Məhəmməd İqbal
Allah məfhumu
və ibadətin mənası
Əvvəlki məqalələrimizdən gördük ki, dini təcrübəyə əsaslanan mühakimə idrak meyarlarına tamamilə uyğundur. Sintetik baxışı nəzərə alaraq tədqiq etdikdə təcrübənin daha əhəmiyyətli bölgələri hər cür təcrübənin başlıca əsası kimi, bizim “mən” adlandırmağı münasib hesab etdiyimiz, rasional formada idarə olunan yaradıcı iradəni aşkar edir. Əsas Mən-in fərdiyyətini vurğulamaq üçün Quran O-na Allah adını vermiş və O-nu aşağıdakı kimi təsvir etmişdir:
De ki, Allah birdir
Bütün varlıqlar O-na möhtacdır
O, nə doğmuş, nə də doğulmuşdur
O-nun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur (112: 1-4).
Lakin, bir şəxsin və fərdin nə olduğunu tam formada başa düşmək çətindir. Berqsonun “Creative Evolution” əsərində öyrətdiyi kimi, fərdiyyət dərəcələr məsələsidir və hətta insanın kamilliyin son dərəcəsinə çatmış birliyində də tam formada dərk edilməmişdir.1 Berqson deyir ki, “Fərdiyyətlə bağlı xüsusilə onu demək olar ki, dünyanın hər yerində fərdin özünü ön plana çıxartma tendensiyası mövcud olsa da, bu tendensiya həmişə nəsillərin davam etməsi tendensiyasının müqaviməti ilə qarşılaşıb. Fərdiyyətin kamil olması üçün bu fərdiyyətə aid olan organizmin heç bir hissəsinin ayrı-ayrılıqda yaşaya bilməməsi vacibdir. Lakin belə olduqda nəsilvermə qeyri-mümkün olur. Çünkü, nəsilvermə əvvəlki orqanizmdən ayrılmış bir parça ilə yeni bir organizm meydana gətirmək deyilmi? Bu baxımdan, fərdiyyət qoynunda ilan bəsləyir.”2 Bu iqtibasdan aydın olur ki, mən-in hüdudları çərçivəsində qalan kamil fərdiyyətin bənzəri yoxdur, o özünəməxsusdur və onun öz qoynunda ilan bəsləməsini düşünmək mümkün deyil. O, nəsil vermənin antoqonist tendensiyasının fövqündə olan bir şey kimi başa düşülməlidir. Kamil fərdiyyətin bu səciyyəvi xüsusiyyəti Qurandakı Allah anlayışının ən əsas elementlərindən biridir. Quran bu məsələyə dəfələrlə toxunur. Lakin bu, o vaxtkı xristian anlayışına hücum etmək məqsədilə yox, özünün kamil fərdiyyət görüşünü vurğulamaq üçün edilib. Buna baxmayaraq bir şeyi demək mümkündür ki, dini təfəkkür tarixi Mütləq Həqiqətin, misal üçün işıq kimi qeyri-müəyyən, geniş və əhatəli kosmik element kimi başa düşülən fərdiyyət anlayışından xilas olmaq üçün müxtəlif yolları açıq qoymuşdur.3 Bu görüşü Farnell Allahın xüsusiyyətləri ilə bağlı verdiyi Gifford mühazirələrində irəli sürmüşdür. Mən din tarixinin panteizmə meyilli düşüncə tərzini meydana çıxartdığını qəbul edirəm. Lakin mən bir fikri də irəli sürməyə cəsarət edirəm: Farnellin Quranın Allahı işığa bənzətməsilə bağlı irəli sürdüyü fikir doğru deyil. Onun yalnız bir hissəsini iqtibas etdiyi ayənin tam mətni aşağıdakı kimidir:
“Allah göylərin və yerin nurudur. O-nun nuru, içində çıraq olan bir çıraqdandan yayılan işığa bənzər; çıraqdandakı o çıraq şüşədən bir qabın (qəndilin) içindədir, o şüşə qab (qəndil) isə, sanki parlaq bir ulduzdur.” (24:35)
Şübhəsiz ki, ayənin ilk cümləsi fərdi Allah məfhumundan qaçmaq (yayınmaq) təəssüratı bağışlayır. Lakin ayənin qalan hissəsindəki işıq metaforasına nəzər yetirdikdə tamamilə buna əks təəssürat yaranır. Belə ki, metaforanın sonrakı hissəsində işığın (nurun) bir alovun (çıraq alovunun) içində mərkəzləşdirilməsi, sonra bu işığın bir şüşə qabın (qəndilin) içində fərdiləşdirilməsi və nəhayət məhdudlaşdırılmış bir ulduza bənzədilməsilə formasız kosmik element təsəvvürü istisna edilir. Şəxsən mən belə hesab edirəm ki, yəhudiliyin, xristianlığın və islamın müqəddəs kitablarında Allahın işıq kimi təsvir olunması indi fərqli şəkildə şərh olunmalıdır. Müasir fizika elmindən məlumdur ki, işıq sürətini keçə bilən heç nə yoxdur və bu, öz hərəkət sistemindən asılı olmayaraq bütün müşahidəçilər üçün eynidir. Beləliklə, dəyişkənlər dünyasında işıq Mütləq olana ən yaxın olan şeydir. O-na görə də işıq metaforası, müasir elmi nəzərə alaraq, Allahın hər yerdə mövcud olması kimi yox (Allahın hər yerdə mövcud olması fikri asanlıqla panteist şərhə yol açır), Onun Mütləqliyi kimi götürülməlidir.
Burada bir sual yarana bilər: fərdiyyət, müvəqqətilik və məhdudiyyət deyilmi? Əgər Allah bir “mən” və deməli bir fərddirsə biz O-nu necə qeyri-məhdud və əbədi bir varlıq kimi təsəvvür edə bilərik? Bu suala belə cavab vermək olar ki, Allah məkan baxımından qeyri-məhdud təsəvvür edilə bilməz. Spiritual məsələlərin qiymətləndirilməsində adi məkan ölçüləri heç bir məna ifadə etmir. Bundan əlavə, yuxarıda da gördüyümüz kimi, zaman və məkan sonsuzluqları mütləq deyildir. Müasir elm təbiəti sonsuz boşluqda yerləşən statik bir şey kimi yox, birgə əlaqələrindən məkan və zaman məfhumları əmələ gələn, bir-birilə əlaqəli olan hadisələr strukturu kimi götürür. Bu isə o deməkdir ki, məkan və zaman “Mütləq Mən”in yaradıcı fəaliyyətinin təfəkkürdə qurulan izahlarıdır. Məkan və zaman “Mən”in imkanlarıdır və bizim riyazi məkan və zaman formalarında ancaq qismən dərk edilir. “Mən”in hüdudları xaricində və O-nun yaradıcı fəaliyyətindən ayrı O-nu başqa “mən”lərə nisbətlə məhdudlaşdıran heç bir zaman və məkan yoxdur. O-na görə də, “Mütləq Mən” nə məkan sonsuzluğu mənasında sonsuzdur, nə də bədəni məkan baxımından məhdud və başqa “mən”lərə nisbətlə hüdudlandırılmış olan insan kimi müəyyən bir çərçivə daxilindədir. “Mütləq Mən”in sonsuzluğu O-nun yaradıcı fəaliyyətinin sonsuz daxili imkanlarını ehtiva edir və bildiyimiz kimi, kainat O-nun yaradıcı fəaliyyətinin ancaq cüzi bir ifadəsidir. Bir sözlə, Allahın sonsuzluğu ekstensiv yox, intensivdir. O, sonsuz bir silsiləni ehtiva edir, lakin silsilənin özü deyildir.
Sırf intellektual nöqteyi-nəzərdən Quranın Allah anlayışındakı digər mühüm elementlər yaradiciliq, bilgi, qüdrətlilik və əbədilikdir. Bunları bir-bir müzakirə edəcəm.
Məhdud ağıl (insan ağlı) təbiəti ağılın bildiyi, lakin yarada bilmədiyi, öz-özlüyündə (per se) mövcud olan, qarşılaşılan “başqası” kimi qəbul edir. Beləliklə biz, yaranma hadisəsini keçmişə aid spesifik bir hadisə kimi qəbul etməyə meyilliyik və kainat bizə öz yaradıcısının həyatı ilə orqanik əlaqəsi olmayan və yaradıcısının adi bir müşahidəçidən başqa bir şey olmadığı, emal olunmuş bir şey kimi görünür. Yaranma məfhumu haqqında ilahiyyat elmi sahəsindəki bütün mənasız mübahisələr məhdud ağılın dar çərçivəliliyindən yaranır.1 Məsələyə bu cür yanaşdıqda belə bir nəticə çıxır ki, kainat Allahın həyatında adi bir təsadüfdür və yaradılmaya da bilərdi. Bizim cavab verməli olduğumuz əsas sual budur ki, kainat ilə Allah arasındakı münasibətdə kainat Allahın “xaricində” və O-nunla öz arasında məkanın mövcud olduğu bir şeydirmi? Cavab bundan ibarətdir ki, ilahi varliq nöqteyi-nəzərindən “əvvəli” və “sonrası” olan müəyyən bir hadisə mənasında bir yaranma yoxdur. Kainat Mütləq Varlığa əks mövqedə dayanan müstəqil bir reallıq kimi götürülə bilməz. Məsələyə bu cür yanaşmaq həm Allahı, həm də dünyanı sonsuz məkanın boş qabı içərisində qarşı-qarşıya dayanan iki ayrı varlıq səviyyəsinə endirər. Yuxarıda gördük ki, məkan, zaman və maddə ağılın Allahın azad yaradıcı gücünü izah etmə tərzləridir. Məkan, zaman və maddə öz-özlüyündə (per se) mövcud olan müstəqil gerçəkliklər deyil, sadəcə olaraq Allahın həyatını dərk etmənin əqli formalarıdır. Yaranma məsələsi bir dəfə məşhur sufi Bəyazid Bistaminin müridləri arasında müzakirə mövzusu oldu. Müridlərdən biri çox mənalı şəkildə belə bir sağlam fikir irəli sürdü: “Allahın mövcud olduğu və O-ndan başqa heç nəyin mövcud olmadığı bir zaman kəsiyi var idi.” Bəyazid Bistaminin cavabı eyni dərəcədə mənalı olmuşdur: “Elə indi də eynilə o vaxt olduğu kimidir.” Ona görə də, maddi aləm Allahın məsafədən idarə etdiyi və Allah ilə birgə əbədi olan bir şey deyildir. Əsl mahiyyəti baxımından maddə davam edən hərəkətdir və təfəkkür onu bölərək bir çox ayrı hissələrə ayırır. Professor Edinqton (Eddington) bu mühüm məqama daha çox aydınlıq gətirmişdir. Onun Məkan, zaman və cazibə qüvvəsi (Space, time and gravitation) kitabından sitat gətirmək cürətini göstərirəm: “Biz, interval-əlaqələri olan nöqtə-hadisələri dünyasında yaşayırıq. Bunların xaricində, dünyanın vəziyyətinin müxtəlif xüsusiyyətlərini təsvir etməklə qeyri-məhdud sayda daha mürəkkəb əlaqələr və keyfiyyətlər riyazi olaraq qurula bilər. Açıq bir çöllükdə saysız cığırlar mövcud olduğu kimi, bunlar da təbiətdə mövcuddur. Lakin kimsə bu yolla gedərək ona bir məna vermədiyi təqdirdə onların mövcudluğu gizli qalır; Eyni formada dünyanın bu keyfiyyətlərindən hər hansı birinin varlığı digərlərinə görə o vaxt əhəmiyyət qazanır ki, bir ağıl onu seçib tanıdır. Prizma ağ işığın xaotik titrəyişlərindən göy qurşağının rənglərini süzdüyü kimi, ağıl da maddəni mənasız keyfiyyətlər yığınından süzür. Ağıl daimi olana böyük əhəmiyyət verir, keçici olana isə məhəl qoymur; əlaqələrin riyazi tədqiqindən də məlum olur ki, ağılın məqsədinə nail ola bildiyi yeganə yol, dərk olunan dünyanın daimi substansiyası kimi müəyyən bir keyfiyyət seçərək içində daimi olacaq dərk olunan bir zaman və dərk olunan bir məkan ayırmaqdır. Bunun labüd nəticəsi olaraq da cazibə qüvvəsi, mexanika və həndəsə qanunlarına tabe olmaq lazımdır. Ağılın daimilik axtarışının fiziki dünyanı yaratdığı fikrini irəli sürmək mübaliğəli olarmı?”1
Sonuncu cümlə professor Edinqtonun kitabındakı ən dərin mənalı fikirlərdən birini ifadə edir. Fiziklər öz metodları vasitəsilə bir gün aşkar edəcəklər ki, ağılın daimilik axtarışında yaratdığı və sanki daimi görünən fiziki dünyanın keçici mənzərəsi daha daimi olan, dəyişiklik və daimilik kimi ziddiyətli xüsusiyyətləri birləşdirən və eyni zamanda həm daimi, həm də dəyişkən kimi götürülə bilən və yalnız bir mənlik kimi dərk edilə bilən bir şeyə əsaslanır.
