Müasir vəziyyətin icmalı bölməsi marketinq planının əsasını təşkil edir və onun digər bölmələrinin tərtib edilməsi bu bölmənin nəticəsindən istifadə etməklə həyata keçirilir. Burada bazar və cari marketinq situasiyası təhlil edilir, müəssisənin hesabat dövründəki fəaliyyəti və plan dövründə onun dəyişmə meylləri, bu fəaliyyətə təsir edən neqativ və pozitiv amillər göstərilir, rəqiblərin bazar strategiyası təhlil edilir və müəssisənin bazar mövqeyi qiymətləndirilir. Bu bölmə üç hissədən: məhsullar, bazarlar və rəqiblər yarım bölmələrindən ibarətdir.
Marketinq planının məhsullar yarım bölməsində müəssisənin bazara təklif etdiyi məhsullar, onların istehlak xüsusiyyətləri, yenilik səviyyəsi, üstünlükləri və çatışmamazlıqları, satışın həcmi və bazar payı və onların inkişaf dinamikası, məhsulun qiyməti və onun dəyişmə meyli, məhsul satışından əldə edilən gəlirlərin və ona çəkilən xərclərin məbləği, rentabellik səviyyəsi, məhsulun təkmilləşdirilməsi istiqamətləri və məhsula aid olan digər məlumatlar göstərilir.
Bazarlar yarım bölməsində müəssisənin məqsəd bazarları, onun tipi, xarakteristikası, inkişaf meylləri, istehlakçıların alış motivləri və davranışı, onların müəssisənin və rəqiblərin məhsullarına münasibəti və bazarı xarakterizə edən digər məlumatlar əks etdirilir və təhlil edilir.
Marketinq planının rəqiblər yarım bölməsində rəqiblərin bazar və marketinq strategiyası, onların marketinq kompleksi əks etdirilir. Bunlar müəssisənin müvafiq göstəricilərilə müqayisə edilir, rəqiblərin üstünlükləri və zəif tərəfləri aşkar edilir.
Marketinqin məqsədi və vəzifələri bölməsində strateji planlarda plan ili üçün müəyyən edilmiş məqsəd və vəzifələr dəqiqləşdirilir və plan dövrü üçün marketinqin məqsəd və vəzifələri müəyyənləşdirilir. Məqsəd konkret rəqəmlərlə ifadə olunmalıdır.
Marketinqin strategiyası bölməsində isə mövcud bazar situasiyasına uyğun olaraq strateji planlarda plan ili üçün hazırlanmış strategiyaya yenidən baxılır və dəqiqləşdirilir, buna və marketinqin plan ili üçün müəyyən edilmiş məqsədinə uyğun olaraq marketinq strategiyası hazırlanır. Bu bölmədə bazarın seqmentləri, məqsəd bazarları, bazara çıxma metodları və vaxtı, həmçinin marketinq kompleksi öz əksini tapır.
Planların marketinq proqramı bölməsində qarşıya qoyulan məqsədə nail olunması və hazırlanmış marketinq strategiyasının həyata keçirilməsi üçün hansı tədbirlərin həyata keçiriləcəyi, nə vaxt və kim tərəfindən həyata keçiriləcəyi, bu işlərin həyata keçirilməsi üçün zəruri olan resursların həcmi göstərilir.
Marketinq planının marketinq büdcəsi bölməsində bütünlükdə müəssisə və onun ayrı-ayrı strateji biznes vahidləri, həmçinin ayrı-ayrı məhsullar üzrə marketinq fəaliyyətinin maliyyələşdirilməsinə, həmçinin marketinq kompleksinin hər bir elementinə ayrılan vəsaitlərin məbləği göstərilir. Marketinq büdcəsinin tərtibində 1) «mövcud vəsaitlərə görə» hesablama; 2) satış məbləğinə nisbətən hesablama; 3) rəqabət bərabərliyi və 4) məqsəd və vəzifələrə əsaslanan metodların birindən istifadə edilir.
