BMMT Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart bütün ölkələrdə “Ümumdünya Mülki Müdafiə günü” kimi qeyd olunur. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, 1993-cü ildən bu təşkilatın üzvlüyünə qəbul olunmuş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış 1998-ci il 18 aprel tarixli 700 nömrəli fərmanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 saylı qərarında, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında 19.04.2006-cı il tarixli 394 saylı Əsasnamədə, Azərbaycan Respublikası FHN-nin Mülki Müdafiə Qoşunları Haqqında 29.12.2006-cı il tarixli 511saylı Əsasnamədə, Mülki Müdafiənin əsas məqsəd və vəzifələri, habelə dövlət hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların, məsul şəxslərin və vətəndaşların mülki müdafiə sahəsində vəzifələri müəyyən edilmişdir.
Azərbaycan Respublikasında Mülki Müdafiə işinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti, bilavasitə rəhbərliyi isə Azərbaycan Respublikasının Baş Naziri həyata keçirir. Mülki Müdafiə tədbirlərini planlaşdırmaq və həyata keçirilməsini təşkil etmək, o cümlədən icraya nəzarət məqsədilə Fövqəladə Hallar Nazirliyi gündəlik rəhbərlik edir.
Mülki Müdafiə – sülh və ya müharibə dövründə əhalinin (Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.
Mülki Müdafiə sistemi – mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsi həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanlarının, qüvvə və vasitələrin, xüsusi fondların, rabitə, xəbərdarlıq və informasiya təminatlı sistemlərinin məcmusudur.
Mülki Müdafiə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Azərbaycan Respublikasının Konstitusiyasından, «Mülki Müdafiə haqqında» qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Mülki Müdafiə tədbirlərinin planlaşdırılmasının siyasi, iqtisadi, müdafiə əhəmiyyətini və digər amilləri nəzərə alaraq respublikanın ərazisi zonalara, şəhərlər mülki müdafiə üzrə qruplara, təsərrüfat obyektləri isə mülki müdafiə üzrə dərəcələrə bölünür.
İqtisadi İnkişaf Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin təqdimatı əsasında zonalar, şəhərlərin qrupları və obyektlərin dərəcələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
Azərbaycan Respublikası ərazisinin Mülki Müdafiə üzrə zonalara bölünməsi 1 nömrəli Əlavəyə uyğun olaraq müəyyən edilmişdir.
Mülki Müdafiə üzrə şəhərlərin qrupları: I qrup, II qrup və III qrup olmaqla 2 nömrəli Əlavəyə uyğun olaraq müəyyən edilmişdir.
Ən mühüm təsərüffat obyektlərinə mülki müdafiə üzrə belə dərəcələr verilir: xüsusi əhəmiyyətli, I dərəcəli və II dərəcəli obyektlər.
Mülki Müdafiə üzrə dərəcələr – fəaliyyətdə olan, inşa edilən, yenidən quraşdırılan və layihələşdirilən vacib sənaye, nəqliyyat, energetika və rabitə müəssisələrinə; xüsusi konstruktor bürolarına; neft-qaz mədənləri idarələrinə; dövlət əhəmiyyətli nadir mədəni sərvətlərə malik olan obyektlərə (arxiv, muzey, kitabxana, şəkil qalereyası); material və ərzaq bazalarına; su kəməri təsərrüfatına və digər dövlət əhəmiyyətli obyektlərə verilə bilər.
Mülkiyyət formasından asılı olmayaraq sənaye birliklərinə, şirkətlərə, kombinatlara və digər təsərüfat obyektəlrinə mülki müdafiə üzrə dərəcələr elə hallarda verilə bilər ki, onların müəssisələri, sexləri və idarəetmə orqanları vahid bir istehsalat sahəsində yerləşmiş olsun.
İqtisadi və digər göstəricilərinə görə mülki müdafiə üzrə dərəcələrə aid edilməsi mümkün olmayan bütün digər müəssisələr və idarələr dərəcəsiz obyektlər adlanır.
Tikinti təşkilatlarına, yeraltı mədən tikintilərinə, inzibati idarələrə, ictimai təşkilatlara, sanatoriyalara və istirahət evlərinə, teatr, kinoteatr və sirklərə, kommunal-məişət xidməti idarələrinə, kənd təsərrüfatı obyektlərinə, qoruqlara və fəlakətli daşqın zonasında yerləşən bütün obyektlərə mülki müdafiə üzrə dərəcələr verilmir.
Nazirliklərin, komitələrin, baş idarələrin rəhbərləri mülki müdafiə üzrə dərəcələrə aid ediləcək təsərrüfat obyektlərinin siyahısını razılaşdırmaq üçün Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim edirlər.
İqtisadi İnkişaf Nazirliyi təsərrüfat obyektlərinin razılaşdırılmış ümumi siyahısını təsdiq etmək üçün Nazirlər Kabinetinə göndərir.
Layihələşdirilən obyektlərə mülki müdafiə üzrə dərəcə layihələşdirmə mərhələsində verilir.