Lakin, fikirlərimizin davamını söyləmədən cavab verməli olduğumuz bir sual var. Allahın yaradıcı fəaliyyəti yaratma işinə necə başlayır? İslam ilahiyyatının ən mötədil və hələ də populyar məktəbi olan əşərilik ilahi gücün yaradıcı metodunun atomik (atomlar əsasında) olduğu qənaətindədir. Onlar bu təlimlərini aşağıdakı Quran ayəsinə əsaslandırırlar:
“Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Lakin Biz ondan ancaq müəyyən (lazım olduğu) qədər endiririk.” (15:21)
Aristotelin sabit kainat fikrinə qarşı intellektual bir üsyanın ilk mühüm ifadəsi olan islam dünyasında atom nəzəriyyəsinin inkişafı islami təfəkkür tarixinin ən maraqlı bölümünü təşkil edir. Bəsrə məktəbinin təlimləri ilk dəfə Əbu Haşim (ölümü 933-cü il) tərəfindən, Bağdad məktəbinin təlimləri isə ən dəqiq və cəsarətli ilahiyyat mütəfəkkiri olan Əbu Bəkr Baqillani (ölümü 1013-cü il) tərəfindən formalaşdırılmışdır. Daha sonra XIII əsrin əvvəllərində İspaniyanın islam universitetlərində təhsil almış yəhudi ilahiyyatçısı Musa Maymonidesin Dəlalət`ul-hairin (Çaşqınların dəlili) adlı kitabında bu mövzunun tam sistematik təsvirini görürük. Bu kitab 1866-cı ildə Munk tərəfindən fransız dilinə tərcümə olunmuş və bu yaxınlarda Amerikalı professor Makdonald (MacDonald) “İsis” adlı jurnalda bu kitabın məzmunu haqqında çox gözəl bir şərh vermişdir. Zvemer (Zwemer) isə Makdonaldın bu məqaləsini “The Moslem World” jurnalının 1928-ci il Yanvar sayında yenidən nəşr etmişdir. Lakin Makdonald bu məqaləsində islam dünyasında atomistik kəlam elminin inkişaf etməsini müəyyən edən psixoloji amilləri aşkar etməyə cəhd göstərməmişdir. O, yunanlarda islam fəlsəfəsindəkinə bənzər atomizm fikri olmadığını qəbul edir. Lakin, müsəlman mütəfəkkirlərə hər hansı bir orijinal fikir aid etməyə könülsüz olduğundan, bu mövzudakı islami nəzəriyyə ilə buddizmin bir neçə təriqətinin görüşləri arasında səthi bənzərliklər taparaq tələsik belə bir nəticəyə gəlir ki, nəzəriyyə buddizmin islam düşüncəsi üzərindəki təsirləri ilə meydana gəlib. Təəssüf ki, tamamilə mücərrəd olan bu nəzəriyyənin mənbəyi haqqında bu məqalədə ətraflı danışmaq mümkün deyil. Mən sadəcə onun bəzi daha səciyyəvi xüsusiyyətlərindən sizə bəhs etmək istəyirəm. Eyni zamanda müasir fizika elminin işığında bu nəzəriyyənin yenidən qurma işinin, mənim fikrimcə, hansı xətt üzrə həyata keçirilməli olduğunu göstərəcəyəm.
Əşəri məktəbinin mütəfəkkirlərinə görə, dünya onların “cəvahir” adı verdikləri ən kiçik hissələrdən və yaxud artıq bölünməsi mümkün olmayan atomlardan ibarətdir. Allahın yaradıcı fəaliyyəti fasiləsiz olduğundan atomların sayı da məhdud ola bilməz. Hər an yeni atomlar əmələ gəlir və ona görə də kainat daima böyüyür. Quranda buyurulduğu kimi: “Allah məxluqata istədiyini əlavə edər” (35:1). Atomun esensiyası onun varlığından ayrıdır. Bu o deməkdir ki, varlıq Allah tərəfindən atoma verilən bir keyfiyyətdir. Bu keyfiyyətə sahib olmamışdan əvvəl atom Allahın yaradıcı gücündə hərəkətsizdir və onun varlıq aləminə çıxması ilahi gücün təcəlli etməsindən başqa bir şey deyildir. Ona görə də, atomun esensiyasının həcmi yoxdur; onun məkan tutmayan bir mövqeyi var. Atomlar ancaq toplu halda olduqda müəyyən bir yer tutur və məkan yaradırlar. Atomizm nəzəriyyəsinin tənqidçisi İbn Hazm haqlı olaraq qeyd edir ki, Quranın dili yaratma hərəkəti ilə yaradılan şey arasında fərq qoymur. Deməli, nəyə ki biz şey deyirik o, əsl mahiyyəti etibarilə atomik hərəkətlərin bir məcmuudur. Lakin, “atomik hərəkət” məfhumunun zehni təsvirini formalaşdırmaq çətindir. Müasir fizika elmi də müəyyən fiziki kəmiyyətin əsl atomunu hərəkət kimi götürür. Lakin, professor Edinqtonun (Eddington) da göstərdiyi kimi, hərəkətin Kvant nəzəriyyəsinin dəqiq bir formul kimi ifadəsi hələ mümkün olmayıb; bununla birlikdə çox da dəqiq olmayan belə bir fikir var ki, hərəkətin valentliyi ümumi qaydadır və elektronların görünməsi (appearance) bu qaydaya əsaslanır.
Yenidən biz gördük ki, hər atom məkan ehtiva etməyən bir mövqe tutur. Bəs onda, yalnız atomun məkandan keçməsi kimi başa düşdüyümüz hərəkətin mahiyyəti nədir? Əşərilər məkanı atomların məcmuu tərəfindən yaradılan bir şey kimi qəbul etdiklərindən onlar hərəkəti bir cismin hərəkət nöqtəsi ilə gedib çatacağı nöqtənin arasında yerləşən bütün məkan nöqtələrindən keçməsi kimi izah edə bilməzlər. Belə bir izah boşluğun müstəqil bir reallıq kimi mövcud olduğunu mənimsəmək məcburiyyətindədir. Ona görə də Nazzam boş məkan probleminin öhdəsindən gəlmək üçün tafra və yaxud atlanma məfhumuna müraciət etdi və hərəkət edən cismi məkandakı bütün ayrı nöqtələrdən keçən bir şey kimi yox, bir nöqtə ilə digər nöqtə arasındakı boşluğun üstündən atlanan bir şey kimi təsəvvür etdi. Beləliklə, ona görə, tez hərəkət və yavaş hərəkət eyni sürətə malikdir, lakin yavaş hərəkətin daha çox istirahət nöqtələri var. Etiraf edim ki, problemin bu cür həllini kifayət qədər başa düşmədim. Lakin bir məsələ də var ki, müasir atomizm də bənzər problemlə qarşılaşmış və bənzər həll variantı irəli sürmüşdür. Plankın (Planck) Kvant nəzəriyyəsi ilə bağlı eksperimentlərə gəlincə, hərəkətdə olan atomun məkanda fasiləsiz yol getdiyini təsəvvür edə bilmərik. Uaythed (Whitehead) Elm və Müasir Dünya (Science and the Modern World) adlı əsərində deyir belə deyir: “Ən ümidverici izah yollarından biri elektronun məkanda fasiləsiz yol getmədiyini qəbul etməkdir. Onun mövcud olma tərzi ilə bağlı alternativ fikir budur ki, o, ardıcıl zaman müddətləri içində tutduğu məkanda ayrı mövqelər silsiləsində üzə çıxır. Bu ona oxşayır ki, sanki bir yolda saatda 30 mil sürətlə hərəkət edən bir avtomobil yolu fasiləsiz olaraq qət etmir, amma növbə ilə hər mildəki daşlarda iki dəqiqə qalmaqla görünür.”1
Bu yaratma nəzəriyyəsinin digər bir cəhəti aksidensiya təlimidir. Bu təlimə görə, atomun bir varlıq kimi mövcudiyyətini davam etdirməsi aksidensiyasının daima yaranmasından asılıdır. Əgər Allah aksidensiyaları yaratmağı dayandırarsa atomun da bir atom kimi mövcud olması da dayanar. Atom bir-birindən ayrılmaz müsbət və yaxud mənfi keyfiyyətlərə sahibdir. Bu, həyat və ölüm, hərəkət və sükunət kimi bir-birinə zidd cütlər formasında mövcuddur və demək olar ki, heç bir daimilikləri yoxdur. Buradan iki məsələ aydın olur:
-
Heç bir şeyin sabit bir təbiəti yoxdur.
-
Atomların yalnız tək bir nizamı vardır. Yəni, bizim ruh dediyimiz şey ya maddənin daha incə bir növüdür, ya da sadəcə bir aksidensiyadır.