Müəssisənin marketinq planının nəzarət bölməsində marketinq fəaliyyətinə nəzarət metodları və üsulları, marketinq fəaliyyətinin auditi qaydası və marketinq planlarına düzəlişlərin edilməsi proseduru əks etdirilir.
15.5. Müəssisənin inkişaf imkanlarının təhlili
Müəssisənin inkişaf imkanları, istiqamətləri iki meyar: 1) yeni və mövcud bazarlarda fəaliyyətinin məqsədəuyğunluğu və 2) həmin bazarlara yeni və mövcud məhsullarla çıxmağın məqsədəuyğunluğu əsasında formalaşdırılır. Bu meyarlara uyğun olaraq müəssisənin inkişaf imkanlarının üç istiqaməti: intensiv inkişaf imkanları; inteqrasiya inkişaf imkanları və diversifikasiya inkişaf imkanları vardır.
İntensiv inkişaf imkanları strategiyasından mövcud bazarlarda inkişaf imkanları tükənmədiyi, mövcud biznes fəaliyyəti və ya məhsul istehsalı müəssisəni, biznes vahidini təmin etdiyi halda istifadə olunur. Bu zaman müəssisə və ya biznes vahidi mövcud bazara yeni məhsulla, yaxud mövcud bazara mövcud məhsulla və yaxud da yeni bazara mövcud məhsullarla çıxmağı planlaşdıra bilər. Bu variantlardan asılı olaraq müəssisə bazara nüfuzetmə strategiyasından; yeni bazarlara çıxma strategiyasından və yeni məhsulların hazırlanması strategiyasından istifadə edə bilər.
Bazara nüfuz etmə strategiyası mövcud bazarlara mövcud, yəni ənənəvi məhsulların çıxarılması nəzərdə tutulduğu halda tətbiq edilir və müəssisə, biznes vahidi özünün marketinq imkanlarından istifadə etməklə, daha effektli marketinq fəaliyyəti həyata keçirməklə mövcud bazarlarda mövcud məhsulların satışının həcmini artırmağa çalışır. Başqa sözlə desək, müəssisə və ya strateji biznes vahidi mövcud məhsulların reklamını gücləndirməklə, öz məhsulunun istehlak xüsusiyyətlərinin üstünlüklərini təbliğ etməklə, rəqiblərinin zəif tərəflərindən istifadə etməklə və digər vasitələrlə satışın həcmini artırmağa cəhd edir.
Yeni bazarlara çıxma strategiyası müəssisənin mövcud məhsullarının yeni bazarlara çıxarılmasını və yeni bazar seqmentinin ələ keçirilməsini nəzərdə tutur. Yeni bazarlara çıxmaq üçün müəssisə, məsələn, mövcud məhsullarını işgüzar istehlakçılar bazarı ilə yanaşı son istehlakçılar bazarına, yeni regionların və ya ölkələrin bazarlarına da çıxara bilər, yaxud əlavə bölüşdürmə və satış kanalları yarada bilər və s. Həyata keçirilən bu tədbirlər satışın həcminin artmasına gətirib çıxara bilər.
İntensiv inkişaf imkanlarının yeni məhsul hazırlanması strategiyasında müəssisə mövcud bazarlar üçün yeni məhsul (məhsullar) hazırlanması siyasətini yeridir. Bu halda müəssisə özünün məhsul çeşidinin dərinliyini və genişliyini artırmaqla məhsul satışının həcmini artırmağa cəhd edir.
İnteqrasiya inkişaf strategiyası müəssisənin resurslarını və imkanlarını artırmaq məqsədilə yeni və ya oxşar biznes fəaliyyətilə məşğul olması və ya bu biznes növlərini həyata keçirən müəssisələri, həmçinin onun istehsal-satış fəaliyyətinin həyata keçirilməsini təmin edən müəssisələri ələ keçirməsilə əlaqədardır. Bu inkişaf strategiyasının da iki forması: 1) üfüqi inteqrasiya inkişaf strategiyası və 2) şaquli inteqrasiya inkişaf strategiyası mövcuddur.
