Sövdələşməyə görə düzəliş əmsalı. Bu düzəliş əmsalını müəyyən edərkən satıcı (alıcı) müəssisə mütləq oxşar məhsulun (məhsulların) qiymətinin informasiya mənbəyini nəzərə almalıdır. Belə ki, oxşar məhsulların (məhsulun) qiyməti haqqında informasiya preyskurant və ya kataloqlardan toplandıqda oxşar məhsulların qiymətləri bu düzəliş əmsalının həcminə uyğun olaraq aşağı salınır. Bu əmsalın qiyməti müxtəlif məhsullar və müxtəlif firmalar üzrə bir-birindən xeyli fərqlənir. Kontraktlarda isə oxşar məhsulun (məhsulların) qiyməti bu güzəştin həcmi nəzərə alınmaqla göstərildiyindən satılan məhsulun qiyməti hesablanılarkən bu əmsal 1-ə bərabər götürülür, yəni oxşar məhsulun (məhsulların) qiymətinə dəyişiklik edilmir.
Eyni məhsulgöndərmə şərtinə gətirməyə görə düzəliş əmsalı. Oxşar məhsulun (məhsulların) alınması (satılması) zamanı məhsulgöndərmənin müxtəlif bazis şərtləri tətbiq edilə bilər. Buna görə də satılan (alınan) məhsulun və oxşar məhsulun (məhsulların) qiymətini müqayisə etmək üçün onlar eyni bazis şərtlərinə gətirilir. Bunun üçün satılan (alınan) məhsulun göndərilməsi nəzərdə tutulduğu bazis şərtində qiymətin tərkibinə daxil olan nəqliyyat xərclərinin həcmi oxşar məhsulun (məhsulların) göndərildiyi bazis şərtində qiymətin tərkibinə daxil olan nəqliyyat xərclərinin həcmilə müqayisə edilir
Eyni texniki-istismar parametrlərə gətirməyə görə düzəliş əmsalı. Satılan (alınan) məhsul və oxşar məhsul (məhsullar) texniki-istismar parametrlərinə görə bir-birindən fərqlənirlər. Buna görə də həmin məhsulların qiymətlərini satılan məhsulun texniki-istismar parametrinə uyğunlaşdırmaq üçün onların qiymətləri texniki-istismar parametrlərinə görə düzəliş əmsalına vurulur.
Məhsul partiyasının həcminə görə düzəliş əmsalı. Göndərilən məhsul partiyasının həcmi artdıqca, bir qayda olaraq, satıcı alıcıya qiymət güzəştləri edir, yəni məhsul vahidinin qiymətini aşağı salır. Bu güzəştlərin səviyyəsi müxtəlif məhsullar və müxtəlif müəssisələr üzrə fərqlidir.
Ödəniş şərtinə görə düzəliş əmsalı. Bu əmsalın tətbiqi müxtəlif ödəniş formaları ilə əlaqədar olan xərclərin səviyyəsinin müxtəlifliyi ilə izah edilir.
Alqı-satqının həyata keçirildiyi valyutaya görə düzəliş əmsalı. Kontrakt qiyməti milli valyuta ilə bağlanılmış, oxşar məhsul (məhsullar) isə xarici valyuta ilə satılmışdırsa onda, bu əmsalın qiymətini müəyyən etmək üçün xarici valyuta onun milli valyuta ilə kursuna vurulur. Əgər kontrakt qiyməti xarici valyuta ilə bağlanılmış, oxşar məhsul (məhsullar) isə milli valyuta ilə satılmışdırsa onda, bu əmsalın qiymətini müəyyən etmək üçün milli valyuta xarici valyutanın kursuna bölünür.
Ticarət əlaqələrinin uzunmüddətliliyinə görə düzəliş əmsalı. Bu əmsalın tətbiqi yeni sifarişlərin yerləşdirilməsinin əlavə xərclər tələb etməsilə izah olunur. Ticarət əlaqələri uzunmüddətli xarakter daşıdıqda isə bu xərclərin səviyyəsi xeyli ixtisar olunur. Buna görə də satıcı uzunmüddətli əlaqələrdə alıcıya müəyyən qiymət güzəştləri edir. Bu güzəştlərin səviyyəsi müxtəlif məhsullar və müxtəlif müəssisələr üzrə müxtəlifdir.