Əşərilərin sübut etməyə çalışdıqları daimi yaratma fikri ilə bağlı mənim düşüncəm belədir ki, birinci məsələdə (heç bir şeyin sabit bir təbiəti yoxdur) bir doğruluq payı var. Mən əvvəl də qeyd etmişdim ki, mənim fikrimcə Quranın ruhu bütünlüklə klassik yunan fəlsəfəsinə ziddir. Bu mövzudakı əşəri düşüncəsini mütləq iradə və yaxud mütləq güc bazasında bir yaratma nəzəriyyəsi formalaşdırmaq üçün orijinal bir səy kimi qəbul edirəm. Bütün çatışmazlıqlarına rəğmən, bu nəzəriyyə Quranın ruhuna Aristotelin sabit kainat ideyasından daha çox uyğundur. Gələcək islam ilahiyyatçılarının vəzifəsi tamamilə spekulativ olan bu nəzəriyyəni yenidən qurmaq və onunla eyni istiqamətdə hərəkət etdiyi görünən müasir elm arasında daha yaxın bir əlaqə qurmaqdır. İkinci məsələ (atomlarin yalnız tək bir nizamı vardır) sırf materializmi andırır. Məncə əşəriliyin “nəfs bir aksidensiyadır” fikri, onların atomun daimi mövcudluğunun atomun içindəki aksidentlərin daimi yaranmasından asılı olduğu fikrini irəli sürən öz nəzəriyyələrindəki əsl qayəyə ziddir. Məlumdur ki, hərəkət zamansız təsəvvür edilə bilməz. Zaman ruhani (mənəvi, ruhi) həyatdan gəldiyinə görə, ruhani həyat hərəkətdən daha fundamentaldır. Ruhani həyat yoxdursa, deməli zaman da yoxdur; zaman da yoxdursa onda hərəkət yoxdur. Beləliklə, əşərilərin atomun mövcudluğunu davam etdirməsi üçün məsul olan aksidensiyanı belə adlandırmalarının əsl səbəbi budur. Atom varlıq keyfiyyətini aldıqda məkanlaşır və yaxud elə görünür. İlahi enerjinin bir mərhələsi kimi götürüldükdə isə əsasən spiritualdır. Nəfs sırf hərəkətdir; bədən ancaq görünən vəziyyətə gələn hərəkətdir və ona görə də, ölçülə biləndir. Həqiqətən əşərilər müasir nöqtə-an nəzəriyyəsini qabaqcadan gördülər; lakin onlar nöqtə ilə an arasındakı qarşılıqlı əlaqənin mahiyyətini düzgün formada görə bilmədilər. Bu ikisi arasında daha fundamental olanı andır; lakin nöqtə anın zəruri bir təzahür forması kimi andan ayrılmazdır. Nöqtə şey deyil, sadəcə anda bir baxış növüdür. Mövlana aşağıdakı sözləri ilə islamin ruhuna Qəzzalidən daha yaxındır:
Peykər əz ma həst şod ney ma əz u
Bade əz ma məst şod ney ma əz u
Bədən bizdən var oldu, biz ondan deyil,
Şərab bizdən məst oldu, biz ondan deyil.
Bu baxımdan, həqiqət sırf ruhdur. Lakin şübhəsiz ki, ruhun da dərəcələri vardır. İslam təfəkkür tarixində həqiqətin dərəcələri ideyası Şihabəddin Sührəvərdinin əsərlərində görünür. Müasir dövrdə biz bu ideyanı daha geniş işlənmiş formada Hegeldə və son vaxtlarda Lord Haldanenin ölümündən bir az əvvəl nəşr olunan “Nisbiliyin hakimiyyəti“ (Reign of Relativity) əsərində görürük. Mən mütləq həqiqəti bir “mən” kimi təsəvvür edirəm; və indi onu da əlavə etməliyəm ki, “mütləq mən” dən ancaq “mən”lər törəyər. Əməli və fikri eyni olan “Mütləq Mən”in yaradıcı gücü “mən-birlikləri” kimi fəaliyyət göstərir. Dünya, maddə atomu adını verdiyimiz mexaniki hərəkətdən insan “mən”ində təfəkkürün azad hərəkətinə qədər bütün təfərrüatları ilə “Böyük Mən”in özünü-izharıdır. İlahi gücün hər bir zərrəsi, mövcudiyyət ölçüsü baxımından böyük və yaxud kiçik olmasından asılı olmayaraq, bir “mən”dir. Lakin “mən”liyin (mən olmağın) təzahüründə dərəcələr vardır. Vücud qammasının əvvəlindən axırına qədər “mən”liyin getdikcə zilə çıxan notu insanda kamillik dərəcəsinə çatana qədər yüksəlir. Elə buna görə də Quranda “mütləq mən”in insana özünün şah damarından daha yaxın olduğu bildirilir. Beləliklə, biz ilahi həyatın arası kəsilməyən axınında mirvari dənələri kimi yaşayır, hərəkət edir və mövcud oluruq.
İslam təfəkkürünün ən yaxşı ənənələrindən ilham alan bir tənqid əşərilərin atomizm nəzəriyyəsini spiritual bir plüralizmə çevirmək üçün münasibdir. Bu spritual plüralizmin təfərrüatları gələcək islam teoloqları tərəfindən işlənməlidir. Lakin belə bir sual yarana bilər: valentliyin Allahın yaradıcı gücündə həqiqi bir yeri var, yoxsa sadəcə bizim məhdud qavrama tərzimiz ucbatından özünü bizə bu cür təqdim edir? Sırf elmi nöqteyi-nəzərdən mən bu suala verilə biləcək qəti cavabın nə olacağını deyə bilmərəm. Psixoloji nöqteyi-nəzərdən məncə bir şey qətidir: ancaq özünün reallığının (həqiqətinin) birbaşa şüurunda olan şey həqiqidir. Reallıq (həqiqət) dərəcəsi, “mən”lik (mən olma) hissiyyatının (şüurunun) dərəcəsinə görə dəyişir. “Mən”in təbiəti (xüsusiyyəti) elədir ki, digər “mən”lərlə mütənasib qabiliyyətdə olmasına baxmayaraq, eqoistdir və özündən başqa digər “mən”ləri diqqətə almayan xüsusi bir fərdiyyət dairəsinə malikdir. Bir “mən” kimi onun həqiqəti ancaq bundan ibarətdir. Ona görə də, “mən”liyində nisbi kamilliyə çatmış insan yaradıcı ilahi gücün qəlbində həqiqi bir yer tutur və beləliklə öz ətrafındakı şeylərə nisbətən daha yüksək bir həqiqət dərəcəsinə sahib olur. Allahın bütün məxluqatı arasında ancaq insan öz Yaradıcısının yaratma həyatında şüurlu iştirak etmək qabiliyyətindədir. Daha yaxşı bir dünya təsəvvür etmək və mövcud olanı olması lazım olan formaya salmaq gücü ilə təchiz olunmuş insanın içindəki “mən” getdikcə özünəməxsus və hərtərəfli vəziyyətə gələn bir fərdiyyətin xeyrinə üzərində işləməyə dəvət olunduğu sonsuz bir yol boyunca bütün müxtəlif mühitləri istismar etməyə can atır. Lakin xahiş edirəm ki, bu mövzuda daha dolğun izahat üçün “Mən”in hürriyyəti və ölməzliyi” adlı mühazirəmə qədər səbr edəsiniz. İndi isə, əşərilərin yaratma nəzəriyyəsinin ən zəif tərəfi olduğunu düşündüyüm atomik zaman təlimi haqqında bir neçə söz demək istəyirəm. İlahinin əbədi olma xüsusiyyəti haqqında məntiqli bir fikir əldə etmək üçün bu zəruridir.
Zaman məsələsi həmişə müsəlman mütəfəkkirlərinin və mistiklərinin diqqətini çəkmişdir. Bu qismən onunla bağlıdır ki, Qurana görə, gecə ilə gündüzün bir-birini əvəz etməsi Allahın ən böyük əlamətlərindən biridir, qismən də əvvəl haqqında danışdığımız məşhur bir hədisdə Peyğəmbərin Allahı dəhr (zaman) ilə eyniləşdirməsi ilə əlaqəlidir. Həqiqətən də, bəzi ən böyük müsalman sufiləri dəhr sözünün mistik xüsusiyyətlərinə inanırdılar. Mühyiddin ibn əl-Ərəbiyə görə, Dəhr Allahın gözəl adlarından biridir. Razi isə, özünün Quran şərhində bəzi müsəlman mistiklərin ona dəhr, daihur və yaxud daihar sözlərini təkrarlamağı öyrətdiklərini deyir. Əşərilərin zaman nəzəriyyəsi İslam təfəkkür tarixində zamanı fəlsəfi cəhətdən başa düşmək üçün güman ki, ilk cəhddir. Əşərilərə görə zaman fərdi “indilər” ardıcıllığıdır. Bu fikirdən çıxan nəticə odur ki, hər bir iki fərdi “indi” və yaxud zaman anı arasında tutulmamış bir an, yəni bir zaman boşluğu vardır. Bu nəticənin absurdluğu ondan irəli gəlir ki, əşərilər öz tədqiqat mövzularına tamamilə kənardan yanaşan (objective) bir nöqteyi nəzərlə baxıblar. Onlar eyni nöqteyi-nəzəri mənimsəyən və heç bir nəticə əldə etməyən yunan təfəkkür tarixindən dərs götürməyiblər. Müasir dövrümüzdə belə, Nyuton zamanı “özlüyündə və öz təbiətindən eyni dərəcədə əmələ gələn (axan) bir şey” kimi təsvir edir. Burada istifadə edilən axın metaforası Nyutonun eyni dərəcədə zamana kənardan yanaşan nöqteyi-nəzərinə ciddi etirazlar edilməsinə səbəb olmuşdur. Misal üçün, biz bu axına qapılan bir şeyin hansı təsirlərə məruz qalacağını və onun bu axından kənarda qalan şeylərdən fərqinin nə olacağını başa düşə bilmərik. Həm də, zamanı bir axına bənzədərək başa düşməyə çalışsaq, zamanın nə başlanğıcı, nə sonu, nə də hüdudları haqqında bir fikir formalaşdıra bilərik. Bundan başqa, əgər axın, hərəkət və yaxud “keçid” zamanın mahiyyəti ilə bağlı deyiləcək son sözdürsə, onda birinci zamanın hərəkətini təyin edən başqa bir zaman və ikinci zamanı təyin edən başqa bir zaman olmalı və sonsuza qədər bu cür davam etməlidir. Bu baxımdan zamana tamamilə kənardan baxan (objective) bir anlayış çətinliklərlə əhatə olunur. Lakin, bir şey də qəbul edilməlidir ki, praktik ərəb təfəkkürü zamanı Yunanlar kimi qeyri-real bir şey kimi qəbul edə bilməzdilər. Onu da heç kim inkar edə bilməz ki, biz