Üfüqi inteqrasiya inkişaf strategiyasında müəssisə, biznes vahidi ya mövcud fəaliyyətinə oxşar biznes fəaliyyətilə məşğul olan, məhsullar istehsal edən rəqib müəssisələri satın almaqla (ya onların nəzarət səhm paketlərini almaqla) onları ələ keçirir, ya da yeni biznes fəaliyyətilə məşğul olan, məhsul istehsal edən yeni müəssisələr yaradır.
Şaquli inteqrasiya inkişaf strategiyasında isə müəssisə, biznes vahidi ya özünün istehsal-satış fəaliyyətinin material resursları ilə təmin edilməsinin və məhsullarının bölüşdürülməsinin etibarlılığını yüksəltmək və ya bu fəaliyyəti daha yüksək effektlə həyata keçirmək məqsədilə sənaye zəncirinin müxtəlif mərhələlərində yerləşən müəssisələri - məhsulgöndərənləri, bölüşdürmə və satış kanallarını ələ keçirir, yaxud da bu tip müəssisələrin fəaliyyətini həyata keçirən yeni müəssisələr yaradır.
Bu inkişaf strategiyası əks şaquli inteqrasiya inkişaf strategiyası və mütərəqqi inteqrasiya inkişaf strategiyası formasında həyata keçirilir. Əks şaquli inteqrasiya inkişaf strategiyası məhsulgöndərənlərin ələ keçirilməsini və ya da onların fəaliyyətini həyata keçirən biznes vahidlərinin yaradılmasını nəzərdə tutur. Məsələn, elektron məhsullar istehsalçısı olan «Tandy» firması plastmass formalar, kabel və mikroproseslər üçün epoksid platalar istehsal edən firmaları satın almışdır.
Mütərəqqi şaquli inteqrasiya inkişaf strategiyasında isə müəssisənin və ya biznes vahidinin inkişafı müəssisə tərəfindən mövcud bölüşdürmə və satış müəssisələrinin ələ keçirilməsi və yaxud özünün yeni bölüşdürmə və satış şəbəkəsinin yaradılması yolu ilə həyata keçirilir. Məsələn, «Tandy» firması özünün məhsullarının marketinqinə tam nəzarət etmək və istehlakçılara yaxın olmaq məqsədlə özünün satış şəbəkələrini yaratmışdır .
Diversifikasiya strategiyasının mahiyyəti yeni bazarlar üçün yeni məhsullar istehsal etməklə müəssisənin fəaliyyətinin genişləndirilməsindən ibarətdir. Diversifikasiya üç formada: 1) eyni əlamətli (ümumi mərkəzli) diversifikasiya, 2) oxşar əlamətli (üfüqi) diversifikasiya və 3) müxtəlif əlamətli (çoxsahəli) diversifikasiya formasında həyata keçirilir.
Eyni əlamətli diversifikasiya yeni bazarlara mövcud məhsul çeşidinə daxil olan yeni məhsullarla çıxmağı nəzərdə tutur.Yeni məhsulun istehsal texnologiyası və marketinq imkanları mövcud texnologiyaya və marketinq imkanlarına əsaslanır.
Oxşar əlamətli diversifikasiyada müəssisənin biznes portfeli və ya məhsul portfeli oxşar biznes növləri və ya məhsul çeşidi hesabına genişləndirilir. Bu fəaliyyət növünün və ya məhsul növünün istehsal texnologiyası və marketinq imkanları mövcud texnologiya və marketinq imkanlarından fərqlənsə də oxşar əlamətlərə malik olur.
Diversifikasiyanın müxtəlif əlamətli diversifikasiya formasında müəssisə nə özünün mövcud istehsal texnologiyası, nə mövcud məhsul çeşidi, nə də mövcud bazarları ilə əlaqədar olmayan yeni biznes fəaliyyəti və ya yeni məhsul növlərinin istehsalı ilə məşğul olur.
Dostları ilə paylaş: |