12. İslam dininin başqa dinlərə loyal münasibəti Bildiyiniz kimi, bu gün bizim demokratiya, insan haqlarının qorunması, söz və mətbuat azadlığının ən yüksək səviyyədə bərqərar olduğunu düşündüyümüz bir çox Qərb dövlətləri, bütün bunların əsasını təşkil edən multikulturalizmin iflasa uğradığını iddia etməklə, bir növ bəşəriyyətdə birgəyaşayışın, tolerantlığın mümkün olmadığını ortaya qoymağa can atırlar.
Və çox maraqlıdır ki, bu dövlətlər multikulturalizmin iflasa uğramasında müsəlmanları, daha dəqiq desək, İslam dinini əsas səbəb kimi göstərməyə cəhd edirlər. Bu səbəbdən də, biz bu gün İslam dinin sözün həqiqi mənasında tolerant və dözümlülük dini olduğunu sübut edən həqiqətləri İslamın əsas kitabı olan Qurani-Kərimin dili ilə sizlərin diqqətinizə çatdırmağa çalışacağıq. Çünki İslamın təbliğində zor və məcburiyyətin olmaması Quranda aydın şəkildə öz əksini tapıb: "Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Tağutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirərsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) biləndir!" (Əl-Bəqərə, 256). Yaxud, Qurani-Kərimin başqa bir surəsində göstərilir ki, "Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa, onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər..."(Ənam, 108). Göründüyü kimi, burada İslamın digər səmavi dinlərə və dini konfessiyalara dözümlülük münasibəti aydın şəkildə özünü göstərir. Aydın olur ki, İslam istənilən əks fikrə qarşı zorakılığı istisna edir, insanlar arasında dözümlülük və sülh münasibətini önə çəkir. Quranda irəli sürülən bu fikirlər islamda dözümlülüyün prioritet olduğunu göstərən ən mühüm faktlardır.
Məlumdur ki, insanlar eyni cür yaradılmayıblar. İnsanlar eyni yaradılmadığı üçün tolerantlıq qaçılmaz dəyər olaraq qarşımıza çıxır. Hətta eyni hüceyrədən doğulan ekizlər arasında da fərqlər özünü açıq-aşkar büruzə verir. İslam müsəlmanların müxtəlif dinlərin mənsublarına, hətta inanmayanlara qarşı necə tolerant davranmalı olduqlarını insanların müxtəlif yaradılış prinsipi ilə izah edir. İslama görə müxtəliflik dünya imtahanın bir zərurətidir. Əgər müxtəliflik olmasaydı, tolerantlıqdan danışmağa da ehtiyac qalmazdı.
Qurani-Kərim “Dində məcburiyyət (zorakılıq) yoxdur” ayəsi ilə inanmaq azadlığının prinsipini formalaşdırıb. “Nə qədər istəsən də insanların əksəriyyəti iman gətirməzlər”, “Sən istədiyinə hidayət verə bilməzsən, ancaq Allah istədiyinə hidayət verər”, “Onlar iman gətirməyəcəklər deyə, bəlkə, özünü həlak edəcəksən?” kimi ayələr tolerantlığı anlamaq üçün ən gözəl sözlərdir.