zamanı hiss etmək üçün hansısa bir hissiyyat orqanına malik olmasaq da, zaman bir növ axındır və həqiqi bir obyektiv varlığı, yəni atom cəhəti var. Həqiqətən, müasir elmin hökmü əşərilərinki ilə tam eynidir; zamanın mahiyyəti ilə bağlı fizika elmindəki son kəşflər maddənin qeyri-ardıcıl olduğu nəticəsinə gəlir. Bu mövzuda Professor Roqerin (Rougier) “Fəlsəfə və müasir fizika” (Philosophy and new physics) əsərindən olan aşağıdakı iqtibas çox diqqətəlayiqdir: “Təbiət atlanmaz” (natura non facit saltus) deyən qədim atalar sözünün əksinə olaraq, məlum olmuşdur ki, kainat hiss edilməyən dərəcələrlə yox, qəfil atlanmalarla dəyişir. Fiziki bir sistem ancaq məhdud sayda aydın vəziyyətlər yarada bilər... iki fərqli və bilavasitə ardıcıl olan vəziyyətlər arasında dünya hərəkətsiz qaldığından zaman müvəqqəti dayanır, deməli zamanın özü də qeyri-ardıcıldır: orada zaman bir atomu vardır.”1 Lakin burada əsas məsələ ondan ibarətdir ki, həm Əşərilərin, həm də müasir alimlərin konstruktiv səyləri psixoloji təhlildən tamamilə məhrumdur və bu çatışmazlığın nəticəsi o olmuşdur ki, onlar hamısı zamanın subyektiv tərəfini dərk etməkdə aciz qalıblar. Ona görə də, onların nəzəriyyələrində maddi atomlar və zaman atomları sistemi bir-birindən ayrıdır və aralarında heç bir üzvi əlaqə yoxdur. Aydındır ki, əgər biz zamana sırf obyektiv (kənardan) nöqteyi-nəzərlə baxsaq ciddi çətinliklər yaranar; çünki biz professor Aleksandrın (Alexander) “Məkan, zaman və Tanrı” adlı mühazirələrində iddia etdiyi kimi atomik zamanı Allaha tətbiq edə və onu formalaşan bir həyat kimi təsəvvür edə bilmərik. Daha sonrakı müsəlman ilahiyyatçıları bu çətinliklərin tamamilə fərqinə vardılar. Molla Cəlaləddin Dəvvani özünün “Zura” adlı əsərində müasir dövrün yetişdirməsi olan professor Roysun (Royce) zaman haqqındakı fikirlərini xatırladan fikirlər irəli sürür. Dəvvani deyir ki, əgər biz zamanı hadisələrin hərəkət edən kütləvi yürüş kimi meydana gəlməsini mümkün edən bir an kimi götürsək və bu anı bir vəhdət (birlik) kimi qəbul etsək, onda biz onu ilahi varliğin fəaliyyətini, bu fəaliyyətin bütün sonrakı vəziyyətlərini əhatə edən, orijinal bir vəziyyəti kimi təsəvvür etməyə bilmərik. Lakin Molla Dəvvani onu da əlavə etmişdir ki, ardıcıllığın mahiyyətini daha dərindən tədqiq etdikdə onun nisbiliyi aşkar olur. Allah qatında zaman ardıcıllığı yox olur. Belə ki, bütün hadisələr Allah üçün bir duyğu aktında aşkarlanır. Sufi şairi İraqi də məsələyə buna bənzər bir nöqteyi-nəzərlə baxır. O, zamanın sonsuz müxtəlifliyini maddiyyat və sırf mənəviyyat arasında yerləşən müxtəlif dərəcələrə müvafiq formada qəbul edir. Misal üçün, planetlərin fırlanmasından yaranan maddi cisimlər zamanı keçmişə, indiyə və gələcəyə bölünə bilir; və onun təbiəti elədir ki, bir gün keçməyənə qədər növbəti gün gəlmir. Maddi olmayan varlıqların zamanı da xarakter baxımından zəncirvaridir. Lakin, bu zamanın keçməsi elədir ki, maddi cisimlərin bir ili maddi olmayan varlıqların bir gününə bərabərdir. Maddi olmayan varlıqlara doğru daha da yüksək dərəcəyə qalxdıqca İlahi zamana çatırıq. Bu elə bir zamandır ki, keçmə xüsusiyyətindən tamamilə azaddır və nəticə etibarilə bu zaman məfhumu bölünmə, ardıcıllıq və dəyişmə qəbul etmir. Bu zaman əbədilikdən daha üstündür. Bölünməyən tək idrak hərəkətində Allahın gözü görülə bilən hər şeyi görür və O-nun qulaqları eşidilə bilən hər şeyi eşidir. Allahın əvvəlinci olması zamanın əvvəlinci olması sayəsində deyil; digər tərəfdən zamanın əvvəlinci olması Allahın əvvəlinci olması sayəsindədir. Beləliklə, ilahi zaman Quranın (3:7, 13:39, 43:4) “ummu-l kitab” (kitabların anası) kimi təsvir etdiyi şeydir. Bu elə bir zamandır ki, onun içində bütün tarix, səbəbiyyət ardıcıllığı torundan azad formada tək bir super-əbədi “indi”də cəmləşib. Müsəlman ilahiyatçıları içində zaman məsələsini ən ciddi şəkildə tədqiq edən Fəxrəddin Razi olmuşdur. Razi, özünün “əl-Məbahis-ul Məşriqiyyə” adlı əsərində yaşadığı dövrdə məlum olan bütün zaman nəzəriyyələrini dərindən tədqiq etmişdir. Lakin onun da tədqiq metodu obyektivdir (məsələyə kənardan yanaşan) və dəqiq, aydın nəticələr əldə etməkdən acizdir. Razi öz əsərində belə deyir: “İndiyə qədər zamanın mahiyyəti ilə bağlı tam dəqiq olan heç nə tapa bilmədim; və bu əsərimin əsas məqsədi heç bir tərəfdarlıq etmədən (bu mənim ümumiyyətlə uzaq qaçdığım şeydir, xüsusilə də zaman məsələsində) bu mövzuya aid hər bir nəzəriyyənin lehinə və əleyhinə deyilə biləcək şeyləri izah etməkdir.”
Yuxarıdakı sətirlərdən tam aydın olur ki, məsələyə sırf obyektiv nöqteyi nəzərdən yanaşmaq zamanın mahiyyətini dərk etməkdə ancaq qismən faydalı ola bilər. Bu məsələdə doğru kurs zamanın əsl mahiyyətini aşkara çıxardan yeganə vasitə olan şüurlu təcrübəmizin ciddi psixoloji təhlilidir. Güman edirəm ki, “Dini təcrübədən doğan kəşflərin fəlsəfi təhlili” adlı konfransda mənliyin iki aspekti olan bəsarətli mənlik və fəal (effektli) mənlik arasında diqqət çəkdiyimiz fərqləndirməni xatırlayırsınız. Bəsarətli mənlik sırf aramsızlıqda, yəni ardıcıllığı olmayan dəyişmə içində yaşayır. Mənliyin həyatı bəsarətdən fəaliyyətə, intuisiyadan intellektə olan hərəkətində tamamlanır, atomik zaman isə bu hərəkətin xaricində doğulur. Beləliklə, şüurlu təcrübəmizin xarakteri, hansı ki, bütün elmdə və bilikdə bizim hərəkət nöqtəmizdir, bizə üzvi bir tam və yaxud əbədiyyət kimi götürülən zaman ilə atomik hesab edilən zamanın, yəni daimilik və dəyişmənin, ziddiyyətlərini bir-biri ilə uyğunlaşdıran məfhumun açarını verir. Şüurlu təcrübəmizin rəhbərliyini qəbul etsək və hər şeyi ehtiva edən “mən”in həyatını “məhdud mən” analogiyasında təsəvvür etsək məlum olar ki, “mütləq mən”in qatında zaman, ardıcıllığı olmayan dəyişmədir, yəni “mən”in yaradıcı hərəkəti səbəbi ilə atomik görünən üzvi bir tamdır. Mir Damad və Molla Baqir deyəndə ki, zaman “mütləq mən”in öz qeyri-müəyyən yaradıcı imkanlarının sonsuz zənginliyini reallaşdırdığı və ölçdüyü yaratma hərəkəti ilə doğulur, məhz bunu nəzərdə tutublar. Nəticə etibarilə, “mən” bir tərəfdən əbədiyyətdə (ardıcıl olmayan dəyişməni nəzərdə tuturam) yaşayır, digər tərəfdən ardıcıl zamanda (burada ardıcıl olmayan dəyişmənin bir meyarı olmaq mənasında əbədiyyətə üzvi surətdə bağlı olmağı nəzərdə tuturam) yaşayır. Qurandakı “Gecə və gündüzün bir-birinin ardınca gedib-gəlməsi də O-nun əmrilədir” ayəsini də ancaq bu mənada başa düşmək mümkündür. Lakin məsələnin bu çətin tərəfi haqqında bundan əvvəlki mühazirəmdə kifayət qədər danışdım. İndi isə Allahın bilik və qüdrəti mövzusuna keçməyin vaxtıdır.
“Bilik” sözü məhdud “mən”ə tətbiq edildikdə həmişə diskursiv bilik mənasında işlədilir. Diskursiv bilik öz-özlüyündə (per se) mövcud olduğu və bilən “mən” ilə qarşı-qarşıya durduğu hesab edilən, həqiqi bir “başqası” ətrafında hərəkət edən müvəqqəti bir prosesdir. Bu mənada biliyi, hətta biz onu mütləq bilik mənasında götürsək də, həmişə qarşısındakı “başqası”na nisbətən (nəzərən) təsəvvür etmək məcburiyyətindəyik. Ona görə də, hər şeyi əhatə edən mütləq varliq məhdud “mən”in perspektivindən qiymətləndirilə bilməz. Yuxarıda da gördüyümüz kimi, kainat Allaha zidd mövqedə öz-özlüyündə (per se) mövcud olan (dayanan) bir “başqa” deyildir. Kainat ancaq o vaxt müstəqil bir “başqa” kimi görünür ki, biz yaratma hərəkətinə Allahın həyat tarixində spesifik bir hadisə kimi baxırıq. Hər şeyi ehtiva edən “Mən”in nöqteyi-nəzərindən “başqa” olan heç bir şey yoxdur. O-nun fikri və işi, bilməsi və yaratması eynidir. Belə bir fikir irəli sürülə bilər ki, həm məhdud, həm də qeyri-məhdud “mən”, “başqa bir mən” olmadan dərk edilə bilməz və əgər “Mütləq Mən”in xaricində heç bir şey yoxdursa onda “Mütləq Mən” də bir “mən” kimi dərk edilə bilməz. Müsbət bir anlayışın formalaşmasında məntiqi nöqsanların əhəmiyyəti yoxdur. Çünki, bu müsbət anlayış təcrübədə təzahür edən həqiqətin xüsusiyyətinə əsaslanmalıdır.
