müəyyən edildikdə bazara təklif edilən məhsul üçün xarakterik olan müxtəlif qiymətlər müəyyən edilir və alıcılar arasında sorğu aparmaqla onların həmin məhsulu hansı qiymətə (təklif edilən qiymətlərdən) almağa razı olduqları öyrənilir. Aparılmış sorğu əsasında alıcılar məhsulu almağa razı olduqları qiymətin səviyyəsinə görə qruplaşdırılır və hər bir qrupa daxil olan alıcıların xüsusi çəkisi müəyyənləşdirilir. Müəssisə kifayət qədər yüksək çəkiyə malik olan qrupların (və ya qrupun) qiymətləri (qiyməti) əsasında ya məhsulun qiymət diapozonunu, ya da qiymətini müəyyən edir.
-Kompromis təhlil əsasında qiymətqoyma metodu. Istehlakçıların məhsula faydalar məcmusu kimi yanaşması müddəasına əsaslanır və məhsulun satış qiyməti istehlakçının onun atributlarına, xüsusiyyətlərinə rəğbət səviyyəsindən asılı olaraq müəyyən edilir. Bunun üçün birinci növbədə məhsulun alıcı üçün ən vacib atributları identifikasiya edilir və alıcıların məhsuldan almaq istədiyi faydalar aşkar edilir.
Eksperiment əsasında qiymətqoyma metodu zamanı. Məhsulun qiymətini müəyyənləşdirmək üçün müəssisə bir neçə mağaza, satış məntəqəsi seçir və bu mağazalarda, satış məntəqələrində məhsul müxtəlif qiymətlərə satılır. Müəyyən müddətdən sonra (adətənn, 6 aydan sonra) müəssisə həmin mağazalar, satış məntəqələri üzrə satışın həcmini və mənfəətin məbləğini müqayisə edir və bu göstəricilərin səviyyəsinin ən yüksək olduğu mağaza və ya satış məntəqəsi üzrə müəyyən edilmiş qiymət məhsulun qiyməti kimi qəbul edilir.
-Məhsulun istehlakçı üçün iqtisadi faydalılığının (EVC) təhlili əsasında. Bu qiymətqoyma metodunda məhsulun satış qiyməti onun istehlak qiyməti əsasında müəyyən edilir. Belə ki, müəssisə öz məhsulunun qiymətini müəyyən etmək üçün onun oxşar məhsulunu seçir. Həmin məhsulun istehlak qiymətini və onu təşkil edən elementləri, yəni satış qiymətini, mənimsənilməsinə və istifadədə olduğu bütün müddət ərzində istismarına çəkilən xərclərin həcmini öyrənir. Sonra isə oxşar məhsulun istehlak qiymətindən bazara təklif etdiyi məhsulun mənimsənilməsi və istismarı ilə əlaqədar olan xərclərin məbləğini çıxmaqla onun satış qiymətini müəyyən edir.
4.3. Məhsulun keyfiyyətinə görə qiymətqoyma metodu. Bu qiymətqoyma metodundan istifadə edilməsi bir çox alıcıların məhsulun baha olmasını, daha yüksək qiymətə satılmasını həmin məhsulun yüksək keyfiyyətli olması kimi qavraması ilə izah edilir. Buna görə də müəssisə, adətən, yeni məhsullara, orijinal məhsullara, prestijli məhsullara və bu tip digər məhsullara yüksək qiymətlər müəyyən edir.
12.5. Kontrakt qiymətlərinin müəyyən edilməsi qaydası
Kontrakt qiymətləri həm satıcı, həm də alıcı tərəfindən aşağıdakı ardıcıllıqla hesablanılır:
satılan (alınan) məhsulun və oxşar məhsulun (məhsulların) texniki-istismar xüsusiyyətləri, qiymətləri, onların göndərilməsinin bazis şərtləri və digər kommersiya şərtləri müəyyənləşdirilir və onlar xüsusi tərtib edilmiş cədvələ köçürülür;
düzəliş əmsalları müəyyən edilir və bu əmsalların köməyilə oxşar məhsulun (məhsulların) qiyməti satılan (alınan) məhsulun alqı-satqı şərtlərinə uyğunlaşdırılır. Bunun üçün oxşar məhsulların qiyməti nisbi göstəricilərlə müəyyən edilmiş əmsalların qiymətinə vurulur və dəyər ifadəsində müəyyən edilmiş əmsalların qiyməti alınmış nəticəsinin üzərinə əlavə edilir;
oxşar məhsullar iki və ikidən çox olduqda onlar üzrə orta qiymət hesablanılır və bu qiymət bazis qiyməti kimi istifadə edilir.
Kontrakt qiymətləri müəyyənləşdirilərkən 1) sövdələşməyə görə düzəliş əmsalından; 2) eyni məhsulgöndərmə şərtinə gətirməyə görə düzəliş əmsalından; 3) eyni məhsulgöndərmə vaxtına gətirməyə görə düzəliş əmsalından; 4) eyni texniki-istismar parametrlərinə gətirməyə görə düzəliş əmsalından; 5) məhsul partiyasının həcminə görə düzəliş əmsalından; 6) ödəniş şərtinə görə düzəliş əmsalından; 7) məhsulgöndərmənin dəstliyinə görə düzəliş əmsalından; 8) ticarət əlaqələrinin uzunmüddətliliyinə görə düzəliş əmsalından və 9) alqı-satqının həyata keçirildiyi valyutaya görə düzəliş əmsalından istifadə edilir.