Fəsil-II. Mülki Müdafiə sisteminin idarə edilməsi və kütləvi qırğın silahları. §6. Mülki Müdafiə siqnalları və əhalinin davranış qaydaları. İdarəetmənin mahiyyəti, təşkili və vəzifələri. Fövqəladə hadisələr zamanı mülki müdafiə tədbirlərinin vaxtında və
müvəffəqiyyətlə yerinə yetirilməsini təmin edən başlıca şərtlərdən biri – Mülki
Müdafiə qüvvələrinin düzgün idarə edilməsidir. İdarəetmənin mahiyyəti – Mülki
Müdafiə rəhbərliyinin və qərargahlarının özlərinə tabe olan qüvvələrə fasiləsiz
rəhbərlik etməsindən və onların fəaliyyətini qarşıda duran vəzifələrin icrasına
vaxtında yönəltməkdən ibarətdir.
Mülki Müdafiə – Mülki Müdafiə rəhbərinin qərarına əsasən idarə edilir. Qərar
qəbul etmək mürəkkəb və məsuliyyətli işdir, həmçinin Mülki Müdafiə rəhbərinin əsas
vəzifəsidir. Mülki Müdafiə rəhbərinin qərarı yerinə yetiriləcək vəzifələrin əsas
məqsədini, mahiyyətini və icra üsullarını müəyyən edən ana xətt rolunu oynayır.
İdarəetmə fəaliyyətinə qoyulan əsas tələblər aşağıdakılardır: - İdarəetmə qətiyyətli olmalıdır. Bu rəhbərlərin inamla qərar qəbul etmək
bacarığından və bu qərarın icrasına inadla nail olmaqdan ibarətdir. Bu tələb,
sərəncam vermə funksiyasını yerinə yetirərkən Mülki Müdafiə rəhbərinə verilən
təkbaşına qərar qəbul etmək hüququndan irəli gəlir. Bu o deməkdir ki, hər bir qərar,
təsdiq edilib icra üçün sərəncam verilənədək müzakirə oluna bilər. Əmr və ya
sərəncam imzalandıqdan sonra mübahisəsiz, dəqiq və vaxtında həyata keçirilməlidir.
İdarəetmənin qətiyyətli olması-qəbul edilmiş qərarların icrasına ciddi nəzarəti,
tabelikdəki heyətə yüksək tələbkarlıq göstərilməsini, icraçının boyun qaçırmaq üçün
subyektiv, yaxud obyektiv bəhanələr axtarmasına yol verməməsini nəzərdə tutur.
- İdarəetmə çevik olmalıdır. Bu vəziyyətin qısa zaman kəsiyində dəyişməsinin
operativ surətdə nəzərə alınması deməkdir. Mülki Müdafiə rəhbəri şəraitin dəyişməsi
ilə əlaqədar öz qərarını vaxtında dəqiqləşdirməyə, yaxud yeni qərar qəbul etməyə və
icraçılara əlavə tapşırıqlar verməyə hər an hazır olmalıdır. Buna nail olmaq üçün
başlıca şərt – yaranmış real vəziyyəti bilmək, onu dərhal qiymətləndirməyi və
müvafiq qərar qəbul etməyi bacarmaqdır.
- İdarəetmə fasiləsiz və dayanıqlı olmalıdır. Yəni idarəetmə sistemi hər cür
fövqəladə hallarda tabelikdəki qüvvələrin fəaliyyətinə fasiləsiz rəhbərlik etməyə
imkan verməlidir. Buna, idarəetmə məntəqələrini və rabitə qovşaqlarını əvvəlcədən
yaratmaqla, onların xidmətçi heyətlərini işə hazırlamaqla, habelə bütünlükdə
idarəetmə sisteminin davamlı olmasını təmin edən bir sıra tədbirlər görməklə nail
olmaq mümkündür. İdarəetmə prosesində fasilə yaranması, yaxud onun pozulması,
adətən uğursuzluqla nəticələnir.
- İdarəetmə prosesində məxfilik rejiminə ciddi riayət edilməlidir. Yəni
operativ sənədləri işləyərkən və rabitə vasitələrindən istifadə edərkən təhlükəsizlik
rejim və qaydaları mütləq gözlənilməlidir.
- İdarəetmə sistemi fəaliyyətə daim hazır vəziyyətdə saxlanmalıdır. İdarəetmə
sisteminin fəaliyyətə hazırlıq dərəcəsi, Mülki Müdafiə qüvvələrinin hazırlıq
dərəcəsindən bir səviyyə yüksək olmalıdır. Bu, lazım gəldikdə Mülki Müdafiə
qüvvələrinə rəhbərliyi dərhal təşkil etməyə imkan verir.