Bizim təcrübəni tənqid etməmiz aşağıdakıları aşkara çıxardır: mütləq həqiqət rasional formada idarə olunan bir həyatdır və həyat təcrübəmiz nöqteyi-nəzərindən ancaq birlikdə sıx birləmiş və mərkəzi bir istinad nöqtəsinə sahib olan üzvi bir tam kimi dərk edilə bilər. Həyatın xarakteri bu olduğu üçün mütləq həyat ancaq bir “mən” kimi təsəvvür oluna bilər. Buna görə də, diskursiv bilik mənasında götürülən bilik, qeyri-məhdud olsa da, bilən və eyni zamanda bilinən obyektin əsasını təşkil edən bir “mən”ə aid edilə bilməz. Təəssüf ki, dil bu mövzudakı fikirlərimizi ifadə etməkdə acizdir. Biz öz obyektinin yaradıcısı da olan bilik növünü ifadə etmək üçün heç bir söz ehtiyatına malik deyilik. Alternativ ilahi bilik (elm) anlayışına görə bu bilik növü əbədi bir “indi”də spesifik bir hadisələr nizamı kimi götürülən bütün tarixdən Allahı birbaşa xəbərdar edən bir tək bölünməz dərk etmə hərəkəti mənasında mütləq bilmədir. Cəlaləddin Dəvvani, İraqi və professor Roys (Royce) Allahın biliyini (elmini) bu cür təsəvvür edirlər. Düzdür, bu konsepsiyada bir doğruluq payı vardır. Lakin, bu konsepsiya qapalı bir kainat, əvvəlcədən müəyyənləşdirilmiş, dəyişməz bir gələcək, üstün bir tale kimi Allahın yaradıcı fəaliyyətinin istiqamətlərini qəti formada müəyyənləşdirən, əvvəlcədən təyin edilmiş və dəyişdirilməsi mümkün olmayan spesifik hadisələr nizamı fikrini irəli sürür. Əslində, passiv mütləq bilik növü kimi götürülən ilahi bilik Eynşteyn fizikasından əvvəl mövcud olan ətalətli boşluqdan başqa bir şey deyil. Yəni, bu cür İlahi bilik şeyləri bir yerdə tutub saxlayaraq onlara bir vəhdət bənzərliyi verən, insan şüurunun ancaq müəyyən hissələrini əks etdirə bildiyi, şeylərin artıq tamamlanmış bir strukturunun təfərrüatlarını əks etdirən passiv bir güzgü kimi qəbul edilir. Halbuki, ilahi bilik öz hesabına mövcud olduğu təəssüratı bağışlayan şeylərin üzvi formada bağlı olduğu canlı yaradıcı bir fəaliyyət kimi başa düşülməlidir. Allahın biliyini bir növ əks etdirici güzgü kimi qəbul etməklə şübhə yoxdur ki, onun gələcək hadisələri qabaqcadan bilmə xüsusiyyətini qoruyuruq; lakin bir şey də aydındır ki, biz bunu onun azadlığını məhdudlaşdırmaq hesabına edirik. Şübhəsiz ki, Allahın yaradıcı həyatının üzvi tamı içinə gələcək əvvəlcədən mövcuddur. Lakin o, müəyyən sabit hadisələr nizamı kimi yox, açıq bir imkan kimi qabaqcadan mövcuddur. Bu mövzu ilə bağlı bir misal vermək yəqin ki, mənim demək istədiyimin başa düşülməsində bizə kömək edəcək. Fərz edək ki, insan təfəkkürü tarixində bəzən olduğu kimi, ağlına tətbiq etmə imkanları böyük olan səmərəli bir fikir gəlib. Sən bu fikri elə həmin anda mürəkkəb bir tam kimi bilirsən; lakin onun bir çox təfərrüatlarını işləyib hazırlamaq üçün vaxt lazımdır. Bu fikrin bütün imkanları intuitiv formada zehnində mövcuddur. Əgər müəyyən bir imkan müəyyən bir zaman anında ağlında yoxdursa və sənə məlum deyilsə, bunun səbəbi sənin biliyinin nöqsanlı olması yox, bunu bilmək üçün hələlik imkanın yaranmamasıdır. Fikir, özünün tətbiq imkanlarını artan təcrübə ilə göstərir və bəzən bu imkanların tətbiqi mütəfəkkirlərin bir nəslinin ömründən çox vaxt aparır. İlahi biliyi passiv bir mütləq bilmə növü kimi qəbul etməklə də bir yaradıcı fikrinə çatmaq mümkün deyildir. Əgər tarix sadəcə olaraq əvvəlcədən müəyyənləşdirilmiş hadisələr nizamının tədricən görünən bir fotosu kimi qəbul olunsa, onda yenilik və təşəbbüs üçün heç bir imkan qalmaz. Nəticə etibarilə biz ancaq öz orijinal hərəkət qabiliyyətimiz səbəbi ilə bizim üçün bir məna kəsb edən “yaratma” sözünə heç bir məna verə bilmərik. Həqiqət bundan ibarətdir ki, hadisələrin qabaqcadan müəyyənləşdirilməsi (qəza-qədər) ilə bağlı ilahiyyat sahəsindəki bütün mübahisələr həqiqi təcrübə hadisəsi olan həyatın spontanlığını nəzərə almayan sırf fərziyyəyə əsaslanmışdır. Şübhəsiz ki, spontan və nəticə etibarilə əvvəlcədən müəyyənləşdirilə bilməyən hərəkət gücü ilə təchiz olunmuş “mən”lərin meydana çıxması bir mənada, hər şeyi əhatə edən “Mən”in azadlığını məhdudlaşdırmadır. Lakin bu, kənardan zorla qəbul etdirilən məhdudlaşdırma deyil. Bu, O-nun öz yaradıcı azadlığından doğmuşdur; bu yaradıcı azadlığı ilə O, məhdud “mən”ləri O-nun həyatını, gücünü və azadlığını bölüşən iştirakçılar olmaları üçün seçmişdir.
Lakin sual verilə bilər ki, mütləq qüdrət sahibi olmaqla məhdudiyyəti uyğunlaşdırmaq mümkündürmü? Məhdudiyyət sözü biz qorxutmamalıdır. Quran mücərrəd universalları xoşlamır. Həmişə diqqətini nisbilik nəzəriyyəsinin müasir fəlsəfəyə ancaq bu yaxınlarda öyrətdiyi konkret şeylərə yönəldir. Həm yaradıcı, həm də digər fəaliyyətlər hamısı bir növ məhdudlaşdırmadır. Bu məhdudlaşdırma olmadan Allahı hərəkətdə olan konkret bir “Mən” kimi dərk etmək qeyri-mümkündür. Mütləq qüdrət, mücərrəd formada gütürüldükdə sadəcə, hüdudları olmayan kor-koranə və kefinə görə hərəkət edən şıltaq bir güc kimi başa düşülür. Halbuki, Quranın aydın və dəqiq təbiət anlayışı var və bu anlayışa görə təbiət bir-biri ilə qarşılıqlı əlaqədə olan güclər nizamı və sistemidir.1 Ona görə də Quran, ilahi qüdrəti ilahi hikmətə çox yaxından bağlı olan bir şey kimi görür və Allahın qeyri-məhdud qüdrətini kontrolsuz və şıltaq olanda yox, periodik, mütəmadi və intizamlı olanda təzahür edən bir şey kimi görür. Eyni zamanda Quran Allahı “bütün səxavəti, xeyirxahlığı və yaxşılığı Öz əlində saxlayan” (3:26,73 və 57:29) bir varlıq kimi təsvir edir. Lakin, ilahi iradəni yaxşı və xeyirxah bir şey kimi götürsək, çox ciddi bir problem yaranır. Müasir elmin göstərdiyi kimi tarixi təkamül yolunda demək olar ki, bütün dünyada iztirab və haqsızlıqlar mövcud olmuşdur. Şübhəsiz ki, haqsızlıq yalnız insana aiddir. Lakin, əzab-əziyyət hadisəsi demək olar ki, ümumbəşəridir. Eyni zamanda o da doğrudur ki, insanlar yaxşı olduğuna inandıqları şeylər xatirinə ən ağır əzablara dözə bilirlər və elə dözüblər də.
Deməli, təbiətin (kainatın) həyatında əxlaqi və fiziki şər olmaqla iki fakt (hadisə) özünü büruzə verir. Şərin nisbiliyi və şəri dəyişdirməyə yönələn güclərin varlığı bizim üçün təskinlik mənbəyi ola bilməz; çünki bütün bu nisbiliyə və dəyişdirilməyə baxmayaraq, şər bütün dəhşəti ilə meydandadır. Bəs belə olan halda Allahın xeyirxahlığı və qüdrəti ilə O-nun kainatında mövcud olan böyük şəri necə uyğunlaşdırmaq olar? Bu ağrılı problem həqiqətən də teizmin məğzini təşkil edir. Müasir müəlliflərdən heç birisi bu məsələni Naumanın “Din haqqında məktub” (Briefe ü ber Religion) əsərində olduğundan daha dəqiqliklə ifadə etməmişdir. Nauman mövzu ilə bağlı belə deyir:
“Biz dünya haqqında elə bir biliyə malikik ki, bu bilik bizə həyatı və ölümü kölgə və işıq kimi eyni anda göndərən güclü və qüdrətli bir Allahın mövcud olduğunu öyrədir. Eyni zamanda əlimizdə həmin Allahı ata elan edən əbədi qurtuluşla bağlı olan bir vəhy mövcuddur. Dünya Allahının yoluyla getmək yaşamaq üçün mübarizə əxlaqını yaradır. İsa peyğəmbərin atasina xidmət etmək isə mərhəmət əxlaqını yaradır. Lakin onlar iki ayrı Allah deyil, bir Allahdır. Hansısa formada onların qolları bir-birinə sarılıb. Lakin heç bir fani varlıq bunun harada və necə baş verdiyini deyə bilməz.”2
Optimist şair Brovninqə (Browning) görə dünyada hər şey yaxşıdır. Pessimist ruhlu Şopenhauerə (Schopenhauer) görə isə, dünya qaranlıq bir iradənin, mövcud olduqları üçün bir anlıq göz yaşı tökən və sonra həmişəlik yoxa çıxan, sonsuz sayda canlı varlıqlarda özünü ifadə etdiyi bir daimi qışdır. Bizim kainat haqqındakı indiki bilik səviyyəmiz nəzərə alındıqda, optimizmlə pessimizm arasında yaranan bu fərqlilikdən hansısa dəqiq bir nəticəyə varmaq mümkün deyil. Bizim intellekt strukturumuz elədir ki, biz əşyaların ancaq hissə-hissə və tədricən qavrama qabiliyyətindədir. Həyatı viran qoyan, eyni zamanda davam etdirən və gücləndirən böyük kosmik güclərin tam mənasını biz başa düşə bilmərik. İnsan davranışlarında inkişafın mümkünlüyünə və onun təbiət gücləri üzərindəki nəzarətinə inanan Quran təlimi nə optimizm, nə də pessimizmdir. Quran təlimi təkmilləşmə (meliorizm) təlimidir. Bu təlimdə kainat böyüməkdə olan və insanın şər üzərində son qələbəsi ümidi ilə canlanan bir şey kimi qəbul olunur.
Lakin buradakı problemin daha yaxşı başa düşülməsi üçün ip ucu Adəmin yer üzünə endirilməsi ilə bağlı dini rəvayətdə verilib. Bu rəvayətdə Quran keçmiş simvolları qismən qoruyub saxlamış, lakin rəvayətə məzmun baxımından tamamilə yeni bir məna qazandırılmışdır. Yeni fikirlərlə canlandırmaq və beləliklə də onları zamanın inkişaf edən ruhuna uyğunlaşdırmaq üçün Quranın keçmiş dini rəvayətləri tamamilə və yaxud qismən dəyişib başqa şəkilə salmaq metodu həm müsəlman olan, həm də müsəlman olmayan tədqiqatçıların demək olar ki, həmişə nəzərindən qaçan mühüm bir məqamdır. Quranda bu rəvayətlərə yer verilməsinin məqsədi çox nadir hallarda tarixidir; Quran əksər hallarda onlara ümumbəşəri bir əxlaq və yaxud fəlsəfi bir məna dəyəri vermək məqsədini daşıyır. Quran spesifik tarixi bir hadisə rəngi verməklə dini rəvayətin mənasını məhdudlaşdıra bilən yer və şəxs adlarına rəvayətdə yer verməməklə və fərqli hiss nizamına aid olan təfərrüatları çıxararaq bu məqsədinə çatır. Rəvayətlərə bu cür yanaşmaq qeyri-adi bir metod deyil. Bu, dini-olmayan ədəbiyyatda ümumi bir haldır. Buna misal “Faust” hekayəsidir. Götenin (Goethe) dahi zəkası bu rəvayətə tamamilə yeni bir məna vermişdir.
