Submədəniyyət (subcultures) – hər mədəniyyət submədəniyyətlərdən, yəni müştərək həyat təcrübələrinə və situasiyalara əsaslanaraq dəyər sistemlərini bölüşən bir qrup insanlardan ibarətdir. Sub – mədəniyyətlər milliyətləri, dinləri, irqləri və coğrafi regionları əhatə edir. Bu 4 mühüm sub-mədəni qrupa, məsələn, ABŞ timsalında latın amerikalılarını, afro – amerikalıları, asiyalıları və yaşlı istehlakçıları misal göstərmək olar. Bu sub-mədəniyyətlərin iqtisadiyyata nə dərəcədə təsirini isə aşağıdakı misallar göstərir. Belə ki, ABŞ-ın latın amerikalılar bazarı Kuba, Meksika, Mərkəzi Amerika, Cənubi Amerika və Puerto-Riko mənşəli təqribən 35 milyon istehlakçıdan ibarətdir ki, onlar da keçən il 425 milyard dollardan çox mal və xidmətlər istehlak etmişlər. Məhz burada ABŞ-ın 35 milyonluq sub-mədəniyyətinin maraqlarına uyğun məhsul və xidmətlər istehsal etməməsi sadəcə ağılsızlıq olardı. Afro – amerikalılar isə ABŞ-da internet xidmətlərə ağdərili müştərilərə nisbətən 2 dəfə çox pul xərcləyirlər. Asiyalı amerikalılar isə ABŞ-ın ən yüksək artım tempinə malik və zəngin bir seqmentidir. Hal – hazırda bu seqment 12 milyon nəfərdən artıqdır və 296 milyard dollara bərabər sərbəst illik gəlirə malikdir. Bu seqmentin alıcılıq gücünün getdikcə artması səbəbindən firmaların çoxu asiya-amerikalı bazarını hədəfə alırlar. Məsələn, “Wall-Mart” dükanlarının birində asiyalı sənətçilərin CD-ləri, asiyadan gələn sağlamlıq və gözəllik məhsulları, uşaqlar üçün çoxdilli tədris videokasetləri satılır. ABŞ-da yaşlı istehlakçılar bazarı da çox cəlbedicidir. Belə ki, onların sayı 75 milyon nəfərdir. 25 il ərzində isə bu rəqəmin 150 milyona çatacağı gözlənilir. Bu qrupun daha çox vaxta və pula malik olmaları firmaları daha çox şirnikdirməkdədir.