Fövqəladə hallar nazirliyinin MM üzrə əsas vəzifələri: Fövqəladə halların təsirindən, əhalinin və təsərrüfat obyektlərinin mühafizə edilməsi.
Fövqəladə hadisələr zamanı, insanların sağlamlığına təhlükə yaranması barədə və belə şəraitdə davranış qaydaları haqqında əhalinin xəbərdar edilməsi.
Fövqəladə halların nəticələri aradan qaldırılarkən, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi.
Rəhbər heyətin, Mülki müdafiənin idarəetmə orqanları və qüvvələrinin fövqəladə hallarda mühafizəyə və fəaliyyətə hazırlanması, həmçinin müvafiq mühafizə və fəaliyyət üsullarının əhaliyə öyrədilməsinin təşkili.
Fövqəladə hallar zamanı təsərrüfat sahələrinin, müəssisələrin, idarə və təşkilatların sabit fəaliyyətinin təmin olunmasına yönəldilmiş tədbirlərin, xüsusən də mülki müdafiənin mühəndis-texniki tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.
Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının əsas vəzifələri: Mülki müdafiə sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl etmək.
Fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyi bacarmaq.
Fövqəladə hadisələrdən əsas müdafiə üsullarını və vasitələrini öyrənmək və bilmək. 4. Fövqəladə hadisələr zamanı müəyyən olunmuş davranış qaydalarına əməl etmək.
İlk tibbi yardım göstərilməsi qaydalarını öyrənmək və onu tətbiq etməyi bacarmaq.
Mülki müdafiə işarələrini (siqnallarını) bilmək və onlara uyğun hərəkət etmək.
Baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr barəsində dərhal müvafiq dövlət orqanlarına və qonşulara məlumat vermək.
Mülki müdafiə sahəsində onlara tapşırılmiş vəzifələri vicdanla yerinə yetirmək.
Azərbaycan Respublikasında mülki müdafiə, ümumdövlət müdafiə sisteminin tərkib hissəsi olmaqla aşağıdakı prinsiplər əsasında təşkil edilir:
ərazi prinsipi (mülki müdafiə tədbirlərinin Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilməsi);
fərqli və kompleks yanaşma prinsipi (Azərbaycan Respublikasında mülki müdafiə tədbirlərinin ayrı-ayrı bölgələrin, şəhərlərin, istehsal və sosial təyinatlı obyektlərin hərbi-strateji, iqtisadi və digər xüsusiyyətləri nəzərə alınmaqla planlaşdırılması və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi);
kütləvilik və məcburilik prinsipi (mülki müdafiə tədbirlərinin bütün əhalini əhatə etməsi və məcburi xarakter daşıması);
daimi hazırlıq prinsipi (mülki müdafiə sisteminin fövqəladə hadisələr zamanı dərhal və səmərəli fəaliyyətə başlamağa hazır vəziyyətdə olması);
dərhal xəbərdarlıq prinsipi (baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr haqqında əhaliyə dərhal məlumat verilməsi);
qarşılıqlı əlaqə prinsipi (mülki müdafiənin təmin edilməsində iştirak edən dövlət orqanlarının və mülki müdafiə qüvvələrinin sıx və uzlaşdırılmış fəaliyyət göstərməsi).