Adəmin yer üzünə endirilməsi rəvayətinə qayıtsaq, qədim dünya ədəbiyyatında bu rəvayətin müxtəlif variantlarını görmək mümkündür. Həqiqətən də, bu rəvayətin formalaşma mərhələlərini bir-birindən ayırmaq və onun dəyişmə mərhələlərində rol oynamış və insan məhsulu olan müxtəlif motivləri aydın formada müəyyənləşdirmək mümkün deyil. Lakin bu rəvayətin Sami variantına baxsaq görərik ki, böyük ehtimalla bu rəvayət ibtidai insanın xəstəlik və ölümlə dolu olan və hər tərəfdə onun varlığını davam etdirmə cəhdlərində ona mane olan və ruhən ona yaxın olmayan bir mühitdə öz acınacaqlı vəziyyətinin sonsuz əzab-əziyyətini özü-özünə izah etmək arzusundan yaranıb. Təbiət gücləri üzərində nəzarəti olmadığından təbii olaraq pessimist həyat anlayışını mənimsədi. Beləliklə, qədim bir Babil kitabəsində ilan (kişilik simvolu), ağac və kişiyə bir alma (bakirəlik simvolu) təklif edən qadın rəsminə rast gəlirik. Bu rəvayətin mənası aydındır: Adəmin xoşbəxt bir həyatdan bu dünyaya göndərilməsinin səbəbi insan cütlüyünün ilk cinsi əlaqəsi olmuşdur. Bu rəvayətin Qurandakı variantını Tövratdakı eyni rəvayət ilə müqayisə etsək, Quranın bu rəvayətə yanaşma tərzi aydın olar. Rəvayətin Quran və Tövrat variantları arasındakı fərqliliklərin nəzərə çarpan məqamları rəvayətin Quran variantının məqsədini aydın formada göstərir.
1. Quran rəvayətin ilan və qabırğa ilə bağlı olan hissəsinin üstündən tamamilə keçir. İlan ilə bağlı olan hissənin daxil edilməməsinin məqsədi hekayəni cinsi güc (kişilik) çərçivəsindən və pessimist həyat anlayışından azad etməkdir. Qabırğa ilə bağlı hissənin rəvayətə daxil edilməməsinin məqsədi isə bu hadisənin Quranda rəvayət edilməsinin məqsədi Əhdi-Ətiqdə olduğu kimi, tarixi nağıl etmək deyil. Əhdi-Ətiqdəki bu hekayə yəhudi qövmü tarixinə bir giriş kimi ilk insan cütlüyünün kökü haqqında bir məlumat verir. Həqiqətən də, insanın yaşayan bir varlıq kimi mənşəyindən bəhs edən ayələrdə Quran “bəşər” və yaxud “insan” sözlərindən istifadə edir. Adəm sözünü isə, insana Allahın yer üzündəki xəlifəsi qabiliyyətini aid etmək üçün qoruyub saxlayır. Quranın məqsədi Bibliya hekayələrindəki xüsusi isimlərin, yəni Adəm və Həvvanın adlarının üstündən keçməklə təmin olunur. Adəm sözü konkret bir insan fərdinin adı kimi olmaqdan çox bir məfhum kimi işlədilir. Bu sözün bu cür istifadə edilməsi Quranda da təsdiqlənmişdir. Aşağıdakı ayədə bunu açıq şəkildə görürük:
“Sizi yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” – dedik (7:11).
2. Quran bu rəvayəti iki ayrı hissəyə bölür. Birincisi sadəcə “ağac”, digəri isə “əbədiyyət ağacı” və “köhnəlib xarab olmayan mülk” dediyi şeylə bağlıdır. Birinci mövzuya Quranın 7-ci, ikinci mövzuya isə 20-ci surəsinin 120-ci ayəsində toxunulur. Qurana əsasən, Adəm və onun zövcəsi, funksiyası insanların ağlında şübhə yaratmaq olan şeytan tərəfindən düz yoldan azdırılaraq hər iki ağacın meyvəsinin dadına baxdılar. Lakin Əhdi Ətiqə görə, adəm ilk itaətsizlik hərəkətindən dərhal sonra Ədən Bağından qovuldu və Allah bağın şərq hissəsində həyat ağacına gedən yolu qorumaq üçün mələkləri və bütün tərəflərə fırlanan alovlu qılıncı yerləşdirdi.
3. Əhdi-Ətiq Adəmin itaətsizlik hərəkətinə görə yer kürəsini lənətləyir. Quran isə bildirir ki, yer kürəsi insanın “məskən”i və “gəlir mənbəyi”dir və insan buna görə Allaha şükr etməli və minnətdar olmalıdır. “Sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanacaq vasitələri yaratdıq. Siz isə olduqca az şükür edənlərsiniz” (7:10).
Bu rəvayətdə istifadə olunan cənnət (bağça) sözünün oradan insanın bu dünyaya atıldığı güman olunan fövqəlhiss (supersensual) cənnət mənasında işlədildiyini hesab etmək üçün heç bir səbəb yoxdur. Qurana görə, insan bu dünyaya yad deyil. Quranda bu barədə belə deyilir: “Və Allah sizi yerdən bir bitki kimi göyərtdi.” (71:17). Bu rəvayətdə haqqında danışılan cənnət möminlərin əbədi məskəni ola bilməz. Quranda möminlərin əbədi məskəni mənasında cənnət “möminlərin bir-birinə qədəh ötürəcəkləri, və onda nə lağlağılığın, nə də günaha təhrikin olduğu” (52:23) bir yer kimi təsvir olunur. Bundan başqa cənnət “möminlərə orada heç bir yorğunluğun üz verməyəcəyi və onların oradan çıxmayacağı” (15:48) bir yer olduğu bildirilir. Bu rəvayətdə haqqında danışılan cənnətdə isə baş verən ilk hadisə adəmin itaətsizlik günahı və arxasınca da onun qovulmasıdır. Həqiqətən Quran özü bu rəvayətdə istifadə etdiyi sözün mənasını özü izah edir. Rəvayətin ikinci hissəsində bağça “nə aclığın, nə susuzluğun, nə istiliyin, nə də çılpaqlığın olduğu” (20:118-119) bir yer kimi təsvir olunur. Ona görə də mən belə fikirləşirəm ki, Quranda haqqında danışılan cənnət insanın əməli cəhətdən öz mühitinə bağlı olmadığı və nəticə etibarilə mədəniyyətin başlanğıcı üçün vacib olan bəşəri ehtiyacların əziyyətini çəkmədiyi ibtidai bir vəziyyət məfhumudur.
Beləliklə görürük ki, Adəmlə bağlı Qurandakı rəvayətin insanın yer üzündə ilk dəfə peyda olması ilə heç bir əlaqəsi yoxdur. Bu rəvayətin məqsədi insanın instinqtiv həvəsinin (iştahının) ibtidai vəziyyətindən, şübhə və itaətsizlik qabiliyyətində olan azad bir mənliyə şüurlu sahib olma vəziyyətinə yüksəlməsini göstərməkdir. Yer üzünə endirilmə rəvayəti hansısa əxlaqi pozulmanı ifadə etmir; bu rəvayətdə ifadə edilməyə çalışılan şey, insanın sadə şüur formasından, özünüdərkin ilk qığılcımına keçməsi, yəni bir növ insanın öz varlığındakı şəxsi səbəblilik prinsipinin titrəyişi ilə fitrət yuxusundan oyanmasıdır. Eyni zamanda, Quran yer kürəsini mayası xarab bir bəşəriyyətin bir ilk günah hərəkətinə görə həbs edildiyi işgəncə otağı kimi götürmür. İnsanın ilk itaətsizlik hərəkəti eyni zamanda onun ilk azad seçim hərəkəti idi; və elə buna görə də, Qurandakı bu rəvayətə görə, Adəmin ilk günahı bağışlanılıb. (2:35-37 və 20:120-122). Deməli yaxşı əməl məcburi deyildir; yaxşı əməl mənliyin əxlaqi ideala könüllü təslim olmasıdır və bu da azad “mən”lərin könüllü bir əməkdaşlığı ilə baş verir. Hərəkətləri bir maşın kimi tamamilə əvvəlcədən müəyyənləşdirilən bir varlıqdan yaxşılıq və xeyirxalıq törəməz. Bu mənada azadlıq yaxşılığın və yaxşı əməlin ilkin şərtidir. Lakin seçmə gücü olan məhdud bir “mən”in, ona açıq olan müxtəlif hərəkət yollarının nisbi dəyərlərini nəzərə aldıqdan sonra meydana çıxmasına icazə vermək həqiqətən çox risklidir. Çünki yaxşını seçmək azadlığı eyni zamanda yaxşıya əks olanı seçmək azadlığını da ehtiva edir. Allahın belə bir riskə getməsi Onun insana böyük etimadını göstərir. Bu etimadı doğrultmaq isə indi insanın üzərinə düşən vəzifədir. Bəlkə də, Quranın ifadəsi ilə “ən gözəl biçimdə” yaradılıb, sonra isə “rəzillərin rəzili səviyyəsinə salınan” (95:4-5) bir varlığın potensialını yoxlamağı və inkişaf etdirməyi mümkün edən yeganə şey belə bir risk etməkdir. Quranda deyildiyi kimi: “Yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə imtahana çəkəcəyik” (21:35). Ona görə də, xeyir və şər bir-birinin ziddi olsalar da eyni tamın (bütünün) içindədir. Əslində təcrid edilmiş bir həqiqət yoxdur. Çünki həqiqətlər elementləri qarşılıqlı münasibətlərlə başa düşülən sistematik tamlardır. Məntiqi mühakimə bir həqiqətin elementlərini ancaq bu elementlərin bir-birinə bağlılığını aşkar etmək üçün ayırır.