12.6. Məhsulgöndərmənin bazis şərtləri və qiymət
Məhsulun qiymətinə təsir edən ən mühüm amillərdən biri də məhsulgöndərmənin bazis şərtləridir. Belə ki, məhsulgöndərmənin müxtəlif bazis şərtlərində kontrakt qiymətinin tərkibinə daşıma və boşaltma xərcləri də daxil edilir. Beynəlxalq ticarətdə müəyyən anlaşılmazlıqları aradan qaldırmaq məqsədilə Beynəlxalq Ticarət Palatası məhsulgöndərmənin bazis şərtlərini izah edən «Ticarət Terminlərinin Təfsirinin Beynəlxalq Qaydalarını - İnkoterms-2000» hazırlamışdır. Məhsulgöndərmənin bazis şərtlərindən hansının tətbiq ediləcəyindən asılı olmayaraq istehsalçı və ya satıcı aşağıdakı öhdəlikləri yerinə yetirməlidir:
məhsulgöndərmə müqaviləsinə (kontraktına) uyğun olaraq məhsulun göndərilməsini;
məhsulun göndərilmə üçün hazır olduğu və ya göndərildiyi haqda vaxtında alıcıya məlumat verməyi;
məhsulun yoxlanması, markalaşdırılması və sertifikatın alınması ilə əlaqədar olan xərclərin ödənilməsini;
məhsulların qablaşdırılmamış halda göndərilməsini nəzərdə tutan bazis şərtləri istisna olmaqla məhsulların adi qablaşdırılmasının təmin edilməsini;
alıcıya, istehlakçıya təmiz konosament və ya onu əvəz edən nəqliyyat sənədlərinin verilməsini;
franko-zavod məhsulgöndərmə şərti istisna olmaqla, ixrac və gömrük rəsmiləşdirilməsilə əlaqədar olan xərclərin, rüsumların və vergilərin ödənilməsini;
franko-zavod məhsulgöndərmə şərti istisna olmaqla, ixrac lisenziyasının alınmasını;
alıcının xahişilə onun hesabına və riskinə məhsulun aparılması üçün zəruri olan sənədlərin alınmasında ona kömək göstərilməsini;
bağlanmış müqaviləyə uyğun olaraq göndərilmiş məhsulun dəyərinin ödənilməsi üzrə hesablaşma sənədlərinin və invoysun hazırlanması və alıcıya təqdim edilməsini;
kontraktda göstərilmiş tarixdə (və ya müddətdə) və göstərilmiş limanda (ərazidə, yerdə və ya məntəqədə) alıcıya təhvil verənə kimi məhsulun məhv olması və ya zədələnməsilə əlaqədar olan xərclərin ödənilməsini.
Məhsulgöndərmənin bazis şərtlərindən hansının tətbiq ediləcəyindən asılı olmayaraq alıcı aşağıdakı öhdəlikləri yerinə yetirməlidir:
müqavilədə nəzərdə tutulmuş vaxtda və yerdə göndərilmiş məhsulu qəbul etməyi;
qəbul etdiyi məhsulun dəyərini müqavilədə nəzərdə tutulan vaxtda və formada ödəməyi;
məhsulun vaxtında qəbul edilməməsilə əlaqədar olan bütün xərcləri və cərimələri ödəməyi;
məhsulgöndərmənin bazis şərtinə uyğun olaraq məhsulun məhv olması və ya zədələnməsi riskinin öz üzərinə götürməsini;
«rüsum ödənilməklə çatdırılmışdır» şərtilə məhsulgöndərmə istisna olmaqla, məhsulun idxalı və gömrük rəsmiləşdirilməsi xərclərinin, rüsumlarının və vergilərinin ödənilməsini.
İnkoterms-2000-də məhsulgöndərmələr 4 qrupa bölünür və onun 13 bazis şərtindən istifadə edilir. Bu qruplar və onlara daxil olan bazis şərtləri aşağıdakı cədvəldə verilmişdir (Cədvəl 7.3).