İşemiya zamanı mikrosirkulyasiya dəyişiklikləri. Arteriyalarda müqavimətin artması orqan və toxumaların mikrosirkulyasiya damarlarında təzyiqin azalmasına və onların daralmasına şərait yaradır. Daralma və ya tıxanma nahiyəsindən periferiyada yerləşən xırda arteriya və arteriollarda təzyiq azalır. Ona görə də mikrosirkulyator şəbəkə damarlarında arteriovenoz təzyiqlər fərqi azalır, kapillyarlarda qan cərəyanının xətti və həcmi sürəti zəifləyir.
Arteriyaların daralması işemiya nahiyəsindəki kapillyarlara daxil olan formalı elementlərin sayının azalması ilə nəticələnir. Bir çox fəaliyyətdə olan kapillyarlar plazmatik kapillyarlara çevrilir, sonradan kapillyardaxili təzyiqin azalması nəticəsində tamamilə fəaliyyətdən qalır. Beləliklə, toxumanın işemiyaya uğramış sahəsində fəaliyyətdə olan kapillyarların sayı azalır. Kapillyardaxili təzyiqin azalması mayenin damar daxilindən toxumaya filtrasiyasını zəiflədir. Bu zaman mayenin toxumadan damara reabsorbsiyasıüçün əlverişli şərait yaransa da, hüceyrəarası sahədə onun miqdarının azalması limfanın əmələ gəlmə sürətini kəskin zəiflədir.
Dostları ilə paylaş: |