Bundan başqa, mənliyin özünü mənlik kimi davam etdirməsi onun təbiətindən irəli gəlir. Bu məqsədlə mənlik bilik əldə etmək, nəslini artırmaq və güc, yaxud da Quranın ifadəsi ilə “heç vaxt haram olmayan mülk” üçün çalışır. Adəmin yer üzünə göndərilməsi ilə bağlı Qurandakı rəvayətin birinci hissəsi insanın bilik əldə etmək, ikinci hissəsi isə nəslini artırmaq və güc əldə etmək arzusu ilə bağlıdır. Birinci hissə ilə bağlı iki şeyi vurğulamaq vacibdir. Birincisi odur ki, bu hissə Adəmin əşyaların adını xatırlamaq və təkrar etmək baxımından mələklərdən üstün olması haqqında danışan ayələrdən dərhal sonra gəlir. (2:31-34). Bu ayələrin məqsədi, yuxarıda da göstərdiyim kimi, insan biliyinin konseptual (mücərrədlik) xarakterini göstərməkdir. Bu rəvayətin birinci hissəsi ilə bağlı ikinci mühüm məqama gəlincə, qədim somvolizm elminin məşhur alimlərindən Madam Blavatski (Madame Blavatsky) özünün “Gizli Təlim” (Secret Doctrine) adlı kitabında bildirir ki, qədim dövrün insanlarına görə ağac məxfi elmin üçün gizli bir simvolu olmuşdur. Adəmin mənliyi fani olduğu, hissetmə qabiliyyəti və intellektual qabiliyyəti tamamilə fərqli bilik növünə görə kökləndiyi üçün bu ağacın meyvəsinin dadına baxmaq ona qadağan olunmuşdu. Onun kökləndiyi, böyük səbr tələb edən bir müşahidəni zəruri edən və ancaq çox yavaş toplanma (akkumulyasiya) qəbul edən bir bilik növü idi. Lakin, şeytan gizli elmin qadağan olunmuş meyvəsindən yeməsi üçün Adəmi dilə tutdu və Adəm də əxlaqi cəhətdən nöqsanlı olduğuna görə yox, təbiəti etibarilə “tələskən” (17:11) olduğuna və biliyə (elmə) qısa yoldan çatmaq istədiyinə görə şeytana təslim oldu. İnsanda özünü göstərən bu tendensiyanı düzəltməyin yeganə yolu insanı, onun üçün əziyyətli olsa da, intellektual qabiliyyətlərini ortaya çıxaran ən uyğun bir mühitə yerləşdirilməsi idi. Deməli, Adəmin əziyyətli bir fiziki mühitə yerləşdirilməsi ona cəza vermək məqsədi daşımırdı; məqsəd, insanı daimi inkişaf və böyümə həzzindən hiyləgərliklə uzaqlaşdıraraq cahil saxlamağa çalışan və insanın düşməni olan şeytanın niyyətini boşa çıxartmaq və dəf etmək idi. Lakin maneələrlə dolu olan bir mühitdəki məhdud bir “mən”in həyatı həqiqi təcrübəyə əsaslanan biliyin (elmin) daima genişlənməsindən asılıdır. Qarşısında müxtəlif imkanların açıq olduğu məhdud “mən”in təcrübəsi isə ancaq sınama və yanılma metodu ilə genişlənir. Ona görə də, bir növ intellektual şər kimi təsvir oluna bilən səhv (yanılma) təcrübənin qurulmasında və inkişafında zəruri bir amildir.
Quranda haqqında danışdığımız rəvayətin ikinci hissəsi aşağıdakı kimidir:
“Şeytan ona (Adəmə) vəsvəsə edib (pıçıldayıb) belə dedi: “Ey Adəm! Sənə əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq (fənaya uğramayacaq) bir mülkü göstərimmi?” (Adəm və Həvva) ondan (həmin ağacın meyvəsindən) yedilər və dərhal hər ikisinin ayıb yerləri göründü. Onlar (lüt bədənlərinə) cənnət ağaclarının yarpaqlarından yapışdırmağa başladılar. Beləliklə, Adəm Rəbbinin əmrindən çıxdı, amma mətləbinə yetmədi. Sonra Rəbbi (tövbə etdirməklə) onu seçdi (Özünə yaxınlaşdırdı), tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi.” (20:12-122).
Burdakı əsas fikir həyatın daimi hökmranlığa və konkret bir fərd kimi sonsuz bir yola olan qarşısıalınmaz arzusunu ifadə etməkdir. Beləliklə, gəldi-gedər bir varlıq olan və yolunun hər an ölümlə sona çatacağından qorxan insan üçün yeganə çıxış yolu nəsil artırma yolu ilə bir növ kollektiv ölümsüzlüyə nail olmaqdır. Əbədiyyət ağacının qadağan olunmuş meyvəsindən yemək həyatın cinsi fərqliliyə müraciət etməsidir (sığınmasıdır). Çünki ancaq bu cinsi fərqlilik əsasında reallaşan nəsil artırma yolu ilə insan nəslinin tamamilə kökünün kəsilməsinin qarşısını almaq mümkündür. Sanki həyat ölümə deyir ki, “Əgər sən canlıların bir nəslini məhv eləsən mən başqasını yaradaram”. Quran qədim sənətin fallik (kişi cinsiliyi) simvolizmini rədd edir. Lakin, ilk cinsi hərəkəti Adəmin bədəninin çılpaq yerlərini örtmək üçün keçirdiyi təşvişdə təzahür edən utanmaq hissinin yaranması ilə ifadə edir. Yaşamaq müəyyən bir formaya, konkret bir fərdiyyətə malik olmaqdır. Mütləq Mən öz varlığının sonsuz zənginliklərini məhz canlı formaların saysız-hesabsız müxtəlifliyində meydana çıxan konkret fərdiyyətdə təzahür etdirir. Lakin hər biri öz imkanlarının yaranmasını gözləyən və öz hökmranlığıni üçün fürsət axtaran fərdiyyətlərin meydana çıxması və çoxalması qaçılmaz olaraq əsrlərlə davam edən dəhşətli mübarizəyə səbəb olur. Quranda “bir-birinizə düşmən kəsilərək enin” (2:36),- deyə buyurulmuşdur. Bir-birinə zidd fərdiyyətlərin bu qarşılıqlı konflikti müvəqqəti həyat yolunu həm işıqlandıran, həm də qaraldan (tutqunlaşdıran) ümumbəşəri bir iztirabdır. Fərdiyyəti şəxsiyyətə doğru dərinləşən, eyni zamanda xəta imkanları aşkara çıxan insanda həyat tragediyası hissi daha güclü olur. Lakin mənliyi bir həyat forması kimi qəbul etmək mənliyin məhdudluğundan irəli gələn bütün natamamlıqların qəbul edilməsini də ehtiva edir. Quran insanı göylərin, yerin və dağların daşımaqdan imtina etdikləri şəxsiyyət əmanətini özünü təhlükəyə ataraq qəbul etmiş bir varlıq kimi göstərir:
“Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu yüklənməkdən qorxub çəkindilər. Onu insan yükləndi. Həqiqətən, insan çox zalım, çox cahildir” (33:72).
Elə isə, bütün bəlaları ilə birlikdə şəxsiyyət məsuliyyətinə “xeyr” və ya “bəli” deyə biləcəyikmi? Qurana görə həqiqi insanlıq “bəla və məhrumiyyətlərə səbr etməklə (Quran, 2:177, 3:200)” əlaqəlidir. Bununla belə şəxsiyyətin hazırki mərhələsində biz dərdin böyük gücünün gətirdiyi nizam-intizamın tam mənasını başa düşə bilmirik. Bəlkə də bu şəxsiyyəti mümkün tənəzzülə qarşı gücləndirir. Lakin yuxarıdakı sualı soruşmaqla biz saf düşüncənin hüdudlarını aşırıq. Xeyrxahlığın mümkün qələbəsi içində əqidənin dini təlim kimi üzə çıxdığı məqam məhz budur. “Allah Öz əmrində qalibdir, lakin insanların əksəriyyəti bunu bilməz! (Quran, 12:21)
İslamın Allah məfhumunun fəlsəfi baxımdan isbatının (justify-haqlı çıxardılmasının) necə mümkün olduğunu sizə izah etmişəm. Lakin bundan əvvəl dediyim kimi dini istək (ambition) fəlsəfi istəkdən daha yüksəkdə uçur (soars). Din yalnızca məfhumlarla kifayətlənmir; o, arxasınca getdiyi şeylə bağlı daha dərin bir bilik əldə etməyə çalışır. Bu yaxınlığın əldə olunmasındakı vasitəçi, ruhi aydınlanmada qurtaran ibadət və dua hərəkətidir (act). Bununla belə ibadət hərəkəti şüurun müxtəlif növlərinə müxtəlif şəkildə təsir edir. Bu, peyğəmbərlik şüurunda əsas etibarı ilə yaradıcıdır, yəni belə demək mümkündürsə bu, peyğəmbərin öz vəhylərini praqmatik sınaqdan keçirə bildiyi yeni bir əxlaqi dünyanın yaradılmasına yönəlir. Mən bu məqamı daha sonra islam mədəniyyətinin daşıdığı məna (İslam Mədəniyyətinin Ruhu və Canlılığı) haqqındakı mühazirəmdə aydınlaşdıracağam. Mistik şüurda isə bu, əsas etibarı ilə koqnitivdir (idrakla əlaqəlidir). Bu koqnitiv nöqteyi-nəzərdən çıxış edərək mən duanın mənasını aşkar etməyə çalışacağam. Bu nöqteyi-nəzəri duanın başlıca motivini nəzərə alaraq tam şəkildə izah etmək mümkündür. Diqqətinizi böyük Amerikan psixiloqu professor Vilyam Ceymsin (William James) aşağıdakı sözlərinə yönəltmək istərdim:
“Elm” nə qədər əksini iddia etsə də belə görünür ki, insanlar onların zehni strukturu (nature-təbiət) bizim bilmədiyimiz bir tərzdə dəyişməyənə qədər dua edəcəklər. Dua etmək istəyi belə bir faktın zəruri nəticəsidir ki, insanın emprik mənliklərindən ən dərini ictimai mənlik olduğundan, bu mənlik ideal aləmdə özünə ən uyğun dostu və yoldaşı tapa bilir. İnsanların əksəriyyəti ya həmişə və yaxud da bəzən bunu öz sinələrində bir zəmanət kimi daşıyırlar. Bu dünyada tərk olunmuş ən itaətkar insan belə bu yüksək tanıma sayəsində özünü həqiqi və etibarlı (bir varlıq kimi) hiss edə bilər. Digər tərəfdən zahiri ictimai mənlik (self-öz) iflasa uğrayanda və bizdən uzaqlaşanda belə daxili sığınacaqdan məhrum olan bir dünya bizim əksəriyyətimiz üçün qorxu uçurumu halına gələr. Mən “bizim əksəriyyətimiz üçün” deyirəm, çünki insanlar bu ideal bir müşahidəçi hissinin təsirinə məruz qalmada dərəcə baxımından bir-birlərindən fərqlənirlər. Bu, başqalarına nisbətlə bəzi insanların şüurunun daha önəmli bir hissəsini təşkil edir. Ola bilsin ki, buna ən çox malik olanlar ən dindar insanlardır. Lakin mən əminəm ki, hətta ona malik olduqlarını tamamilə inkar edənlər belə özlərini aldadırlar və həqiqətən müəyyən dərəcədə ona malikdirlər.”1
Gördüyünüz kimi psixoloji baxımdan yanaşsaq dua mənşəyi etibarı ilə instinktivdir. Bilik əldə etmə məqsədi daşıyan dua hərəkəti (act) təfəkkürə bənzəyir. Lakin dua özünün ən yüksək mərtəbəsində mücərrəd düşüncəni aşır. O (dua) da təfəkkür kimi qavrama (assimilation) prosesidir, lakin dua əsnasındakı qavrama prosesi özünü sıx şəkildə bir yerdə cəm edir və bunun vasitəsilə sırf düşüncə üçün naməlum olan bir qüvvə əldə edir. Zehin düşüncə prosesində həqiqətin hərəkətini müşahidə edir və izləyir; dua hərəkətində isə o, asta hərəkət edən universallığın axtarıcısı olma peşəsindən imtina edir və həyatının şüurlu iştirakçısına çevrilmək məqsədilə həqiqətin əldə edilməsində düşüncədən daha yüksəyə qalxır. Burada mistik xarakterli heç nə yoxdur. Ruhi bir aydınlanma kimi dua normal bir həyati hərəkətdir. Şəxsiyyətimizin kiçik adası onunla qəflətən daha böyük bir həyat bütünündəki vəziyyətini kəşf edir. Elə düşünməyin ki mən özünə təlqin (auto-suggestion) haqda danışıram. Özünə təlqinin insan məninin dərinliklərində yatan həyat mənbələrinin aşkara çıxarılmasında heç bir rolu yoxdur. O, insan şəxsiyyətini formalaşdırmaqla yeni enerji gətirən ruhi aydınlanmadan fərqli olaraq heç bir daimi həyat təsiri qoyub getməz. Mən burada bəzi sirli və xüsusi bilik əldə etmə yollarından da bəhs etmirəm. Bütün məramım diqqətinizi arxasında bir tarix və önündə bir gələcək olan həqiqi bir insan təcrübəsinə cəlb etməkdir. Şübhəsiz ki, mistisizm bu təcrübələri xüsusi bir şəkildə araşdırmaqla mənliyin yeni sahələrini aşkar edir. Onun (mistisizmin) ədəbiyyatı aydınlaşdırıcıdır (illuminating); lakin onun vaxtı keşmiş bir metafizikanın düşüncə formaları ilə formalaşdırılmış, çürümüş üslubu modern zehnə daha çox həyatilikdən uzaq (deadening) bir şəkildə təsir edir. İstər xristian, istərsə də müsəlman olsun neo-Platonic mistisizmdə aşkara çıxdığı şəkli ilə adsız bir “heç”-in axtarışı konkret bir düşünmə vərdişi ilə konkret-həyati bir Allah təcrübəsi tələb edən modern zehni qane edə bilməz. Bəşərin soy tarixi onu göstərir ki, ibadət hərəkətində (act) təcəssüm olunan zehni vəziyyət belə bir təcrübə üçün şərtdir. Həqiqətən dua təbiəti müşahidə edənin intellektual fəaliyyətin zəruri bir tamamlayıcısı kimi sayılmalıdır. Təbiətin elmi şəkildə müşahidəsi bizi həqiqətin davranışları ilə sıx təmasda saxlayır və beləcə ona daha dərindən nüfuz etmək üçün bizim daxili qavrayışımızı kəskinləşdirir. Mən burada sufi şair Mövlana Cəlaləddin Ruminin həqiqətin mistik axtarışını təsvir etdiyi gözəl bir (şer) parçasından sitat gətirməyə bilmərəm:
Sufi dəftəri mürəkkəb və hərflərdən ibarət deyil
Yalnız qar kimi bəyaz bir qəlbdəndir, başqa şey deyil.
