15.3. İllik marketinq planlaşdırılması
Strateji marketinq planlaşdırılmasından fərqli olaraq, illik marketinq planlaşdırılması hər bir məhsul növü və ya məhsul çeşidi üzrə həyata keçirilir. İllik marketinq planlaşdırılması məhsul (və ya məhsul kateqoriyası) üzrə menecer tərəfindən həyata keçirilir. Planlaşdırma prosesində menecer məhsul, qiymət, bölüşdürmə və həvəsləndirmə üzrə marketinq strategiyası tərtib edir, həmçinin hər bir məhsula (məhsul çeşidinə və ya kateqoriyasına) ayrılmış resursların marketinq kompleksinin elementləri arasında bölüşdürülməsini həyata keçirir.
İllik marketinq planlaşdırılması da strateji marketinq planlaşdırılması kimi müəyyən ardıcıl mərhələlərlə həyata keçirilir (Şəkil 15.5).
Situasiyalı təhlil prosesində hər bir məhsul və ya məhsul çeşidi üzrə müəssisənin zəif və güclü tərəfləri, təhlükələr və imkanlar aşkar edilir, hər bir məhsulun satılacağı bazar müəyyən edilir, onun xarakteristikası aşkar edilir, tutumu hesablanılır və ilkin qiymətləndirilməsi həyata keçirilir.
Məqsədin müəyyənləşdirilməsi mərhələsində hər bir məhsul növü və ya çeşidi üzrə marketinqin məqsədi müəyyənləşdirilir. Məqsəd kimi satışın həcmi, bazar payı və rentabellik səviyyəsi və bu məqsədlərə nail olunmasına imkan verən digər lokal məqsədlər müəyyənləşdirilə bilər.
Marketinq strategiyasının hazırlanması mərhələsində hər bir məhsul növü və ya çeşidi üzrə marketinq strategiyası, yəni istehlakçını müəssisənin bazara təklif etdiyi məhsulları almağa təhrik edən tədbirlər kompleksi hazırlanır, məqsəd bazarı (və ya bazarları) seçilir və məhsulun mövqeləşdirilməsi həyata keçirilir.
Məqsəd bazarı müəssisənin marketinq fəaliyyətilə ələ keçirməyə, cəlb etməyə çalışdığı bazar seqmentidir.
Məhsulun mövqeləşdirilməsi marketinq kompleksi və digər tədbirlər vasitəsilə istehlakçılara məhsulun xüsusiyyətləri, üstünlükləri və s. haqqında məlumat verilməsi, onların şüurunda məhsulun təsəvvürünün, obrazının yaradılmasıdır.
Məhsulun bazarda müvəffəqiyyətlə satışı həlledici dərəcədə tətbiq edilən marketinq kompleksindən asılıdır. Buna görə də müəssisə, marketinq kompleksinin hazırlanması mərhələsində marketinq kompleksini və onun hər bir elementi üzrə strategiya tərtib edir, istehlakçıların ona reaksiyasını öyrənir.
Marketinq smetasının (büdcəsinin) hazırlanması mərhələsində hər bir məhsul üzrə bütünlükdə marketinq fəaliyyətinə və marketinq kompleksinin hər bir elementinə çəkiləcək xərclərin həcmi hesablanılır, biznes vahidlərinə ayrılmış resurslar məhsullar üzrə bölüşdürülür.
Satışın həcminin proqnozlaşdırılması hər bir məhsul növü və ya çeşidi üzrə tələbatın həcminin müəyyən edilməsini və satışın həcminin proqnozlaşdırılmasını nəzərdə tutur. Satışın həcminin proqnozlaşdırılmasında müxtəlif iqtisadi-riyazi, statistik və digər üsul və metodlardan, həmçinin sınaq satışının nəticələrindən, rəhbərliyin və ticarət işçilərinin rəylərindən istifadə edilə bilər. Proqnozlaşdırma dəyər və natural ifadədə aparıla bilər.
Məhsul üzrə marketinqin planlaşdırılmasının mənfəətin (zərərin) məbləğinin müəyyənləşdirilməsi mərhələsində müəssisənin məhsul satışından əldə edəcəyi mənfəətin və ya ona dəyəcək ziyanın məbləği müəyyən edilir. Bunun üçün hər bir məhsulun satışından əldə edilən ümumi məbləğdən (ümumi gəlirdən) onun istehsalına və marketinqinə çəkilən xərclərin ümumi məbləği çıxılır. Bunun əsasında isə hər bir məhsul üzrə marketinq fəaliyyətinin nəticəsi qiymətləndirilir.
Planlaşdırmanın nəzarət mərhələsində hər bir məhsul üzrə marketinq fəaliyyətinin nəticəsi qiymətləndirilir, müəyyən edilmiş plan tapşırıqlarından kənarlaşmalar və onların səbəbləri müəyyənləşdirilir. Bunula qarşıya qoyulmuş məqsədə nail olunması səviyyəsi aşkar edilir, zəruri hallarda marketinq planlarına zəruri dəyişikliklər edilir. Nəzarətin nəticəsindən həm də gələcək dövr üçün planların tərtib edilməsində istifadə olunur.
15.4. Marketinq planının strukturu
Marketinq planının strukturuna dair mütəxəssislər arasında yekdil fikir yoxdur və bu hər bir müəssisə tərəfindən müxtəlif cür tərtib edilir. Lakin marketinqə aid ədəbiyyatda marketinq planının ən çox rast gəlinən strukturu aşağıdakı kimidir: müasir vəziyyətin icmalı; marketinqin məqsədi və vəzifələri; marketinqin strategiyası; marketinq proqramı; marketinqin büdcəsi və nəzarət.
Dostları ilə paylaş: |