Alim əsəridir qələm izləri
Bəs sufi əsəri nədir? Ayaq izləri.
O bir ovçu kimi ovuna gizli yaxınlaşar
Ahunun izlərini görərək onun izinə düşər.
Bir müddət ahunun izi bir dəlildir ona
Sonralar isə ahunun müşkü bələdçidir ona.
Bir mənzil getmək müşk qoxusu ilə
Xeyrlidir getməkdən yüz mənzil izin arxası ilə.
Həqiqət budur ki, bütün bilik axtarışları bir ibadət formasıdır. Təbiəti elmi şəkildə müşahidə edən şəxs sanki ibadət hərəkətindəki mistik arayıcıdır. O, hal-hazırda ahunun ayaq izlərinin ardınca getsə və beləcə öz axtarış metodlarını təvazökarcasına məhdudlaşdırsa da, onun bilik susuzluğu şübhəsiz ki, nəticədə onu elə bir məqama aparacaq ki, orada ahunun qoxusu onun ayaq izlərindən daha yaxşı bir bələdçidir. Yalnızca bu belə onun Təbiət üzərindəki gücünü artıracaq və ona fəlsəfənin axtarıb tapa bilmədiyi külli sonsuzluq (total-infinite) baxışını (nöqteyi-nəzərini) verəcək. Gücdən məhrum olan bir baxış əxlaqi yüksəliş gətirsə də uzunmüddətli bir mədəniyyətin (ortaya çıxış) səbəbi ola bilməz. Gücdən məhrum olan baxış da dağıdıcı və amansız olar. İnsanlığın ruhi inkişafı (expansion-genişlənmə) üçün bunların ikisi birləşdirilməlidir.
Bununla belə ibadətin həqiqi məqsədi ibadət hərəkəti birlikdə (camaat halında) icra olunduğunda gerçəkləşər. Bütün həqiqi ibadətlərin ruhu ictimai xarakterlidir. Hətta tərki-dünya (guşənişin) bir insan belə tənha bir yerdə Tanrı ilə yoldaş olmaq (fellowship of God) ümidi ilə insan cəmiyyətini tərk edir. Camaat (congregation) elə bir insan cəmiyyətidir ki, eyni istək tərəfindən canlandırılmaqla yeganə bir məqsəddə birləşirlər və öz batinlərini vahid bir coşğunluğun (impulse) işləyişinə açarlar. Bu psixoloji bir həqiqətdir ki, cəmiyyət öz fərdiliyinin tənhalığında onun üçün naməlum olan bir dərəcədə insanın normal qavrayış gücünü artırır, onun həyəcanını dərinləşdir və iradəsini gücləndirir. Həqiqətən də, psixoloji bir fenomen kimi qəbul olunduğunda dua hələ də bir sirr olara qalır; çünki, psixologiya insanların cəmiyyət halında həssaslığının artma səbəbilə əlaqəli qanunları hələ də kəşf etməyib. İslamla birlikdə ruhi aydınlanmanın birlikdə (camaat halındakı) ibadət yoluyla ictimailəşdirilməsi maraq doğuran xüsusi bir məqamdır. Gündəlik kollektiv ibadətdən (həcc əsnasında) Məkkədəki mərkəzi məscidin (Kəbənin) ətrafındakı illik mərasimə keçdiyimizdə islamın dua institutunun tədrici olaraq insan cəmiyyətinin sahəsini necə genişləndirdiyinin şahidi oluruq.
Buna görə, istər fərdi istərsə də kollektiv şəkildə olsun dua insanın kainatın dəhşətli sakitliyi haqqında cavab əldə etmək üçün keçirdiyi daxili istəyin bir ifadəsidir. Bu elə unikal kəşf prosesidir ki, axtarışda olan mən, mənliyini inkar etdiyi anda özünü sübut edər və beləcə kainatın həyatında dinamik bir faktor kimi öz dəyərini və haqlılığını (justification) kəşf edər. Duadakı zehni davranışlar psixologiyasına uyğun olaraq islamdaki ibadət şəkli həm təsdiqi həm də inkarı təcəssüm etdirir. Lakin insanlığın təcrübəsindən ortaya çıxan həqiqət baxımından dua daxili bir fəaliyyət kimi öz ifadəsini müxtəlif formalarda tapır. Quran belə deyir:
Biz hər ümmət üçün bir şəriət müəyyən etdik ki, ona əməl edərlər. Elə isə bu işdə mübahisə etməsinlər. Sən onları öz Rəbbinə də’vət et. Şübhəsiz ki, sən doğru yoldasan Əgər səninlə mübahisə etsələr, (onlara) belə cavab ver: "Allah sizin nə etdiyinizi daha yaxşı bilir! İxtilafda olduğunuz məsələlər barəsində Allah qiyamət günü aranızda öz hökmünü verəcəkdir!" (Quran, 22/67-69).
İbadət şəkli bir mübahisə məsələsi halına gəlməməlidir. Şübhəsiz ki, ibadətin ruhu baxımından üzünüzü hansı tərəfə çevirməyinizin əhəmiyyəti yoxdur. Quranın bu mövzudakı mövqeyi tamamilə açıqdır:
Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz Allah oradadır. (Quran, 2/115)
Yaxşı əməl heç də üzünü günçıxan və günbatan tərəfə çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda malını qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yolçulara, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə və cihad zamanı səbr edənlərdir. Onlar doğru olanlardır. Allahdan çəkinənlər də onlardır! (Quran, 2/177)
Lakin biz (ibadət əsnasındakı) bədən vəziyyətinin zehni durumun müəyyənləşdirliməsində həqiqi bir faktor olduğuna dair zəruri məqama məhəl qoymaya bilmərik. İslami ibadətdə xüsusi bir istiqamətin seçilməsi camaatdakı (congregation-cəm halında olma) hiss birliyinin möhkəmləndirilməsi mənasına gəlir və onun forması ibadət edənlər içərisində rütbə və irq üstünlüyü hissini məhv etməyə yönəlməsi baxımından ümumən sosial bərabərlik hissini yaradır və bəsləyir. Cənubi Hindistanın məğrur aristokratik Brahmanı toxunulmaz bir insanla (toxunulmazlar kastasına mənsub bir insanla) hər gün çiyin-çiyinə durdurulsaydı faktiki olaraq son dərəcə qısa bir zamanda nə qədər böyük bir ruhi inqilab baş verərdi. Bütünlüklə bəşəriyyətin əsl vəhdəti bütün mənləri yaradan və saxlayan Mənin hər şeyi ehtiva edən birliyindən irəli gəlir.1 Qurana görə insanların irqlərə, millətlərə və qəbilələrə bölünməsi yalnızca tanıma məqsədilədir.2 Nəticə etibarı ilə İslamın birlikdə (camaat halında) ibadət şəkli, idrak baxımından dəyərli olmaqla yanaşı insanla insan arasında duran maneələri dağıdaraq insanlığın bu əsas vəhdətini bir həyat faktı kimi reallaşdırma cəhdini ifadə edir.
İngilis dilindən tərcümə edən
ilah. e. n. Bəhram Həsənov
С о д е р ж а н и е
ОТ РЕДАКЦИОННОГО СОВЕТА
Рамиз МЕХТИЕВ – Вместо предисловия: Интегративные тендеции в образе
мышлений народов в современную эпоху 5
ИБН ХАЛДУН – 675
Ибн Халдун – как материалист, К.Маркс – как идеалист (С.Халилов) 10
Ибн ХАЛДУН – О проживании людей в виде общин 23
– Виды человеческих душ 27
Михаил нуайме – 120
Михаил Нуайме между Востоком и Западом (С.Халилов) 32
Михаил НУАЙМЕ – Последний день (I и II части) 37
– Книга Мирдадa 48
Актуальные проблемы современной философии
Рамиз МЕХТИЕВ – Глобальная интеграция и вопрос о преосмыслении
философской мысли в Азербайджане 61
политические науки
Dostları ilə paylaş: |